Xəbər verdiyimiz kimi Sabunçu rayonunun Ramana qəsəbəsində qəzalı vəziyyətdə olan binanın sakinləri üçün tikilmiş yeni binanın noyabrın 25-də açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Unikal.org bina sakinləri ilə prezident İlham Əliyevin dialoqun təqdim edir.
Binanın sakini Namiq ABDULLAYEV:

-Möhtərəm cənab Prezident.

Bütün sakinlər adından Sizi ürəkdən salamlayıram. Bundan əvvəl hansı şəraitdə yaşayırdıq, bunu bir Allah, bir də burada yaşayan sakinlər bilir. Şəxsən mənim özüm darısqal, heç bir şəraiti olmayan, cəmi 43 kvadratmetr sahəsi olan bir mənzildə yaşayırdım. Bu gün isə Sizin sayənizdə bizə ondan ikiqat böyük, belə gözəl, hər cür şəraiti - suyu, qazı, işığı, istiliyi olan mənzil verdilər. Buna görə Sizə ailəm adından minnətdarlığımı bildirirəm. Çox sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ ol. İndi sizin mənzilinizin ölçüləri nə qədərdir?

Namiq Abdullayev: 73 kvadratmetr.

Prezident İlham Əliyev: Çox yaxşı.

Namiq Abdullayev: Allah razı olsun. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ ol.

Sakin Yeromina YEVGENİYA:

-Hörmətli cənab Prezident, xoş gəlmisiniz.

Mən Bakının bu kiçik qəsəbəsində doğulmuşam və burada yaşayıram. Əvvəllər bizim heç xəyalımıza da gəlməzdi ki, yaşadığımız köhnə, qəzalı vəziyyətdə olan binanın yerində bu cür qəşəng, keyfiyyətli bina tikiləcək və bizə yüksək təmirli mənzillər veriləcək. Bizə göstərdiyiniz qayğı və diqqətə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sağ olun.

Sakin Balacaxanım HƏZİYEVA:

-Möhtərəm cənab Prezident, mən ilk sözümü Ulu Öndərimizin müdrik kəlamı ilə demək istəyirəm: "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam.

Əziz Prezidentimiz, bu gün mənim ən xoşbəxt günümdür. Çünki iki arzuma çatmışam. Birincisi, Sizin sayənizdə mən qalan ömrümü bu gözəl binada yaşayacağam. İkincisi və ən başlıcası, Sizin nurlu simanızı yaxından gördüyüm üçün çox xoşbəxtəm. Əziz Prezidentimiz, Sizə və Sizin gözəl ailənizə, bir ana kimi, cansağlığı, xoşbəxtlik arzulayıram. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Çox sağ olun. Təşəkkür edirəm. Sizin ev şəraitiniz əvvəllər necə idi?

Balacaxanım Həziyeva: Dəhşətli vəziyyətdə idi. Mən 48 il o binada yaşamışam. İndiki mənzilimiz isə çox gözəldir, geniş, işıqlı, təmirlidir.

Prezident İlham Əliyev: İndi bu mənzillərdə hər cür şərait var - su, işıq, qaz.

Balacaxanım Həziyeva: Allah Sizə cansağlığı versin.

Prezident İlham Əliyev: Sağ olun. Bir daha qeyd etmək istəyirəm bu, xüsusi bir layihədir. Belə layihələrin icra olunması vətəndaşların mənzil problemini birdəfəlik həll edəcək. İndi imkanlı insanlar gedirlər özləri üçün mənzillər alırlar. O qədər də böyük imkanlara malik olmayanlar isə qəzalı vəziyyətdə olan binalarda yaşayırlar. Biz buna son qoyacağıq.

Sakinlər: Çox sağ olun, cənab Prezident, Allah Sizi bizə çox görməsin.

Prezident İlham Əliyev: Sağ olun. Bir daha təbrik edirəm. Xoşbəxt yaşayın.

Sakinlər: Çox minnətdarıq.