Bu gün dünya bazarında "Brent" markalı neftin qiyməti son iki həftədə ilk dəfə 45 dollar həddini keçib.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, təqribən 3 saat bundan əvvəl London əmtəə birjasında qara qızılın 1 bareli 45,05 dollara satılıb.
Bu isə ötən günün yekunu ilə müqayisədə 1,67% və yaxud 0,7 dollar çoxdur. Ümumiyyətlə, "Brent" nefti sonuncu dəfə iyulun 25-də 45,7 dollara satılıb.
"WTI" markalı neft də bahalaşmaqdadır. Bu gün Nyu-York birjasında qara qızılın hər bareli 42,56 dollara realizə edilib. Bu isə əvvəlki gün qeydə alınmış qiymətdən 1,89% və yaxud 0,76 dollar çoxdur.
Bahalaşmaya səbəb Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) prezidenti, Qətərin energetika naziri Məhəmməd bin Saleh-Əs-Sədanın açıqlaması olub.
Xatırladaq ki, OPEC rəhbəri bu ilin III-IV rüblərində dünyada neftə
tələbatın artacağını və bununla da onun bahalaşacağını bildirib. Onun
sözlərinə görə, neftin qiyməti ilə bağlı bu il sentyabrın 26-28-də
Əlcəzairdə keçirilməsi planlaşdırılan Beynəlxalq Energetika Forumunda
qeyri-rəsmi müzakirələr olacaq.