Ən qədim
zamanlardan zinət əşyaları insanların həyatında önəmli bir yerə sahib olub.
Zaman keçdikcə bu əşyaların dəyəri artıb, bununla əlaqədar insanlarda həmin
əşyaları ələ keçirmək, daha da varlanmaq ehtirası baş qaldırıb. Əvvəllər zinət
əşyalarından yalnızca qadınlar istifadə etsələr də, günümüzdə kişilər də onlara
az maraq göstərmirlər. Bəs kişilərin zinət əşyaları taxmasına İslam
dininin münasibəti necədir?
İlahiyyatçı
Bəhruz Camal deyir ki, İslam şəriətinə əsasən kişinin qızıl
əşyaları taxması haram hesab olunur. Bunun müəyyən səbəbləri var: "Səbəblərdən
biri qızılın zinət hesab olunmasıdır ki, kişilərdə özlərini başqalarından
seçmək və üstün tutmaq kimi hisləri oyadır. Qızıl zinət olması baxımından
qadınların istifadə etməsi isə icazəlidir. O da yalnız öz məhrəmlərinin
(ərlərinin) yanında. Lakin başqa bir nüans isə qızılın tərkibindəki metalın qan
dövranını intensivləşdirməsi və daha sürətlə dövr eləməsinə səbəb olaraq
kişilərdə ehtiras və şəhvət hissini artırır ki, bu da müəyyən mənada insanı günaha
sürükləyə bilər.
B. Camal qeyd etdi ki, Allahın gördüyü hər bir işdə müəyyən bir hikmət
var:"Allahın halal və haramları hər hansısa bir hikmətə əsaslanaraq
mütləq şəkildə insanın xeyrinə və kamalına xidmət edir. Bu baxımdan da bəzi
şəri hökmlərin hikməti və fəlsəfəsi bizə tam aydın olmasa da Allahın əbəs və
faydasız işi əmr etməməsini bildiyimiz üçün bunu qəbul edirik.
Fəlsəfə
doktoru, ziyalı Müşfiq Şükürov isə bildirdi ki, heç zaman qızıl və ya
gümüş heç nə taxmayıb. O, bunu bir sıra səbəblərlə əsaslandırır: "O
əşyanın da gərək qulluğunu edəsən. Əllərini yuyanda gərək çıxarasan, sonra isə
harda qoyduğunu unutmayasan. Həyatımıza daxil olan hər kiçik əşya belə
səni bir az qula çevirir. Amma məsələn, Müslüm Maqomayevin barmağında həmişə
İran şahının hədiyyəsi olan iri qızıl üzük olardı. Sovet dövründə bu Müslümün
azadlığını və bənzərsizliyini göstərirdi və yaxşı idi. Adamına baxır. Taxdığı
dəyərli bəzəklə öyünən insan bütün hallarda çirkinlik yayır. Yadigar olaraq
daşıyanlar istisnadır. Lakin adamların ürəklərindəkini bir Allah bilir, bir də
adamın özü. Ona görə də bu məsələdə heç kimi mühakimə etmirəm.