İngiltərədə yaşayan 60 yaşlı qadına vəfat etmiş qızının dondurulmuş yumurtaları ilə nəvəsini dünyaya gətirmək icazəsi verilib.
Unikal.org azadlig.org-a istinadən xəbər verir ki, yumurtalar ABŞ-a göndərilib mayalandırıldıqdan sonra nənənin nəvəsinə hamilə qalması təmin olunacaq.
İngiltərə Embrion Direktorluğu nəvəsinə hamilə qalmaq tələbi ilə gələn, adı gizli saxlanan qadının sənədlərinin araşdırıldığını, tələbinə icazə verildiyini bildirib.
2011-ci ildə 28 yaşında bağırsaq xərçəngindən vəfat edən, dondurulmuş yumurtaları olan gənc qadın ölməmişdən əvvəl anasından övladını dünyaya gətirməsini xahiş edibmiş. Ancaq gənc qadın anasının övladını dünyaya gətirməsi üçün lazım olan rəsmi icazə sənədini imzalamayıbmış.
Yazılı sənədin olmamasına baxmayaraq, Embrion Direktorluğu bildirib ki, bu cür vəziyyətlə çox nadir halda qarşılaşırlar. Ona görə də nənəyə nəvəsini dünyaya gətirə bilmək üçün xüsusi icazə verilir.
Dondurulmuş yumurtalar ABŞ-a göndərilib orada mayalandırılacaq.
Nəvəsini dünyaya gətirəcək qadın onun vəziyyətində olan adamlar üçün bu icazənin presedent olacağına ümid etdiyini bildirib.