Həmsədrlərin ermənipərəst mövqeyi Azərbaycanda hiddətlə qarşılanır
10:43 26-01-2016
CƏMİYYƏT
Uorlik, Popov və Andryu üçlüyü özlərini necə ifşa etdi?
ATƏT-in Minsk qrupunun həmsədrləri amerikalı Ceyms Uorlik, rusiyalı İqor Popov və fransalı Pyer Andryunun yaydıqları son bəyanat Azərbaycanda ciddi etirazlara səbəb olub. Belə ki, onlar ermənipərəst mövqe sərgiləməklə özlərinin əsl mahiyyətini bir daha nümayiş etdirdilər.
Xatırladaq ki, adıçəkilən üçlük AŞPA-nın gələn həftə keçirilən sessiyası zamanı Robert Volterin müəllifi olduğu "Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması" və Militsa Markoviçin müəllifi olduğu "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi" adlı hesabatlarının müzakirəsindən narahat olduqlarını ifadə ediblər.
Bildirək ki, hər iki hesabat Azərbaycanın ədalətli mövqeyini birmənalı dəstəklədiyindən Ermənistanı çox ciddi narahat edir. Görünən isə odur ki, Minsk qrupunun həmsədrləri Ermənistanı belə bir çətin vəziyyətdən çıxarmaq üçün tam heyətdə səfərbər olublar. Belə ki, həmsədrlər hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsi başqa müstəvidə və onların iradəsindən kənar müzakirə edilə bilməz. Bununla həmsədrlər münaqişənin həllində deyil, onu öz monopoliyalarında saxlamaqda daha çox maraqlı olduqlarını yenidən təsdiq etmiş oldular. ABŞ, Fransa və Rusiyanın Ermənistanı müdafə etməsi və status kvonun dəyişməsi üçün heç bir əməli addım atmaması bizim üçün yeni hadisə deyil, lakin bunun belə açıq formada ifadə edilməsi siyasi riyakarlığın ən son pilləsidir. Hər halda həmsədrlərin Ermənistanın lobbiçilləri səviyyəsinə endiyini görmək bu qurum adına ən böyük rəzalətdir.
"ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin tapılması səylərini alqışlayır və sülh yolu ilə həllə sadiq tərəflərlə birlikdə işləməyə hazır olduqlarını bəyan edirlər". Bu barədə isə ATƏT-in Minsk qrupunun həmsədrləri amerikalı Ceyms Uorlik, rusiyalı İqor Popov və fransalı Pyer Andryunun dünən yaydıqları birgə bəyanatında deyilir.
Bəyanatda AŞPA-nın yaxın vaxtlarda münaqişə ilə bağlı qətnamə qəbul edə biləcəyi qeyd olunur: "Biz AŞPA və digər beynəlxalq təşkilatlara xatırladırıq ki, Minsk qrupu danışıqlar üçün qəbul olunmuş yeganə formatdır. Biz AŞPA üzvləri tərəfindən göstərilən marağı qiymətləndiririk. Lakin bildiririk ki, ATƏT-in Minsk qrupunun mandatına xələl gətirəcək və davam edən danışıqlar prosesini çətinləşdirəcək addımlar atıla bilməz".
ATƏT-in Minsk qrupu həmsədrlərinin hesabatları Azərbaycanın maraqlarına uyğundur və erməni tərəfi birmənalı şəkildə işğalçı kimi təqdim edilir. Erməni tərəfi bu məruzələrin təsdiq edilməsinə yol verməmək üçün əlindən gələni edir. Eyni zamanda yanvarın 26-da AŞPA-nın qış sessiyasında erməni işğalından bəhs edən 3 qətnamə layihəsinin müzakirəsi gözlənilir. Mətbuatda həmişə iki qətnamə layihəsi yazılır, əslində isə üçdür. Birinci qətnamə Robert Volterin hazırladığı "Azərbaycan Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdə zorakılığın artması", ikincisi Militsa Markoviçin Sərsəng su anbarı ilə bağlı məruzəsidir. Lakin bu məruzələrə əlavə olunan digər qətnamə Kəlbəcərdə girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad olunması ilə bağlıdır. Hər üç qətnamə səsverməyə qoyulacaq.
Səsvermə ərəfəsində isə dünya gücləri tərəfindən din xadimləri və dövlət başçıları səviyyəsində ermənilərə yardım edilir. Hətta iş o yerə gəlib çıxıb ki, ermənilər dövlət səviyyəsində hər bir ölkənin tanınmış şəxslərindən xahiş edir və deputatlara təzyiq edirlər ki, bu qətnaməyə səs verməsinlər. Ermənistan rəhbərliyi bu qətnamədən olduqca narahat olub.
Minsk qrupu həmsədrlərinə gəldikdə isə, onlar ilk dəfə deyil ki, Volter və Markoviçin hesabatlarına qarşı çıxır, AŞPA-nın Dağlıq Qarabağ münaqişəsinə "müdaxiləsi"ni az qala yolverilməz sayır, ATƏT-in Minsk qrupunun "yeganə format" olduğunu xatırladır və hansısa kənar qüvvə və qurumun Qarabağ danışıqlarına marağının Minsk qrupunun mandatına xələl gətirəcəyindən dəm vururlar. Əslində, Minsk qrupu və onun həmsədrlik institutu bir format kimi çoxdan çürüyüb, mandatından isə bir fayda yoxdur ki, ona kimsə bir xələl yetirsin. Hər halda, uzun illərdir vasitəçilik işində bir qarış olsun belə məsafə qət etməyən ATƏT-in Minsk qrupu özünü çoxdan bacarıqsız bir qurum kimi təsdiq edib. Həmsədrlərin son bəyanatı isə göstərir ki, məsələ sadəcə "əfəllikdə" deyil, regionda geosiyasi maraqları olan həmsədr ölkələr əslində, münaqişənin həllində maraqlı deyillər və ya ermənipərəst mövqe tuturlar.
Digər beynəlxalq təşkilatların, digər ölkələrin parlamentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Azərbaycanın maraq dairəsindədir. Azərbaycan özünün ədaləti mövqeyini digər dövlətlərdə səsləndirməklə həm ATƏT-in Minsk qrupunun həmsədr ölkə rəhbərlərinə, həm də beynəlxalq aləmə göstərmək istəyir ki, problemi sülh yolu ilə həll etmək hələ də gec deyil. Digər beynəlxalq təşkilatların, o cümlədən BMT-nin 4 qətnaməsini yada salsaq, ATƏT-in Minsk qrupundakı məsul insanlar bu kimi qətnamələrə daha dəqiq qiymət verməyi bacarmalıdırlar. O ki qaldı ATƏT-in Minsk qrupu həmsədrlərinin ölkəmizdə ciddi narazılıqla qarşılanan mənfi mövqeyinə, bu, qərəzli və ikili standartlardan başqa bir şey deyil. Onların son yanaşmaları heç bir sağlam məntiqə, tərəfsizlik prinsipinə sığmır əslində isə onlar özləri də maraqlı olmalıdırlar ki, işğalçı dövlət konstruktiv mövqeyə yaxınlaşsın. Hər halda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktı göz qabağındadır. İşğal nəticəsində bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, Dağlıq Qarabağda etnik təmizləmə həyata keçirilib, Xocalı soyqırımı törədilib. Bu faktları görməmək, ədalətli qiymət verməmək onların öz vəzifə borclarına kifayət qədər ədalətli yanaşmamasından irəli gəlir.
Bütün bunlar isə onsuz da ölkəmizdə etimadı yüksək dəyərləndirilməyən ATƏT-in Minsk qrupuna və onların başabəla həmsədrlərinə inamı sıfıra endirir.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32
2024-11-28 10:01:59
2024-11-28 09:26:42
2024-11-28 09:17:57
2024-11-28 09:12:42