Azərbaycanda çəkilən seriallar tez-tez tənqid olunur. Bu yaxınlarda yayıma buraxılan "Vicdan haqqı" serialı isə qısa müddətdə izləyicilərin böyük marağına səbəb olub.
Onlar artıq 3 həftədir ki, tamaşaçıları ekranlara bağlayır. Elə bu səbəbdən "Qafqazinfo"nun əməkdaşları ATV-də yayımlanan, ilk seriyasından reytinqləri alt-üst edən "Vicdan haqqı" serialının çəkiliş meydançasında olub.
Söhbətə serialın baş qəhrəmanı, Kamil obrazını canlandıran Elxan Yunislə başlayırıq:
"Serialda Kamil obrazını canlandırıram. Kamil əvvəl ədəbiyyat müəllimi olub. Bir ailəsi var, evlidir. Kamilin yeznəsi Rusiyada yaşayırdı. O da maddi durumu çətin olduğu üçün bacısı ərinin yanına, Rusiyaya gedir. Məlum olur ki, yeznəsi orada yaxşı işlərlə məşğul olmur. Kamil isə 8 il Rusiyada qalmaq məcburiyyətində qalır. Çətinliyə düşən zaman rusiyalı bir qızla tanış olur. Həmin xanımın Kamilə çox köməkliyi dəyir. Sonra həmin qızı sevməyə başlayır, evlənir və bir övladı olur.
Daha sonra Azərbaycana qayıdır. Kamil obrazı çox dürüst, təmiz və ailəcanlı obrazdır. Çalışırıq ki, bu xarakteri düzgün formada tamaşaçılara çatdıraq. Bizi qınayanlar da var, haqq qazandıranlar da… Çünki Kamil kef üçün bunları etmədi. Özbaşına addım atmadı, anasıyla məsləhətləşdi. Ana da övladının pis olmasını istəmir və rus qızı qəbul edir. Günlərin bir günü Kamilin Rusiyada yaşayan xanımı da Azərbaycana gəlir. Elə bundan sorna serialda hadisələr qızışır".
Bu məqamda aktyor eyni həyatı yaşayan azərbaycanlı kişilərdən də danışıb:
"Mənə çox yazırlar ki, Elxan müəllim, siz mənim həyatımı oynayırsız. Hətta bir nəfər var, soruşdu ki, serialdakı qəhrəman Rusiyada neçə ildir evlidi? Mən də sosial şəbəkədə yazdım ki, 5 ildi. O da cavabında qeyd etdi ki, elə bil eyni ilə onun həyatını canlandırırıq…
Serial insanların real həyatını əks etdirib. Ssenari çox yüksək səviyyədə yazılıb. Burada vaxt uzatmaq üçün bir səhnə belə yoxdur. Hər bir səhnə seriala xidmət edir. Ssenari muncuq kimi düzülüb, biri qırılsa fikir itər".
"Real həyatda Kamil olsaydız nə edərdiz?"- sualına isə Elxan Yunis belə cavab verdi:
"Bəli, Kamillə mənim xarakterim eynidir. Təmiz, dürüst və saf… Mən də onun kimi edərdim. Kamil nə etməli idi? Kamil Larisanın köməkliyi ilə problemlərini həll edib. Başlayıblar sevişməyə, daha sonra uşaq dünyaya gətirib. Əlbəttə, doğulan uşaq mənim gözümün qabağında böyüməlidir. Kamil Azərbaycandakı övladlarını da atmır. Mən də razı olmaram ki, Rusiyada pul qazanan kişi buradakı ailəsini atsın. Real həyatda da belə edərdim. Serialda Larisa Kamilin birinci həyat yoldaşı ilə eyni evdə yaşamağını istəyir. Bunu Kamil istəmir…Kamil abırlı adamdır…"
Elxan Yunis söhbət zamanı bir kişi üçün iki qadını sevməyin çətinliklərindən də danışıb:
"Bizdə bir ürəkdə iki sevgi çətin məsələdir. Ola bilər sevərsən, evlənərsən. Sonra qarşına ikinci elə bir qadın çıxa bilər ki, içinə hopar. Niyə də olmasın? Bəli, sonradan tapılan şirin olur. İki qadını seçmisənsə, birinci öz işinə gedir, ikincini əlində bərk saxlamalısan. Amma Kamil obrazı elə deyil, həyat yoldaşını dəli kimi sevir, zülm çəkir…"
Bu zaman söhbətə serialda Kamilin həyat yoldaşı Dilarə-əməkdar artist Kəmalə Müzəffər qoşulur:
"Fikirləşirəm ki, Kamil Dilarəni sevmir. O, camaatın sözünə görə onu atmır. Dilarə isə ərini dəhşət sevir. Mən rolu götürərkən özümünküləşdirirəm. Bu mənim Dilarəmdir. Mənim Dilarəm, ancaq bu kişini sevir. Hətta bir neçə bölüm sonra Kamilin digər xanımdan olan övladını da qəbul etmək istəyir. Qadınlar bir dəfə sevir, xəyanət olsa belə deyir ki, nə olur olsun, amma həyat yoldaşım yanımda olsun. Kişilərdə isə bu xüsusiyyət olmur. Kişilər qadının xəyanətinə çox aqressiv yanaşırlar. Əsas da "camaat nə deyər" fikri ilə yaşayırlar. Məndə bu hisslər var, Kəmalə bunları Dilarəyə ötürür. Dilarə 8 il ərsiz qalsa da, Kamildən başqa heç kəsi sevməyib. Xəyanətinə rəğmən onu sevir".
Elxan Yunis bu zaman Kəmalə Müzəffərin fikirlərinə reaksiya verir:
"Kamil onu az sevmir. O razıdır ki, diz çöküb üzr istəsin. Əgər sevməsəydi, pulunu verərdi, deyərdi ki, uşaqlarını böyüt. Bir aktyor kimi deyirəm, çox ağır bir obrazdır. İki arvadın arasında qalmaq çətindir. Od və su arasında qalmağa bənzəyir".
Aktrisa söyləyir ki, Dilarə 8 il cinsi həyatı olmayan bir qadın obrazıdır:
"İnsanların bütün səhvləri birincidən başlayır, düzəltmirsə, davam edəcək. Kamil də belə bir durumdur. Dilarə 8 il boyunca başqa bir kişiylə sevişə bilərdi. 8 il cinsi həyatı olmayan Dilarədir. Ötəri baxmayaq. Kişisiz qalan da Dilarədir. Kamil çox böyük əziyyətlər çəkir. Yazılan fakt odur ki, ərsiz qalmışam, heç bir kişiyə gözucu belə baxmamışam. Amma o baxıb, kefini çəkib, uşaq da əkib…"
Elə bu məqamda serialın quruluşcu rejissoru və ssenaristi Rövşən İsaxın gəldiyini gördük. O isə bu mövzunu həyat yoldaşının təklif etdiyini bildirib:
"Serialın ssenarisini Vüqar Əmirovla birgə yazırıq. Həddindən artıq çox mövzular tapdıq. Bu mövzunu isə həyat yoldaşım təklif etdi. Bu sirri ilk dəfə sizə açıqlayıram. Mövzu Azərbaycan üçün çox aktualdır. Ağlıma gəlmirdi, sonra düşündüm ki, həqiqətən belədir. Kiçik sorğu apardıq, məlum oldu ki, hamının qohum-qonşusunda tanıdığı, eşitdiyi belə ailələr var.
Çoxları Rusiyaya gedib. Kimisi həyat yoldaşını Azərbaycana gətirib, kimisi isə elə orada saxlayıb. Maraqlandıq, kimin yaxının başına belə hadisə gəlibsə, həmin insanlarla görüşdük, söhbətləşdik. Maraqlı iki hadisəni bir ailədən, digər 3-4 hadisəni başqa bir ailədən götürdük. Bizim ssenaridəki hadisələr realdır. Sadəcə olaraq bütün hadisələr hardasa 20 ailənin başına gəlib, biz isə hamısını bir ailədə toplamışıq".
Rejissor serialın adına da aydınlıq gətirib:
"Əslində serialın adını tamam başqa bir şey düşünmüşdük. Əvvəlcə "Ömür bir də verilsəydi…" qoymaq istəyirdik, daha sonra bir ad da təklif etmişdim. Bu barədə Vüqara yazanda qeyd etmişdim ki, bu ad xoşuna gələcək. Vicdan haqqı, xoşuna gələcək. O da elə başa düşüb ki, serialın adı "Vicdan haqqı"dır. Əslində mən onu inandırmaq üçün and içmişdim. Çox bəyənmişdi, mənim də xoşuma gəldi.
Düşündüm ki, həqiqətən maraqlıdır. Sözün iki anlamı var. Biri vicdanın haqqı anlamı, digəri isə and mənasındadır. Mən onu Vüqara and mənasında yazmışdım. Əsas qəhrəmanların heç biri vicdansız deyil. Onlar vicdanının səsinə qulaq asan şəxslərdir. Hətta, sual verdilər ki, anddır, yoxsa vicdanın haqqı? Tamaşaçı özü buna qərar versin. Bu adı özü müəyyənləşdirsin".
Rövşən İsax serial bazarındakı maddi çətinliklərdən bəhs edib:
"Türkiyədə bir seriyaya verilən maliyyəyə biz də bir mövsüm çəkilir. Yəni, biz seriyanı 1 manata, onlar isə 50-60 manata çəkir. Türkiyə böyük ölkədir, reklam büdcəsi də böyükdür. Mənə Türkiyədə verilən maliyyəni versələr əllərimi girov qoyaram. Əgər onlar kimi serial çəkməsəm biləklərimi kəsərəm. İki dəfə də artıq keyfiyyətli seriallar çəkərəm. Türkiyədə çəkilişə bir böyük maşın gedir. İçində də geyimlər doludur.
Bir rejissorun 5-6 köməkçisi olur. Nə var elə işləməyə? Amma biz özümüz ştativ daşıyırıq. Kağızın kənarında aktyorların nə geyindiyini qeyd edirik ki, səhv düşməsin. Çünki qapıdan çıxan səhnəni bu gün, ofisə gedən səhnəni 15 gün sonra çəkə bilərik. Onda səhv olmasın deyə belə edərik. Büdcə böyük olsaydı, hətta serialın musiqisinə canlı musiqi alətləri əlavə edərdim. Yəni, bunların hamısı büdcə ilə bağlıdır".
Serialda mənfi obrazı canlandıran İmran- aktyor İlham Hüseynov obrazı barədə məlumat verir:
"Serialda İmran obrazını canlandırıram. Bu obraz mənfi obrazdır. Serialda hamını bir-birinə vuran, konfliktləri yaradan bir insandır".
"Vicdan haqqı" serialının növbəti bölümlərində katibə Gülnarə ilə də tanış olacaqsız. Rəna Əliyeva da rolundan bəhs edərək daha çox şıltaqlığı ilə yadda qalacağını qeyd edib:
"Gülnarə obrazını canlandırıram. Şıltaq qadın bir obrazıdır, katibədir. Serialdakı İmran mənə bir az göz-qaş atır. Mən də nə "hə", nə də "yox" deyirəm. Birdən mənə lazım olar, ona görə balansı qoruyuram. Öz işimin xətrinə ona dözürəm. Ofisdə oturan bir xanım bekar olur. Ancaq deyib-gülür, kefi açılır".
Biz çəkiliş baş tutan otaqdan uzaqlaşaraq serialın Yusifi-aktyor Kamran Yunislə söhbətimizi davam etdik:
"Serialda Yusif obrazını canlandırıram. Belə bir deyim var ki, görünən kəndə nə bələdçi? Yusif ətrafındakı insanların yetərincə hörmətini qazanan, təkcə saç-saqqalının ağlığından yox, özünü idarə etməyindən sözün əsl mənasında ağsaqqaldır. Bunun əsas atributları onun təmkini, davranışıdır. O ağsaqqlığa layiq bir insandır. Növbəti seriyalarda bunun bariz nümunəsini görəcəksiz".
Söhbətimizi rejissorun 23 illik silahdaşı Vüqar Əmirovla yekunlaşdırmağa çalışdıq:
"Təbii ki, reytinqdə nömrə bir olmaq əziyyət hesabına başa gəlir. Amma biz hər zaman peşəkar kollektivlə bir çalışmışıq. Bütün yaradıcı və texniki heyət peşəkardır. Rövşən müəllimlə 1992-cü ildən bir aradayıq.Həm insani, həm də yaradıcı tərəfdən dostluq münasibətindəyik".