Gürcüstan polisi Marneulidə müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının namizədi Əhməd İmamquliyevin 7 tərəfdaşını saxlayıb.
Unikal.org teleqraf.com-a istinadən xəbər verir ki, onlar seçki günü Marneulinin Qızılhacılı kəndində 48 saylı seçki məntəqəsində baş vermiş insidentdə təqsirli bilinir.
Gürcüstan DİN-nin məlumatına görə, Vahid Milli Hərəkat və "Paata Burçuladze-Xalq üçün Dövlət" blokunun tərəfdaşları seçki qutusunu qaçırmağa cəhd ediblər.
Vahid Milli Hərəkatın namizədi Əhməd İmamquliyev "Rustavi 2" telekanalına verdiyi açıqlamada bildirib ki, saxlanılanların hazırda harada olmaları barədə onlara məlumat verilmir: "Hökumət bu hərəkəti ilə yerli əhalini qorxutmaq istəyir. Bizim dairədə yaşayan insanlar hakim partiyanın namizədinə səs verməyiblər".
Qeyd edək ki, oktyabrın 8-də polis və partiya tərəfdarları ilə baş vermiş qarşıdurmada 5 polis əməkdaşı yaralanıb. Gürcüstan Mərkəzi Seçki Komissiyası həmin dairədə seçkinin nəticələrini ləğv edib.