Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 11 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyasına əsasən Dövlət Sərhəd Xidməti (DSX) dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində təhdidlərə qarşı effektiv mübarizə fəaliyyətinin təmin edilməsi və dənizdəki şəraitdən müfəssəl şəkildə xəbərdar olma, müasir texniki imkanlardan istifadə etməklə döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması istiqamətində zəruri tədbirləri davam etdirməkdədir.

DSX-nın mətbuat mərkəzindən Unikal.org-a bildiriblər ki, oktyabrın 5-8-də "Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində yerləşən neft-qaz infrastrukturuna qarşı təhlükə yarandıqda axtarış əməliyyatlarının aparılması və aşkar olunmuş terror-təxribat qüvvələrinin zərərsizləşdirilməsi mövzusunda taktiki təlimlər keçirilib.

Taktiki təlimlərin əsas məqsədi Xəzər dənizində neft-qaz yataqları, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili və döyüş əməliyyatlarının aparılması zamanı Dövlət Sərhəd Xidmətinin bölmələrinin döyüş hazırlığının yüksəldilməsi, qarşılıqlı fəaliyyətdə komandir heyətinin idarəetmə bacarığının inkişaf etdirilməsi, qaranlıq hava şəraitində sərhəd axtarışının aparılması, raket-artilleriya qurğularından atışların keçirilməsi üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi olub.

Üç mərhələdə on taktiki epizod üzrə keçirilən təlimlərdə neft-qazçıxarma rayonlarının, platformaların, ixrac boru kəmərlərinin mühafizəsi və müdafiəsi ilə bağlı Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin və Aviasiya Dəstəsinin gündəlik şəraitdən fövqəladə şəraitə keçirilməsi və birgə axtarış əməliyyatlarının aparılması, sorğuya cavab verməyərək ərazidən uzaqlaşan gəminin dayandırılması üçün xəbərdarlıq atəşinin açılması, havadan çevik qrupun helikopter vasitəsilə gəmiyə desantlaşdırılması, gəmidə şərti düşmənin terror-təxribat qrupunun zərərsizləşdirilməsi, dayandırılmış gəmiyə təlim keçmiş xidməti itlər və xüsusi axtarış vasitələri ilə baxış keçirilməsi, kütləvi qırğın silahlarının komponentlərinin və narkotik vasitələrin aşkar edilməsi kimi təlim tapşırıqları uğurla icra olunub.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin və Aviasiya Dəstəsinin helikopterlərinin zenit-artilleriya qurğuları və raket komplekslərindən günün işıqlı və qaranlıq vaxtlarında hədəflərə döyüş atışları müvəffəqiyyətlə həyata keçirilib, neft platforması rayonunda kəşfiyyat fəaliyyəti ilə məşğul olan rəqibin pilotsuz uçuş aparatının və tələblərə tabe olmayan pozucu qayığın, şərti düşmənin sualtı təxribat qruplarının və sahildə düşərgə qurmuş şərti terrorçu qruplarının qaranlıq hava şəraitində aşkarlanması və məhv edilməsi üzrə tapşırıqlar yüksək dəqiqliklə icra edilib.

Cari il iyunun 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin baxış keçirdiyi Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan itisürətli və yüksək üzmə qabiliyyətinə malik, mükəmməl naviqasiya və radiotexnika avadanlıqları ilə, müasir silahlarla təchiz edilmiş sərhəd gözətçi gəmiləri təlimlərdə uğurla sınaqdan keçirilib.

Təlimlərdə qarşıya qoyulan vəzifələr tam həcmdə icra olunub, şəxsi heyət möhkəm intizam, yüksək döyüş hazırlığı nümayiş etdirilib.

Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev təlimlərin uğurlu yekunu münasibətilə şəxsi heyəti təbrik edib, Xəzər dənizində dövlət sərhədlərinin etibarlı mühafizəsinin və neft-qaz hasilatı-daşınması infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin Dövlət Sərhəd Xidmətinin əsas vəzifələrindən biri olmasını xüsusi vurğulayıb, Xəzər dənizində sərhəd mühafizə imkanlarının təkmilləşdirilməsi və şəxsi heyətin peşəkarlığının daha da artırılması istiqamətində hərbi hissə və bölmələr qarşısında konkret tapşırıqlar müəyyən edib.

Təlimlər zamanı yüksək peşəkarlıq nümayiş etdirmiş hərbi qulluqçular təltifləndiriliblər.

Taktiki təlimləri Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov izləyib.