Bu ilin avqustunda Suriyada müxalifət qüvvələrinin nəzarətində olan Əl-Katerji məhəlləsində hökumət və Rusiyaya məxsus təyyarələr tərəfindən həyata keçirilən hava hücumu zamanı yaralanan və dünya mətbuatının gündəminə düşən 5 yaşlı Ümranın yenə də yaralandığı bildirilir.
Unikal.org xəbər verir ki, qafqazinfo-nun "Milliyetə istinadən verdiyi məlumata görə, suriyalı Ümran dünən gecə saatlarında Rusiyanın həyata keçirdiyi hava hücumu zamanı ağır yaralanıb.
Xatırladaq ki, 5 yaşlı Ümran Dakneşin hadisədən sonra görüntüləri yayılmışdı və bu, Suriyada baş verən daxili qarşıdurmanın ən dramatik şəkillərindən biri kimi mətbuatda, eləcə də sosial şəbəkələrdə geniş yayılmışdı.
Görüntülərdə bütün bədəni toza batmış uşaq dağılmış evlərdən birindən çıxarılır və təcili tibbi yardım maşınındakı oturacağa əyləşdirilir. Ümranı xilas edən şəxs daha sonra onu avtomobildə tək qoyub digər uşaqları qurtarmağa gedir. Bu anda baş verənlərin şokunu yaşayan Ümran sakitcə ətrafı, ona baxan insanları izləyir və üzündən axan qanı görüncə əlini başına aparır. Əlinə bulaşan qana baxan uşaq heyrətlər içində qalır. O, əlini oturacağa silərək qan izlərindən xilas olmağa çalışır.
Ümran xəstəxanalardan birində müalicə almış, ordan fotosu da yayılmışdı.