İspaniyanın "İnditex" holdinqinin banisi və sahibi Amansio Orteqa dünyanın ən zəngin insanlarının reytinqinin lideri oldu.
"Forbes" jurnalının hazırladığı reytinqə görə, Amansio Orteqanın 78 milyard dollarlıq varidatı var. Bununla da ispan milyarder "Microsoft" korporasiyasının banisi, 75 milyard dollarlıq varidatın sahibi Bill Geytsi geridə qoyub.
80 yaşlı Amansio Orteqa Qaonanın sabiq arvadı Rosaliya Mera ilə yaratdığı "İnditex" holdinqinə "Zara", "Pull&Bear", "Bershka" və "Massimo Dutti" moda brendləri ilə yanaşı, Florida, Madrid, Lissabon və Londonda daşınmaz əmlak, qaz şirkətlərində paylar, turizm şirkətləri, otellər, banklar və s. daxildir.
Amansio Orteqa İspaniya primerasına və at yarışlarına da pullar yatırıb.
Atası dəmiryolunda çalışan fəhlə, anası xidmətçi olan Amansio çox yoxsul ailədə doğulub. Kasıblıq ucbatından orta məktəbi başa vura blməyən Amansio 13 yaşında köynək dükanında satıcı köməkçisi işləməyə başlamışdı. 1950-ci ildə o, qardaşı, Antonio və bacısı Pepitanın işlədiyi "La Maja" aksessuar dükanında işləyir.
O, evlənəcəyi Rosaliya Mera ilə də məhz bu dükanda tanış olub.
Amansionun 14 yaşı tamam olanda Orteqanın atasını Qalisiya vilayətindəki La Korunya şəhərinə yollayırlar, ailə də ora köçür. Burada italyan modelyerin yanında şagird işləməyə başlayan Amansio barədə şirkətin sahibi atasına söyləmişdi: "Bilirsən, ondan dərzi çıxmayacaq. Dərzi ünsiyyətcil, çevik olmalıdır".
1960-cı ildə dükanlardan birində menecer çalışan A.Orteqa 1972-ci ildə "Confecciones GOA" adlı trikotaj fabriki açır. O, arvadı Rosaliya Mera ilə birlikdə evində ilkin dönəmlərdə xalatlar, gecə köynəkləri və qadın alt paltarları tikirdi.
1975-ci ildə alman alıcı qəflətən böyük həcmdə alt paltarı sifarişi ləğv etdi: Amansio isə bütün pulunu həmin paltarlara yatırmışdı. Biznesi xilas etmək üçün Amansio və Rosaliya geyimləri özləri satmaq qərarına gəlirlər. Beləcə, 1975-ci ilin mayın 15-də La Korunyanın mərkəzi küçələrindən birində "Zorba" adlı butik açılır.
Dükan Entoni Kuinnin baş rolda çəkildiyi "Yunan Zorba" filmindəki personajın şərəfinə belə adlandırılmışdı. Lakin qeydiyyatla bağlı problem yarandığından dükanın adı dəyişdi, "Zara" oldu.
A.Orteqa 1985-ci ildə "Zara" dükanlar şəbəkəsinin əsasında "Industria de Diseno Textil Sociedad Anonima" (Inditex) holdinqini qurdu, 1986-cı ildə isə Rosaliya Mera ilə boşandı.
1991-ci ildə "Pull and Bear" şəbəkəsi yaradılır, sonra "Massimo Dutti" satın alınır, 1998-ci ildə "Bershka", 1999-cu ildə isə "Stradivarius" dükanlar şəbəkəsi qurulur.
2001-ci ildə ispan milyarder Flora Peres Markote ilə evlənib.
Amansio Orteqanın Sandra, Markos və Marta adlı üç övladı var.
"İnditex"in varisi sayılan 32 yaşlı Marta 2012-ci ildə məşhur ispan çapar Serhil Alvares Moyya ilə ailə qurub.