Xəzər rayonu Şimal DRES qəsəbəsindəki 230 saylı orta məktəbin direktoru Elşən Qafarov rəhbərlik etdiyi təhsil ocağında baş verənlərdən danışıb.

Unikal.org xəbər verir ki, ölkə.az-ın əməkdaşıyla söhbətində E.Qafarov bildirib ki, baş verənlər barədə təlimata uyğun olaraq, Bakı Şəhər Baş Təhsil İdarəsinin ayrı-ayrı sektorlarına mütəmadi məlumatlar verib:

"Sadəcə, həm mənim, həm də kollektiv üzvləri haqda deyilən böhtanlar kollektivi də hiddətləndirib. Hazırda məktəb direktoru olduğum üçün təlimata uyğun olaraq, idarənin razılığı olmadan bir araşdırma verə bilmərəm. Artıq ərizəmi yazmışam, sabah kollektivlə sağollaşıb, məktəbi təhvil verəcəyəm. Ləman Babayeva ilə şəxsi münasibətimiz olmayıb. Direktor müavini kimi aramızda çox yaxşı işgüzar münasibət olub. Təbii ki, kollektivlə harasa getmişik. Amma burada xüsusi bir əlaqə olmayıb. Ləman Babayeva isə bu iddiasında qalır. Məqsəd yenə mənim işgüzar nüfuzumu ləkələməkdir. Bununla bağlı rayon prokurorluğunun qərarı var ki, onun dediyi bütün sözlər böhtandır. Hazırda o sənədləri toplayıram və yaxın günlərdə işgüzar nüfuzuma xələl gətirilməsi iddiasıyla məhkəməyə müraciət edəcəyəm".

E.Qafarovun sözlərinə görə, Ləman Babayeva ilə münasibətləri Rusiyadan direktor müavininin milliyyətcə erməni olması haqda göndərilən məktubdan sonra korlanıb:

"Münasibətlərimizin korlanması Rusiyadan onun erməni olmasıyla bağlı məktubun gəlməsindən sonraya təsadüf edir. Amma ona qədər Ləman Babayeva tez-tez deyirdi ki, məni hansısa məktəbə direktor təyin edəcəklər. Ötən tədris mövsümünün sonunda işə az-az gəlirdi, yaxud gəlib tez gedirdi. Məktub gələndən sonra isə vəziyyət gərginləşdi. Mən 16 yaşımdan Qarabağda döyüşmüşəm, bir qardaşım Mehman Qafarov tank alayının komandiri olub. Sağlığında Milli Qəhrəman adından imtina edib ki, Şuşa azad olandan sonra o adı qəbul edəcəyəm. Keçmiş döyüşçülər bu haqda məlumatlıdırlar. Mən də onun ana nənəsinin erməni olduğunu bilməmişəm. Məktubda da belə göstərilir. Bildiyim qədər onlar ailəlikcə İrəvandan Gəncəyə, oradan da 1970-ci ildə Buzovnaya köçüblər".

E.Qafarov bildirib ki, Babayeva bir neçə gün öncə bir müəlliməyə də xəsarət yetirib və hazırda Xəzər rayon polis idarəsinin birinci polis bölməsində onun barəsində təhqiqat aparılır.

Qeyd edək ki, 230 saylı orta məktəbin kollektivi Ölkə.Az-ın redaksiyasına müraciət edərək Ləman Babayevanın onları təhqir, şantaj etdiyini bildirmişdilər.

Müraciətdə bildirilir ki, məktəbin direktor müavini Ləman Babayeva onları şantaj, təhqir edir, qardaşı müəllimləri bıçaqla hədələyir. Bütün bunlar isə Rusiya Federasiyasından bu ilin yay aylarında məktəbin ünvanına göndərilən bir məktubdan sonra başlayıb:

"Bu ilin iyul-avqust aylarında Rusiyadan məktəbin ünvanına məktub gəldi. Məktubda göstərilirdi ki, Ləman Babayeva əslən ermənidir, ailəsi və özü belə-belə fırıldaq işlər görüblər. Həmin məktubun surətini də saytınıza təqdim edirik.

Direktor bu məktub barədə pedaqoji heyəti məlumatlandırdı. Ondan sonra Ləman Babayeva şantajlara keçdi. Onun qohum-əqrəbası, arxasında duran kimlərsə məktəbə hücum çəkdi. Hətta həmin görüntüləri də sizə təqdim edəcəyik. Qardaşı məktəbə bıçaqla hücum çəkmişdi. Məsələ polisə gedib çıxdı. Tədris mövsümü başlayana yaxın direktorun adına böhtanlar deməyə başladı. Polisə ərizəsində bildirib ki, direktorla filan müəllimələr guya əxlaqsızlıqla məşğuldurlar. Hətta direktor tərəfindən ona qarşı zorlanma olduğunu yazmışdı. DirektorA bütün sübutları, videogörüntüləri təqdim etdim və günahsız olduğunu isbatladı və müdirimiz Elşən Qafarov zərərçəkmiş qismində tanındı.

Ləman Babayevanın vəkilinin və kollektivin iştirakıyla həmin görüntülərə baxıldı. Göründü ki, burada heç bir zorlama faktı yoxdur. Əslində, şər-böhtana görə Babayevanın özü məsuliyyətə cəlb olunmalıydı. Amma onun işdən çıxmağı şərtiylə barışıq elan olundu. Çünki uşaqlar ondan hansı təlim-tərbiyəni ala bilərlər? Bu insan başladı kollektivi təhqir etməyə, ona əməl, cadu eləndiyini söyləməyə. Bunlar müəllim adına yaraşmayan söhbətlərdir".

Kollektivin müraciətində qeyd edilir ki, L.Babayeva sentyabrın 14-də özünə saxta bülleten alıb ki, guya xəstədir:

"Ayın 19-da işdə olmalıydı, lakin bir neçə gün gec gəldi və yenidən qalmaqallar başladı. Məktəbdə münaqişə komissiyası təşkil olundu, kollektiv bildirdi ki, biz səninlə işləmək istəmirik, bu boyda söz-söhbətdən sonra çıxmalısan. Həmin iclasda özü etiraf etdi ki, mən həqiqətən əxlaqsız yoldayam, amma bunun heç kimə dəxli yoxdur, mənim arxamda filan rəislər dayanıb və heç kim işdən çıxarda bilməz. Ağsaqqalların qarşısında 10-15 nəfərin adını çəkərək bildirdi ki, filankəs filanləslə sevgilidir, niyə onlar çıxmır, mən çıxıram? Halbuki onun dedikləri böhtan idi. Təsəvvür edin, belə bir insanın məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini işləməyə haqqı varmı?

Direktora deyib ki, sən çıxacaqsan, sonra mən də işdən çıxacağam. Elşən Qafarov da kollektivin daha böyük zərbə almaması üçün ərizəsini yazıb işdən çıxıb. Eşitdiyimizə görə, yaxın günlərdə yeni direktor təyin olunacaq. İndi bilmirik ki, bu, Ləman Babayeva olacaq, yoxsa başqası. Oktyabrın 26-da yetmiş nəfərlik kollektiv olaraq Bakı Şəhər Baş Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevaya məktubla müraciət etmişik".

Şikayətçilər bildirirlər ki, dəfələrlə müraciətlərinə baxmayaraq, hələ də bununla bağlı lazımi tədbirlər görülmür:

"Biz belə müraciət etdikcə o deyir ki, arxamda polis rəisləri durub və məni heç kim işdən çıxarda bilməz. Maraqlıdır ki, o məktub Məhəbbət xanıma ya çatdırılmayıb, ya da başqa səbəb var. Çox xahiş edirik, bizim səsimizə səs versinlər. Nə üçün bu boyda kollektivin sözünü eşidən yoxdur. Bu məktəbdə çox pis hadisələr gözlənilir. Babayevanın haqqında böhtan yağdırdığı müəllimələri əri öldürəndən sonra təhsil idarəsi işə qarışacaq? O adam başdan ayağa şantajçıdır. Ötən həftə bir müəllimənin saçından tutub məktəbdə sürüyüb, sonra da öz üzünü cırıb polisi, təicli yardımı çağırıb. İndi həmin işə müstəntiq baxır. Ləman Babayeva onu boğurmuş. Bura təlim-tərbiyə ocağıdır. Gündə müstəntiq gəlir, rəis gedir, rəis gəlir, prokuror gedir. Müəllimləri çağırıb izahat alırlar, sorğu-sual edirlər. Belə məktəbdə, belə şəraitdə hansı təlim-tərbiyədən söhbət gedə bilər? Bu adam polisdə etiraf edib ki, qardaşımı məsuliyyətdən qurtarmaq üçün direktorun məni zorladığını demişəm, əslində, belə bir şey olmayıb.

Direktor da bura qədər çalışdı, bacarmadı, çıxdı getdi. Məktəbimizin son illərdə hansı uğurlar qazandığını hər kəs bilir. Amma o uğurların qarşısında Ləman Babayevaya görə bizim adımız ləkələnsin?"

Əməkdaşımız məsələ ilə bağlı Ləman Babayevanın özüylə əlaqə saxlayıb. Direktor müavini haqqında səsləndirilən fikirlər barədə danışmaq istəməyib:

"Mənim ixtiyarım yoxdur ki, sizə hesabat verim. Xahiş edirəm, məni narahat etməyin".

Redaksiya: Məsələ ilə bağlı yazıda adı çəkilən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.