O, bir zamanlar nəinki qərb, hətta şərq yarımkürəsinin də kino ulduzuna çevrilmişdi. Ötən əsrin 60-80-ci illərinin məşhur siması olan Alen Delonun ayrı-ayrı filmlərdə oynadığı rollar, yaratdığı obrazlar dünyanın əksər ölkələrində böyük maraqla qarşılanır, aktyoru günbəgün daha da məşhurlaşdırırdı. Təbii ki, bu, başqalarının, rejissorların, ssenari müəlliflərin yaratdıqları mənfi və müsbət obrazların maraqlı həyatı idi. Onları uğurla canlandırmış Alen Delonun da şəxsi həyatının maraqlı xüsusiyyətləri mövcuddur.
Unikal.org aktyorun həyatı ilə bağlı maraqlı məqamları təqdim edir.
Ata-analı "yetim, ət satıcısı
1935-ci ilin noyabrında Paris yaxınlığındakı O-de-Sen departamentində dünyaya gəlmiş Alen Fabien Maurisin (Delon) atası Fabyen "Rejin adlı şəxsi kinozalın rəhbəri, ixtisasca əczaçı olan anası Edit Arnold isə orada nəzarətçi işləyirdi. Gələcək ulduzun hələ 3 yaşı tamam olmamışdı ki, ata-anası boşandı.
Bundan az sonra Alenin anası kolbasa dükanın sahibinə ərə getdi. Qadın ərinin mağazasında işləməyə başladığından onun azyaşlı övladına ayırmağa vaxtı yox idi. Aleni başqa ailəyə verməyə qərara aldılar. Fren həbsxanasının yaxınlığındakı kiçik evdə yaşayan Nero ailəsi bir neçə il Alenin sevimli məkanına çevrildi. Aktyor indi də həmin illərin yaddaşında xoş xatirələrlə qaldığını deyir: "Onlar mənlə olduqca səmimi davranırdılar. Alenin bu ailədəki qayğısız illəri ərlə arvadın faciəvi ölümü günündə başa çatdı.
Tünd xasiyyət, ağır xarakter Alendə hələ erkən yaşlarında özünü büruzə verirdi. Gələcək aktyor məktəb illərində vaxtaşırı ayrı-ayrı məktəblərdən xaric edilirdi. Belə olduqda anası və ögey atası Alenin təhsil almaqda maraqlı olmadığını anladılar. Və ona kolbasaçı peşəsini öyrətməyə qərar verdilər. Alen də buna etiraz etmədi və bu sənəti öyrəndi. Bir qədər sonra ət mağazasında işləməyə başladı.
Yarımçıq hərbçi, işsiz gənc, ofisiant...
On yeddi yaşında olarkən Paris metrosunda gördüyü elan onun həyatını tamam dəyişdi. Pilot olmaq arzusuyla yaşayan Alen bəzi çətinliklərdən sonra 1953-cü ildə Parisdəki işini yarımçıq qoyaraq Hind-Çin müharibəsinə yollandı. Gələcəyin aktyoru dərhal cəbhəyə göndərilmir. Lakin bununla belə, hərb sənətinə məxsus çətinliklərlə qarşılaşır: ağır fiziki tapşırıqlar, fasiləsiz iş rejimi, idman onu yorur.
1953-cü ilin payızında o, rabitəçi kursuna göndərilir. Lakin Alen nizam-intizama əməl etmədiyindən tez-tez cəzalandırılır. Belə olduqda rəhbərlik onun qarşısında iki şərt qoyur: ya müqaviləni 2 illiyə uzadıb Hind-Çinə göndəriləcək, ya da silahlı qüvvələrdən xaric ediləcək. Gənc birinci variantı seçir. Lakin Sayqona göndərilən Alen burada da nizam-intizamı pozması ilə seçilir. Ordudan tərxis olunan Alen bir müddət pivəxanada ofisiant işləyir. Lakin özünün də dediyi kimi, administrator, böyük ofisiantlar tez-tez onun üstünə qışqırırdılar.
Təhqir olunması ilə əlaqədar pivəxanadan ayrılıb işsiz qalan pulsuz Alen bir müddət Parisin küçələrində gəzişir. Yeni dostlarının təklifi ilə fotolarını prodüserlərə göndərir. O, bununla yanaşı, müxtəlif sınaq çəkilişlərində iştirak edir. Gənc Alen çəkişilərin birində aktyor Jan Klod Brialla tanış olurlar. Bu tanışlıq onları yaxın dosta çevirir. Dostlar birlikdə Kann festivalına yollanırlar. Festivalda Alen amerikalı istedadlı aktyor Harri Uilsonun diqqətini cəlb etdi. Bu, o vaxtlar idi ki, dünyasını dəyişmiş Ceyms Dini əvəz etməyə yeni aktyor axtarırdılar. Uilson Delonu sınaq film çəkilişi üçün Romaya göndərir. Çəkilişlər uğurla nəticələnir və bununla gənc aktyor karyerasına doğru ilk addımını atır.
1957-ci ildə lentə alınan "Qadınlar işə qarışanda filmi Alen Delonun çəkildiyi ilk film idi. Bundan sonra onu digər ekran əsərlərinə dəvət etdilər. "Gözəl ol və sus, "Kristina, "Zəif qadınlar, "Rokki və onun qardaşları, "Leopard, "Siciliya klanı, eləcə də çoxsaylı dram, kriminal, detektiv və triller janrlı filmlər onu tədricən məşhurlaşdırdı.
Dalina, Romi, Niko, Natali, Mirey, Rosali
Gənc və yaraşıqlı Delon filmlərdəki rolları ilə təkcə aktyor kimi məşhurlaşmadı. Yüzlərlə sevgi məktubu, evlilik təklifi alan aktyor "Kristinanın çəkilişləri zamanı gənc, avstriyalı kinoaktrisa Romi Şnayderlə eşq macərasına başladı. Macəra Alen və Rominin evlənmələri ilə nəticələndi. Lakin evliliyin ömrü cəmi bir neçə il sürdü. Media bunun səbəbinin Delonun yeni eşq macərasına başlaması ilə əlaqədar olduğunu, bir sıra qəzetlər isə əksinə, Romi Şnayderlə əsaslandırdılar. Yeri gəlmişkən, Delon Romi ilə eşq macərasına başlamazdan az əvvəl Dalida adlı qadınla da sevişirdi.
Delonun şəxsi həyatı növbəti dəfə 1962-ci ildə medianın gündəminə gəldi. Müğənni, aktrisa Niko 1962-ci ildə dünyaya gətirdiyi övladının atasının Alen olduğunu iddia etdi. Aktyor Kristian Aaronun onun oğlu olması haqda qadının iddialarını qəbul etmədi.
Aktyorun növbəti eşq macərası 1964-cü ildə başladı. Avqustda o, Natali Bartellə dəbdəbəli toyunu etdi. Bu nikahdan onların hazırda aktyor kimi çalışan övladları Entoni dünyaya gəldi. Ancaq xasiyyətcə tünd Delonun bu evliliyinin də ömrü cəmi 4 il çəkdi.
Delonun yeni xoşbəxtlik axtarışı onun aktrisa Mirey Darkla yolunu birləşdirdi. 1968-ci ildə başlanan bu əlaqələr 15 il davam etdi. Lakin Delon bu qadından da ayrıldı.
1983-ci ildə aktyor tənha qaldı. Dörd il sonra 52 yaşlı aktyor özündən 31 yaş kiçik, 21 yaşlı holland manekeni Rosali van Bremenlə eşq macərasına başladı. Bu nikahdan Delonun daha 2 övladı dünyaya gəldi. Onlar 10 il birlikdə yaşadılar.
Qeyd edim ki, Fransa qanunvericiliyinə görə, kişi ilə qadının 10 il bir yerdə yaşaması rəsmi nikaha bərabərdir. Lakin günlərin birində Delon bu qadından da soyudu. Cütlük 1997-ci ildə boşandı. Rosali uşaqlarını da götürüb dostu Alenin Aflenin evinə üz tutdu və milyonerə ərə getdi.
1997-ci ildən subay qalmış aktyorun hazırda hansısa qadınla eşq macərası yaşayıb-yaşamaması məlum deyil. Məlum olan odur ki, Alen növbəti dəfə rəsmi şəkildə nikaha daxil olmaq istəmir. Yeri gəlmişkən, Delonun dünya gözəli Monika Belluçi ilə də səmimi münasibətlərini əks etdirən fotolar da var.
Aktyorun gizli sevgisi isə bu günə kimi müəmma olaraq qalır. O, jurnalistlərin "Kiminlə nahar etmək istərdiniz? sualına "Yalnız onunla cavabını verib. Onun kim olduğunu isə heç kim bilmir.
Bakıda "donub qalan Delon
Alen Delonla bağlı maraqlı faktlar bununla yekunlaşmır. Məsələ burasındadır ki, hazırda aktyorun ayrı-ayrı qadınlardan dünyaya gəlmiş bir neçə övladı onun sənətini davam etdirir. Onun ikili vətəndaşlığı (İsveçrə və Fransa) var.
O, gənc yaşlarında olduğu kimi indi də tənha yaşadığını deyir. Luar sahillərində bir neçə iti (onlardan ikisi general Lebedin bağışladığı ovçarkadır - A.T.) və Pupus adlı pişiyi ilə yaşayan aktyor ətriyyat istehsalı ilə məşğuldur. Bununla yanaşı, aviaşirkət rəhbəridir. Ayrı-ayrı qadınlardan dünyaya gəlmiş övladları ilə münasibətlərini qaydaya salmağa çalışan qoca jurnalistlərin "ən böyük uğurunuz nədir? sualına qəribə cavab verib: "Mən yaxşı vetsina (qaxac edilmiş donuz əti və ya budu - A.T.) kəsə bilir və əla paştet hazırlayıram.
Həyatı boyu saysız-hesabsız itlərlə dostluq etmiş aktyorla bağlı daha bir maraqlı məqam, Delonun ölmüş itləri öz həyətində basdırmasıdır. O, hətta Rusiya gəlişi zamanı jurnalistlərdən birinə verdiyi müsahibədə basdırdığı itlərin yanında dəfn edilməsi arzusunu da gizlətməyib.
Alen Delonun həyatından bəhs edərkən onun Bakıda üzləşdiyi maraqlı məqamı da xatırlatmaq istəyirəm. 1980-ci ildə lentə alınan "Tehran-43 filminin İrana aid olan hissəsi Bakıda lentə alındı. Rusiyanın xalq artisti İqor Kostolevskinin sözlərinə görə, filmin küçə səhnələri paytaxtımızda çəkilib: "O zaman Alen özü çəkiliş meydançasına çıxdı, hamı onun oynadığı rola canlı tamaşa etmək üçün küçəyə axışdı. Küçədə hər kəs Aleni izləyirdi. Biz özümüz də çəkiliş meydançasında dayanıb onu seyr edirdik.
Delonun olduğu səhnə çəkilişinə hazırlıq başlayanda qrim ustası Valentin Savelyev gözlənilmədən ənliyi ("pudranı) Delonun sifətinə sürtdü. Pərt olmuş aktyor yerində donub qalmış, qrim ustasının bu hərəkətinə təəccüblənmişdi.
Valentinin üstünə qışqırdılar: "Sən nə edirsən? Axı bu Delondur! Valentin isə iradlara belə cavab verdi: "Onun sifəti parıldayır. Delonu filmə belə çəkmək olmaz axı.
Aktyorla bağlı daha bir maraqlı fakt onun mediadakı özü barəsindəki şayiələri tez-tez alt-üst etməsidir. Fransa mətbuatı Alenlə digər kino ulduzu Jan Pol Belmando arasında gizli rəqabətin olduğunu, aktyorların bir-birlərini görməyə gözləri olmadığını tez-tez vurğulayırdı.
Bir dəfə Belmando xəstələnib yatağa düşdü. Onun yatdığı palatanın qapısını hamıdan birinci əlində gül olan Alen açdı...