Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında iştirak edən üç atlet dopinq istifadəsinə görə cəzalanıb.
Mötəbər yarışda 94 kiloqram çəkidə mübarizə aparan 27 yaşlı polşalı ağır atlet Tomaş Zielinskinin dopinq testində istifadəsi qadağan olunmuş norandrosterone preparatı aşkarlanıb. Qadınlar arasında üç min metr məsafəyə maneələrlə qaçış yarışında iştirak edən 33 yaşlı bolqarıstanlı Sivia Danekovanın testində qadağan edilmiş EPO maddəsi aşkarlanıb. Nəticədə CAS hər iki idmançının "Rio-2016dakı nəticələrini silib və akkreditasiyalarını ləğv edib.
Qadınlar arasında 100 metr məsafəyə kəpənək və 50 metrə sərbəst üsulla üzgüçülük yarışlarında çıxış edən Çin idmançısı Çen Xinyinin qanında isə hydrochlorothiazide maddəsi müəyyən olunub. On səkkiz yaşlı idmançının akkreditasiyası müvəqqəti olaraq ləğv edilib.
Qeyd edək ki, dopinq məsələlərini həll etmək üçün CAS-ın Rio-de-Janeyroda iki ofisi fəaliyyət göstərir.