Nə ulduzlar, nə Günəş sistemi, nə də bürclər yerini dəyişib. Bürclərin varlığı qəbul olunan vaxtdan Günəş sistemi 13 bürcdən keçir.

Unikal.org report-a istinadən bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov deyib.

O bildirib ki, səmada bürclər yerini dəyişməyib, sadəcə 13-cü bürcü insanlar tərəfindən qəbul olunmuş sistemə daxil etdikdə bürclərlə bağlı tarix dəyişir:

"13-cü bürc hər zaman olub. Ancaq bürcləri aylar üzrə götürmək daha rahat olduğu üçün 12 bürc kimi qəbul olunub. Əslində isə əqrəb bürcündən sonra Günəş sistemi 13-cü - ilandaşıyan bürcündən keçir. Sadəcə olaraq, ilandaşıyan bürcün vaxtı az olduğundan bürclər sistemində adı çəkilmir, 12 bürcün adı vurğulanır. 13-cü bürcü həmin siyahıya saldıqda isə avtomatik olaraq bürclərin tarixi dəyişir".

X.Mikayılov onu da bildirib ki, Günəş sisteminin bürclərdən keçmə müddəti fərqlidir. Belə ki, hər bürcün müddəti indi qəbul edildiyi kimi 1 ay deyil, 20 və ya 40 gün çəkə bilir.

Xatırladaq ki, sosial şəbəklərdə ulduzların Yer kürəsinə görə istiqamətlərini dəyişdiyi və bu səbəbdən bürc tarixləri dəyişdirildiyi bildirilib.