Nazirlər Kabineti "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının, Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala, Şamaxı müalicə diaqnostika mərkəzlərinin və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin Gəncə Müalicə Diaqnostika Mərkəzinin fəaliyyətinin tənzimlənməsi haqqında qərarında dəyişikliklər edib.
Unikal.org xəbər verir ki, apa-nın məlumatına görə, dəyişikliyə əsasən bu tibb müəssisələrində çalışan həkimlərin aylıq tarif (vəzifə) maaşları artırılıb.
Vahid Tarif Cədvəli əsasən əməyin ödənilməsinin 19 dərəcəsi var və əməyin ödənilməsinin dərəcəsi artdıqca müvafiq olaraq aylıq vəzifə maaşları artır. Yəni əməyin ödənilməsinin I dərəcəsi üçün ən az, əməyin ödənilməsinin XIX dərəcəsi üçün ən yüksək aylıq vəzifə maaşı müəyyən edilir. Beləliklə, indiyə qədər əməyin ödənilməsinin I dərəcəsi üçün həkimlərin aylıq vəzifə maaşları 93,5 manat, əməyin ödənilməsinin XIX dərəcəsi üçün 644 manat olub. Dəyişikliyə əsasən isə bundan sonra əməyin ödənilməsinin I dərəcəsi üçün həkimlərin aylıq vəzifə maaşları 116 manat, əməyin ödənilməsinin XIX dərəcəsi üçün 750 manat olacaq.
Nazirlər Kabinetinin qərarına əsasən Siyəzən Müalicə Diaqnostika Mərkəzi də bu siyahıya daxil edilib. Bu tibb müəssisəsində çalışan həkimlərinin maaşları da eyni prinsiplə ödənəcək.