Vaxtilə almanların məskən saldığı Helenendorfdakı - indiki Göygöl şəhərindəki küçələr və evlər alman memarlıq üslubunun burada indi də qorunduğunu göstərir. Qırmızı daş döşənmiş yollar, uca çinarlar, oyma naxışlı taxta eyvanlar...

Tarixə nəzər salsaq görərik ki, ilk dəfə 488 Şvab ailəsinin (İsveçrə almanları) Rusiya imperiyasının Zaqafqaziyadakı torpaqlarına ağır və məşəqqətlərlə dolu köçü 1817-ci ilin sonlarında başlayıb, ilk alman koloniyası Cənubi Qafqazda Gürcüstan ərazisində yaradılıb. Alman əsilli şəxslərin, daha doğrusu, Şvab ailələrinin Azərbaycana kütləvi halda köçürülməsi isə 1819-cu ilə təsadüf edir. Hər birində təxminən 50 ailə olmaqla, 3 koloniya Gəncədən 7-8 kilometr aralıda, Xanarxlar deyilən kəndə (indiki Göygöl şəhəri) köçərək Helenendorf koloniyasının əsasını qoyublar. Onlar arasında pinəçi, dənizçi, dülgər, dərzi və digər peşə sahibləri olub. Almanların sənətini əks etdirən işarələr isə yaşadıqları evlərin qapısına vurulub. Küçə boyu sıralanmış evlərin divarına tikildiyi tarix və sahiblərinin adları yazılıb. Bu işarələr indi də qalmaqdadır.

Alman üslubunda 400-dən artıq ev və Lüteran kilsəsi



Helenendorfda yaşamış sonuncu alman əsilli Azərbaycan vətəndaşı Viktor Kleyn 2007-ci ildə vəfat edib. Bizə bu kiçik alman şəhərciyində bələdçilik edən də Viktorun dostu, yaşı 80-i ötmüş memar Fikrət İsmayılov oldu. O, buradakı alman ailələrinin çoxunun II Dünya müharibəsi dövründə sürgün edildiyini, yalnız başqa millətdən qarışığı olan ailələrin qaldığını dedi.

Almanlar Helenendorfda 6 küçə salıb, 400-dən çox ev tikiblər. O dövrdə burada ilk dəfə ümumtəhsil və musiqi məktəbləri, uşaq bağçası fəaliyyət göstərib. 1890-cı ildə Gəncə çayı yaxınlığında dördmərtəbəli su dəyirmanı inşa olunub, müxtəlif növ un istehsalına başlanıb. 1903-cü ildə 13 kilometr aralıda yerləşən meşədəki bulaqlardan şəhərə su çəkilib. 1911-ci ildə isə Gəncə çayı üzərində Azərbaycan ərazisində ilk su elektrik stansiyası tikilib. Stansiyanın tikintisi ilə əlaqədar ərazidə sənaye inkişaf etməyə başlayıb. Beləcə almanlar burada bir əsrdən artıq - 1941-ci il repressiyasına qədər yaşayıblar.

Göygöldə diqqət çəkən tikililərdən biri alman Lüteran kilsəsidir. Onun tikintisində hər bir alman ailəsi iştirak edib. Fikrət İsmayılov bildirdi ki, kilsənin inşasına 1854-cü ildə başlanılıb və tikinti işləri 1857-də başa çatıb. Sonralar kilsənin qarşısında böyük bağ da salınıb. Kilsənin üstündə almanlardan qalma 3 böyük saat 2009-cu ildə Almaniyadan dəvət edilmiş usta tərəfindən bərpa edilib.

Sonuncu alman əsilli Azərbaycan vətəndaşının evi



Qapıya vurulan lövhədən də görünür ki, 1886-cı ildə tikilən bu ev İosya Kleynə məxsus olub. Evin sonuncu sakini isə onun oğlu Viktor idi. Fikrət müəllim dedi ki, Viktorla 1951-ci ildə gənclər düşərgəsində tanış olub və onun ölümünədək bu dostluq davam edib. Viktorun anası alman, atası isə polyak olduğu üçün bu ailə 1941-ci il repressiyasına məruz qalmayıb.

Atası vəfat edəndən sonra Viktor anası ilə yaşayıb. Sonuncu almanın taleyi kədərli olub - anasında millətçilik hissi güclü olduğundan oğlunun azərbaycanlı qızla evlənməsinə razılıq verməyib. Viktor ömrünün sonunadək tənha yaşayıb və 2007-ci ilin martında vəfat edib.

Söhbət zamanı Fikrət müəllim qeyd etdi ki, Azərbaycan və rus dillərində mükəmməl danışan Viktor bizim musiqiləri də çox sevib. O, pianoda Azərbaycan musiqilərini gözəl ifa edirdi.

Viktorun evinin altında böyük zirzəmidə şərab çəlləkləri, şərab qabları var. Deyilənə görə, Göygöldəki bütün alman evlərində bu cür zirzəmilər olub. Almanlar buradan soyuducu kimi istifadə edirmişlər.

Ölümünə az qalmış Viktor evinin muzeyə çevrilməsini vəsiyyət edib. Onun bu arzusu yerinə yetirilib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən evə muzey statusu verilib.

Alman evlərinə tarixi abidə statusu veriləcək



Helenendorfdakı alman evləri bir neçə il əvvəl bərpa olunub. Amma təbii ki, evlərin memarlıq üslublarına toxunulmadan, sadəcə cari təmir işləri yerinə yetirilib. Yaşı bir əsrdən çox olan bu evlərə tarixi abidə statusunun verilməsi nəzərdə tutulub.

Gələn il Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi tamam olur. Prezident İlham Əliyev bu il avqustun 30-da "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında Sərəncam da imzalayıb. Beləliklə, əminliklə demək olar ki, multikultural ənənələrə malik çoxəsrlik tolerantlıq məkanı kimi tanınan Azərbaycanda xalqımızın tarixi və mədəniyyətində dərin iz qoymuş bu hadisə ölkəmizdə layiqincə qeyd ediləcək.