Abşeronda çobanın əl-qolunu bağlayaraq qoyun oğurlayan dəstə saxlanılıb.
Unikal.org-un ARB TV istinadən məlumatına görə, Cəmaləddin Hüseynov adlı şəxs Abşeron Rayon Polis İdarəsinə xırdabuynuzlu heyvanlarını otaran zaman naməlum şəxslərin hücumuna məruz qalması ilə bağlı müraciət edib.
Zərərçəkmişin sözlərinə görə, onu döyüb əl-ayağını bağlayan quldurlar 4 baş xırda buynuzlu mal-qarasını avtomobillərinin yük yerinə qoyublar. Daha sonra cibində olan mobil telefonunu və 25 manat pulunu götürərək ərazidən uzaqlaşıblar.
Keçirilən axtarış tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Müşfiqabad qəsəbə sakini 31 yaşlı Anar Piriyev, Ağsu rayon sakini 23 yaşlı Rusif Mehralıyev, Eldəniz Cəfərov, Bakı şəhər sakini Tamerlan Rəsulov və Sabirabad rayon sakini Ələkbər Rəsulov yaxalanaraq istintaqa təhvil veriliblər. Saxlanılan şəxslər çobanı döyüb qoyunları aparmalarını etiraf etsələr də, ifadələrində müəyyən ziddiyyətlər olub.
Belə ki, Anar Piriyevlə, Rusif Mehrəliyevin ifadəsinə görə, Ələkbər onlara 100 manat pulunun olduğunu bildirib və həmin pula qoyun alıb kabab etməyi təklif edib. Dəstənin digər üzvü Eldəniz Cəfərovun sözlərinə görə isə quldurluq etməyi əvvəlcədən planlaşdırıblar, məqsədləri də əldə etdikləri heyvanları satmaq olub.
Saxlanılan şəxs Anar Piriyev: "Bizim heç belə planımız yox idi. Uşaqlarda pul var idi və dedilər, gəlin gedək qoyun alıb kabab edib yeyib-içək. Gedəndə mən gözlədim qıraqda. Yol maşın üçün uyğun deyildi. Bunlar dedilər ki, gedək heyvan alaq gələk. Məsafə uzaqda olsa görsənirdi. Gördüm çobanla bunlar əlbəyaxa çıxdılar. Bizdə yaxınlaşdıq. Diyəsən Çoban əvvəlcə satmaq istəyib sonra satmaq istəməyib buna görə mübahisələri düşmüşdü".
Saxlanılan şəxs Rusif Mehrəliyev: "Birinci bunlar getdi. Mən o biri oğlanla sonradan gəldim. Çobanla onların nə söhbət etdiyini eşitmədik. Onlar mənə bunun oğurluq olduğunu demədilər və qoyun almağa gedirik dedilər. Gedəndə gördüm ki, orada artıq başqa söhbətdi. Hadisə baş verdi. Artıq Tamerlan çobanın əl qolunu bağlamışdı biz gedəndə. Sonra qoyunun yeyəsi 2 nəfər gəldi . Biz qaçdıq".
Saxlanılan şəxs Eldəniz Cəfərov: "Getdik qoyun sürüsü gördük. Orada 3-4 sürü üçün yataq var və qoyun həmişə olur. Gördük çobanı, yaxınlaşdıq. Çobanın əl-qolunu bağladıq, 2 dənə qoyunu baqaja basıb maşını sürüb çıxdıq. Maşın tanış uşaqların maşını idi".
Əsas "qəhrəmanlar", yəni çobana müxtəlif dərəcəli bədən xəsarətləri yetirən Ələkbər Rəsulov və Tamerlan Rəsulov isə mikrofon qarşısında danışmaqdan imtina edib. Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində CM quldurluq maddəsi ilə başlanan Cinayət işi üzrə araşdırmalar davam edir.