Xalq artisti Nuriyyə Əhmədovanın vəfatından bir il keçir.
Unikal.org bildirir ki, Nuriyyə Əliağa qızı Əhmədova 1950-ci il 26 dekabrda Bakıda anadan olub. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq fakültəsində təhsil alıb (1970-1974). İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb.
Kinoya ilk gəlişi 1982-ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub. "Bağ mövsümü"(1985), "Bəyin oğurlanması"(1986), "Kişi sözü"(1987), "Yaşıl eynəkli adam"(1987), "Bəxt üzüyü"(1991), "Şirbalanın məhəbbəti"(1991), "Təhminə"(1993), "Bala-başa bəla"(1995), "Həm ziyarət, həm ticarət"(1995), "Beşmərtəbəli evin altıncı mərtəbəsi"(1996), "Yuxu"(2001), "Bəyaz həyat"( 2003), "Yoxlama" (2006) və s. filmlərdə çəkilib.
2007-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.
İki övladı olub: ilk övladı olan qızı İlahə 20 yaşında (1976-1996) qətlə yetirilmiş, ikinci övladı olan oğlu Əli isə 37 yaşında (1977-2014) xərçəng xəstəliyindən vəfat etmişdi. Qız övladından Faiq İbadzadə (d. 1996) adlı nəvəsi var.
Nuriyyə Əhmədova 10 oktyabr 2015-ci ildə saat 04:30-da kəskin ürək tutmasından Bakıda vəfat etmişdir.
Vəsiyyətinə əsasən Şüvəlan qəbiristanlığında oğlunun və qızının məzarlarının yanında dəfn olunmuşdur.