Xalq artisti Muxtar Maniyev xəstəxanadan evə buraxılıb.
Unikal.org xəbər verir ki, bu barədə APA-ya M. Maniyevin həyat yoldaşı Nəsibə Maniyeva məlumat verib. Onun sözlərinə görə, aktyor Bakı Sağlamlıq Mərkəzinin Reanimasiya Şöbəsindən çıxarılıb, müalicəsi ev şəraitində davam edəcək:
"İstədik Qurban bayramını evdə keçirsin, xəstəxanada qalmasın. Özü də çox darıxırdı. Şükür Allaha, vəziyyəti əvvəlki kimi pis deyil, normallaşıb. Düzdür, həkimlər məsləhət gördü ki, bir-iki gün palata şəraitində müalicə alsın, özümüz razı olmadıq. Qorxulu heç nə yoxdur, xəstəxanada olan dava-dərmanı həkim çağırıb evdə edəcəyik.
Qeyd edək ki, M. Maniyevin səhhəti sentyabrın 2-də pisləşib. Xalq artisti şəkərli diabetdən əziyyət çəkir. 2015-ci il avqustun 11-də aktyorun sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib.
M. Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.