Əməkdar artist Abbas Bağırov yaxın dostu olan xalq artisti İlhamə Quliyeva ilə bağlı təəssüratlarını bölüşüb.
Unikal.org xəbər verir ki, müğənni mərhuma rəhmət diləyib:
"Mənim üçün İlhamə Quliyeva çox böyük sənətkardır. Azərbaycan incəsənətində layiqli yeri olub. Öz sənəti, gözəl mahnılarıyla çoxsaylı sevənləri var idi. Onu sevənlərdən biri də mənəm. Mənim üçün İlhamə Quliyeva əbədi yaşayacaq. Allah rəhmət eləsin".
Əməkdar artist Murad Madaşov da mərhumla bağlı fikirlərini bölüşüb:
"Bilirsiniz, bəlkə də İlhamə Quliyevanı sevib və ya sevməmək olar. İnsanlar çoxdur, fikirlər müxtəlifdir. Amma bir məsələni etiraf etmək lazımdır ki, o, həqiqətən dəyərli və gözəl sənətkar, çox sadiq dost, böyük ürəyə malik olan insan idi. İnanın ki, çox böyük yumor hissi varıydı. Onunla çoxsaylı səfərlərdə olarkən, mən bu xanıma vuruldum. Həyatımın ən dəyərli dostlarından birini qazandım. Bu gün isə onu itirdim. Çox təəssüf ki, özünü mənə tanıdıb, sevdirdiyi qədər, çox adama tanıda bilmədi".
Prodüser Tolik isə İ.Quliyevanın ölümünə sevinənləri qınayıb:
"Bəzi müğənnilərin səhifəsində "Ura, İlhamə Quliyeva öldü" yazanlar elə bilir ki, ata-anaları dünyanı tutub gedəcək. Bu ölümə sevinənin gec-tez qapısında belə gün olacaq. Allah ona həyatında şan-şöhrət, pul verdi. Bəzilərinin cavabını vaxtında verdi. Əsas odur ki, ölənə kimi də qabağından yemədi. Bəziləri indi sevinir, kül başınıza, qapınızda belə şey olmayacaq? Ölüm haqdı, rahat öldü, yatağa düşmədi, heç kimə möhtac olmadı, qoymadı ayağına gəlib, onu zəif görsünlər".