Sosial şəbəkələrdə "Nutella şokoladları ilə bağlı videogörüntü yayılıb. Videoda şokoladın qabının üzərində Ermənistanda istehsal olunması ilə bağlı məlumatlar yer alıb. Xanım istehlakçı bu şokoladı mağazaların birindən aldığını və mövcud vəziyyətlə üzləşdiyini deyir. O, eyni zamanda, insanları belə məhsulları alarkən diqqətli olmağa çağırır.

eyyub hüseynov ile ilgili görsel sonucuMəsələ barədə Unikal.org-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, rəhbərlik etdiyi təşkilat bu məsələni araşdırıb: "Məlum olub ki, "Nutella şokoladlarını istehsal edən şirkət markalanma zamanı yanlışlığa yol verib. Biz məhsulun gömrük sənədlərini də əldə etmişik. Sənədlərə əsasən onun Ermənistandan gəlməsi mümkün deyil. Bu istehsalçı şirkətin səhvidir.

"Nutella şokoladlarını Azərbaycana gətirən rəsmi distirbyutor "ENGIN şirkəti ilə əlaqə saxladıq. Şirkətin Xarici Əlaqələr üzrə direktoru Leyla Seyidzadə Unikal.org-a bunları bildirdi: "Sosial şəbəkələrdə yayılan videonu biz də izləmişik. Anaların narahatçılığını başa düşürük. Bu məhsul Azərbaycana Ermənistandan yox, birbaşa istehsalçıdan gətirilir. Biz uzun zamandır həmin şirkətin Azərbaycanda rəsmi distribütoruyuq. Bunu sübut edən gömrük sənədlərini də Sizə təqdim edə bilərik. İstehsalçı şirkət qablaşdırma zamanı marakalanmada yanlışlığa yol verib. Azərbaycana gətirdiyimiz bütün məhsullar gömrük nəzarətindən keçirilir. Qanunvericiliyə uyğun olaraq məhsulun üzərində Azərbaycan dilində məlumatlar olmalıdır. Biz də məhsulun öz etiketinin üzərinə Azərbaycanda dilində məlumatlar əks olunan etiket yapışdırmışıq. Əgər bu Ermənistandan gətirilsəydi müvafiq qurumlar bununla bağlı ictimaiyyəti məlumatlandırardılar.

Həsən Babayev