Yəqin çoxları bildi. Söhbət son vaxtlar sosial şəbəkələrdə tənqid olunan kompüter oyunlarından gedir. İlk baxışdan azyaşlılara dini məlumatlar vermək kimi sadə və xoş niyyət kimi görünən oyunlarda suallar verilir. Və uşaq bu suallara düzgün cavab verməklə "cənnətə" daxil olur. Suallardan biri də başqa dinlərə inananlarla, yəni kafirlərlə bağlıdır. Kafirlər isə nifrətə layiqdir.
Yəqin ki, çoxları cinsi azlıqlarla bağlı onlayn oyunlarını da xatırlayır. Uşaq hər dəfə düyməni basdıqca ətrafa qan sıçrayır, geylər xüsusi qəddarlıqla qətlə yetirilir. Çoxsaylı şikayətlərdən sonra geylərin öldürülməsi oyunu yığışdırılsa da, hazırda qanlı döyüş, müharibə, amansız qətl səhnələri ilə dolu olan onlarla onlayn oyunlar var.
Təəssüf ki, qətl, zorakılıq və ya intiharı təbliğ edən oyunları qadağan etməklə uşaqları internetdən gələn təhlükədən qorumaq mümkün deyil. Artıq məsələ valideynin və ya ailənin problemi olmaqdan çıxıb. İnternetdən gələn təhlükənin qarşısını almaq mümkündürmü? Uşaqları bu təhlükədən necə qoruyaq?
Unikal.org xəbər verir ki, Virtualaz.org saytı bu suallara cavab axtarıb.
Çılpaq qızlar, təhlükəli reklamlar
"Təbii ki, bütün onlayn oyunlarının üzərindən xətt çəkmək olmaz. İnternetdə zehnin inkişafı, zəka, məntiq, riyazi hesablamalarla bağlı oyunlar da var".
Bunu "Ayan" təhsil mərkəzinin əməkdaşı Aygün Hüseynova deyir.
Məsələnin "əmma"sını izah edən pedaqoq bildirir ki, reklamlar uşaq oyunlarının bəlasına çevrilib: "Oyunda növbəti tura keçiddə çılpaq qız şəkilli reklam gəlir. Uşaq bilmədən bu şəkli tıklamaqla yeni oyunun tələsinə düşə bilər. Doğrudur, təhsil mərkəzlərində xüsusi proqramlarla bəzi saytlara girişi əngəlləmişik. Amma xüsusi virus və ya reklamlarla belə saytlar təbliğ olunur. Uşaqlar telefona yükləməklə saatlarla bu oyunlardan istifadə edə bilirlər".
Elə sosial şəbəkədə şərhlərdən də görünür ki, əksəriyyət belə vəziyyətlə qarşılaşır, amma nə edəcəyini bilmir.
Məsələn, Bakı şəhər sakini Sevda Babayeva yazır ki, 8 yaşlı oğlu Yusif oyunlardan sonra aqressivləşib: "Gün ərzində yalnız 1 saat oynamağa icazə vermişdik. Sonradan kompüteri satdıq, indi telefonda oynayır. "Vəhşi döyüş" oyununa aludə olub. Oyunu qadağan edən kimi aqressivləşir, dostları ilə yola getmir, tez-tez dalaşır".
Bu arada, "qorxunc ruh", "möhtəşəm döyüş" oyunlarında kannibala çevrilən qəhrəman ruhlarla döyüşür, çiy ətlə qidalanır.
Oyunlardakı çatlar və ya böyüklərdən gələn mesaj...
Onlayn oyunların əksəriyyətində çatlar var. Əslində, sosial şəbəkələrin olduğu bir dönəmdə oyunlardakı çatların təhlükəsi hiss olunmaya bilər. Amma bu çatlarda uşaqların böyüklərlə ünsiyyətini nəzərə alsaq, təhlükənin bir addımlıqda olduğunu söyləyə bilərik.
"Uşaq internetdə vaxt keçirirdi. Mən isə heç fikir vermirdim. Çünki çox sadə oyunlardır, gəzintiyə gedən qızları bəzəyirlər, makiyaj edirlər, yedirirlər. Amma təsadüfən oyunların birində uşağa yazılan mesajı oxudum. 8 yaşlı qızıma cinsi istəklə bağlı məlumatlar yazmışdılar. Üstəlik bu məlumatları 17 yaşlı oğlan yazırdı".
Bunu Bakı şəhər sakini Arzu Quliyeva söyləyir. Ofis meneceri işləyən Arzu deyir ki, günün 10 saatını kompüter arxasında keçirir. Lakin onlayn oyunlarının təhlükəsindən xəbərsiz olub: "Oyuna girmək üçün e-mail açılır. Uşaq bal topladıqca oyunlarda turdan-tura keçmək asanlaşır. Mesajları oxuduqca əmin oldum ki, çatlarda uşaqlar deyil, yaşlılar yazırlar".
Bu arada qeyd edək ki, oyundan ayırdığı üçün anasını öldürən, intihar edən azyaşlılarla bağlı mətbuatda məlumatlar verilib. Və bu problem yalnız bir dövlətin deyil, bütün dünyanın bəlasına çevrilməkdədir.
Bəs belə oyunlar necə yayılır?
Hazırda internetdə porno oyunlardan tutmuş qanlı döyüş səhnələrinə qədər müxtəlif oyunlar var. Bu oyunları yükləməklə kompüterin və ya mobil telefonların yaddaşına köçürmək mümkündür. Bundan əlavə, disklərdə satışa çıxarılan oyunlar da var. Təbii ki, açıq satışda olan oyunların təhlükəli olub-olmadığını, uşaqların psixologiyasına təsirini qiymətləndirən yoxdur. Yəni "icazəlidir" deyib keçə bilmərik.
Təhlükə necə gəlir...
Psixoloq Naibə Məmmədli deyir ki, kompüter oyunları vurduğu zərərə görə narkotik, siqaret və alkoqoldan sonrakı yeri tutur: "Kompüter asılılıq yaradır. Uşaqlar əsasən aqressiv oyunlara, yəni sürətlə maşın sürmə səhnələri, döyüş, amansız qətl, müharibə oyunlarına üstünlük verirlər. Kompüter oyunlarının qəhrəmanı uşağın şüuraltına daxil olur. Uşaq ətrafdakılara münasibətini dəyişir".
Psixoloq hesab edir ki, xüsusilə 6-10 yaşlı uşaqlar virtual qəhrəmanın təsirindən çıxa bilmirlər.
"Kompüter arxasında çox oturan insanlar real ünsiyyətə çətinlik çəkirlər, hətta sevə bilmirlər. İnternetə çox aludə olanlarda psixoloji gərginliyin yarandığı, beyin fəaliyyətinin kütləşdiyi də iddialar sırasındadır", - deyə N.Məmmədli əlavə edir.
"Valideynlər təhlükədən xəbərsizdirlər". Bunu isə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə açıqlayır. Onun sözlərinə görə, valideynlərlə söhbət aparanda əksəriyyətin məlumatsız olduğu aydınlaşır: "Valideynlər interneti qadağan etməklə uşaqları qoruduqlarını düşünürlər. Lakin bu gün hər 10 uşaqdan 7-8-də telefon var. Müşahidələr göstərir ki, uşaqlar daha çox telefonlarda oyun oynayırlar. Yəni hansısa qadağanla problemi həll etmək mümkün deyil".
Nazirlik isə vəd vermişdi...
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi uşaqların kiberməkanda təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər həyata keçirəcəyini vəd etmişdi. Hətta ötən il dövlət qurumlarının iştirakı ilə tədbirlər keçirilmişdi. Konfransda uşaqların hansısa kriminal qrupların təsirinə düşməsi, asılılıq, psixoloji təsir kimi təhlükələrdən qorunması üçün tədbirlər görüləcəyi bildirilmişdi. Doğrudur, Azərbaycanın təhsil müəssisiələrində filtrasiya sistemi tətbiq edilib. Uşaqların dərslərdən yayınıb internet klublarına getməsinin qarşısını almaq üçün yaş limiti qoyulub. Amma təhlükənin qarşısını ala biləcək real və effektiv tədbirlərin ardı hiss olunmadı.
Təhlükəsiz internet
İnternetdən gələn təhlükələrlə bağlı valideynlərin məlumatlandırılması üçün bir neçə sayt fəaliyyət göstərir. Məsələn, "ChildNet İnternational" internet səhifəsində valideynlər üçün müəyyən tövsiyələr verilib. Valideynlərə uşaqlara internetlə bağlı məlumat verilməsi, azyaşlılar üçün təhlükəsiz halda şəxsi kompüterdən istifadə etməyə şərait yaradılması tövsiyə olunur. "Uşaqlarınızla onların internetə girmə vaxtlarını, internetdə qaldıqları vaxtın müddətini müəyyənləşdirin. Onların daxil olacaqları uyğun saytları və internetə daxil olma səbəblərini öyrənin", - deyə tövsiyələrdə qeyd olunur. Əsas məsələ isə qadağaların niyə tətbiq edildiyini, onlar üçün nəyin zərərli ola biləcəyini öyrədin.
Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz isə internetdəki təhlükəli oyunların qarşısını almaq üçün həyata keçirilməli olan tədbirləri açıqlayıb: "Təhsil Nazirliyi ilə birgə filtrasiya sistemi yaratmışıq. Bu sistemlə məktəblərdə informasiya bir növ süzgəcdən keçirilir".
Bu sistem zərərli məlumatların yayılmasının qarşısını ala bilir. Məsələn, tarix müəllimi tarixlə bağlı məlumat axtarır. Axtarış sistemində zərərli informasiyalar çıxmır.
Çıxış yolu...
Valideynlər də təmizlənmiş internet ala bilərlər. Bununla da zərərli proqramlar əngəllənə bilər. Hələlik internetdən gələn təhlükənin qarşısı yalnız belə alına bilər. Amma məsələ ondadır ki, bu gün internetdən gələn təhlükə yalnız mətbuat və sosial şəbəkələrdə müzakirə mövzusu olur. Dövlət qurumları təhlükənin qarşısını almaq üçün maarifləndirici sosial reklam hazırlamır. Aparılan müzakirələr isə uzaqbaşı məlumat kimi hansısa saytın xəbər lentində gedir.