Meyxanaçı Namiq Qaraçuxurlu şəxsi həyatından və Çin səfərindən danışıb. 
Unikal.org musavat.com-a istinadən sənətçi ilə müsahibəni təqdim edir:
 -Çin səfərinin maraqlı keçməsi həyat yoldaşımla uzun müddət orada qalmağıma səbəb oldu. Tək fotolarımı paylaşdığım üçün hamı yalnız getdiyimi düşünürdü. Amma xanımımla getmişdim. Düşündüm ki, uzaq yoldur, bir də Çinə gələ bilmərik. Fərqli şəhərlər gəzdik, mədəniyyətləri, mətbəxləri bizə yad olduğu üçün diqqətimizi çəkdi. 
- Toydan sonra Çinə gedib, orada uzun müddət qalmağınız burada söz-söhbətlərin təməlini qoydu. İddia olundu ki, Namiq evlənməyib, dedi-qodulara son qoymaq üçün saxta toy edib. Çinə də bu səbəbdən gedib. 
- Mən təxribata uymamalıyam. Bəzən tamaşaçı alqışlarla sənətçini uçuruma aparır. O sənətçi uçuruma getdikcə tamaşaçı onu alqışlayıb bildirir ki, "sizi elə görmək istəyirik". Amma sonra həmin sənətçini çətin duruma düşdüyü üçün qınayırlar. Qadınla kişi müğənninin qalmaqalı düşəndə tamaşaçılar kişi müğənnidən tələb edirlər ki, həmkarının cavabını versin. Kişi susduqca onun üstünə düşürlər. Kişi sənətçi cavab verəndə də onu qınayırlar ki, kişi qadını təkləməz. Evliliyim ilə bağlı söz-söhbətlər də sadaladığım qəbildəndir. "İnstagram"da yazırlar ki, "həyat yoldaşınızın fotosunu niyə paylaşmırsınız?" Foto paylaşsam, eyni adamlar tənqidi fikirlər yazacaqlar. Sənətçiyəm, tamaşaçı ancaq mənim sənətimə baxa bilər. Şəxsi həyatım tamaşa deyil ki, onu tamaşaçıya nümayiş etdirim. Qərarıma hörmətlə yanaşılmağını istəyirəm. 
- Uzun fasilədən sonra yeni mahnınız "Şəkərim" işıq üzü gördü. Yaradıcılıq işlərinizi davam etdirəcəksiniz? 
- Oktyabr ayından bəri sənətdən uzağam, geriyə yeni mahnı ilə gəlməli idim. Hələ ki, mahnıya olan reaksiyalar gözəldir. Daha çox sevilsə, yay aylarında klip çəkdirəcəyəm.
- Şou-biznesdə olduğu kimi meyxana sahəsində də durğunluq var. Tamaşaçıların meyxanaya böyük marağı olduğu halda meyxanaçıların passivlik göstərməsinin səbəbi nədir? 
- Meyxana dinləyicilər tərəfindən sevilir, hər zaman tələbat var. Bir müddət bu sahəyə axın oldu, meyxanada bayağılaşma getdi. Mənim kimi bir çox meyxanaçının əziyyəti sanki yerə vuruldu. Hər sahədə bir müddət passivlik olur. Bizim meyxanaçılar təəssüf ki, hazırda toyxana ilə kifayətlənir. Toyxana gözəl şeydir, mən toyumu da o tip etdim. Sadəcə olaraq bununla kifayətlənmək olmaz. Düşünürəm ki, həmkarlarım yenilik etməyə çalışmalıdır. 
- Hər dəfə 3-4 ay fasilələr verir, sənətdən, mətbuatdan uzaqlaşırsınız. Unudulmaqdan qorxmursunuz?
- Mən Azərbaycan incəsənətində öz yerimi tutmuşam. Uzun müddət də sənətdən uzaq olsam, qayıdanda öz yerimdə olacağam. Bundan sonra xarici ölkələrdə fəaliyyət göstərmək istəyərəm. Unudulmağa gəldikdə isə bu haqda 1 həftə öncə düşünmüşəm. Maşınla gedirdim, radioda bir xanım müğənninin mahnısı səsləndirildi. O müğənni hər il mahnılar yazdırır, kliplər çəkdirir və tamaşaçının yadında qalmağa çalışır. Amma mən bunu etmirəm, uzun müddətdir ki, konsert vermirəm, efirlərə gec-gec çıxıram. Başa düşürəm ki, bütün bunlara baxmayaraq unudulmamaq Allahın mənə lütfüdür. Allah mənə bəxş etdiyi xoşbəxtliyi hər sənətçiyə qismət etməyib. Əsas insanların ürəyinə yol tapmaqdır. Unudulmaqdan isə qorxmuram. 
- Mətbuatdan izlədiyim qədərilə bilirəm ki, mərhum xalq artisti İlhamə Quliyeva ilə münasibətləriniz yaxşı idi. Hətta 2014-cü ildə ondan titul istəmişdiniz. Yas mərasimində isə sizi görmədik. 
- Mən titul istəməmişəm. Maqazin proqramında mənə dedilər ki, İlhamə xanım sizə titul vermək istəyir. Mən də "Çox gözəl olar" deyə bildirdim. Süjetdə isə mənim titul istədiyim göstərildi. Yas mərasiminə işlərim olduğu üçün gedə bilmədim, 40 mərasimində iştirak etməyə çalışacağam. İlhamə xanımla münasibətlərim gözəl olub, heç bir ziddiyyətli durum yaşamamışıq, onu hər zaman çox istəmişəm.
- İlhamə Quliyevanın yazılmamış qanunları vardı. O, şou-biznesdə hegemonluq edirdi, müğənnilər də onun sözündən çıxmırdı. Sizcə, bundan sonra onun yerini kim tutacaq? 
- İlhamə xanımın yerini tuta biləcək namizəd yoxdur. O, qorxmaz insan idi və qarşısındakı insanın hansı gücə sahib olduğunu düşünmürdü. Haqsızlıq edən, ona söz atanla mübarizə aparmağa çəkinmirdi. Başqaları isə qarşısındakı insanın gücünü yoxlayır və ona uyğun hərəkət edir. Şou-biznesdə İlhamə xanım kimi qorxmadan sözünü deyə biləcək birinin olduğunu düşünmürəm. 
- Namiq Qaraçuxurlu nəyi bağışlamaz?
- İnsan unutqandır, zaman keçdikcə qarşısındakını bağışlayır. Xəyanəti bağışlamaram. Mən sənətə yeni gələndə prodüserlər var idi ki, quyumu qazırdılar. Düşünürdüm ki, mən güclənəndən, tanınandan sonra onları bağışlamayacağam. İndi həmin insanlarla gözəl münasibətim var. Müğənni var, məndən kömək istədi, mən də yardım etdim. Gedib başqa yerdə deyib ki, "Namiqi sınayırdım". Bu cür xoşagəlməz hallar insanı narahat edir. 
- Qadınlardan çox zərbə almısınız? 
- Çox zərbələr almışam. Qadınlar mənə ünsiyyətdə olduğumuz vaxtlarda deyil, sonralar pislik etməyə çalışıblar. Xanımlar məndən inciməsin, düşünürəm ki, onlara etibar etmək olmaz. Qarşına xanım çıxır, həyatda çox haqsızlıq gördüyünü düşünüb dostluq edirsən. Söhbət sevgi-məhəbbətdən deyil, həqiqi dostluqdan gedir. Ona çox hörmət bəsləmişəm, sonda xəyanətkar olduğunu anlamışam. Zaman-zaman isə ağlım başıma gəlib.
- Müşahidələrimə əsasən deyə bilərəm ki, sənət adamları və media nümayəndələri ilə soyuq münasibətiniz var. Bunun səbəbi nədir? Özünüzü şou aləminə aid hiss etmirsiniz? 
- Əvvəllər şou-biznesə aid olmadığını deyən sənət adamlarına pis baxırdım. Düşünürdüm ki, vaxtilə şou-biznesə can atanlar indi niyə belə deyir? Bu addımı mən də atası oldum. Şou-biznes və mətbuata birdən qapılar açıldı və hamı oraya axışdı. Əvvəllər kimin kim olduğunu, insana olan münasibəti bilirdin. Yaşım o yaş deyil ki, hamını yola verə bilim. Ona görə çalışdıqca qaçıram. Yaxşılarla ünsiyyətdə oluram. Kənarda olmaq gözəldir.
- İllər keçsə də, ailə qursanız da, Aygün Kazımova ilə biraraya gəlməyiniz maqazin dünyasında səs-küy yaradır... 
- Aygün xanımla birlikdə görüntülənməyimiz hələ də səs-küy yaradır. Bunun səbəbini bilmirəm. Bəlkə də uğurlu layihələrimiz olduğu üçün insanlar hələ də bizi maraqla izləyir. Ən baxımsız verilişə Aygün xanımla birlikdə qonaq olsaq, reytinqi rekord qırar. Aygün xanımla münasibətimiz yaxşıdır, Rusiyada tez-tez tədbirlərdə oluruq. Söz-söhbətlərin artmaması üçün ehtiyatlı davranırıq və bir-birimizdən uzaq dururuq. 
- Ailə qurduğunuz üçün sizi təbrik etdi?
- Toydan öncə təbrik etmişdi. Mən də təbrikini qəbul etdim. 
- Xanımınız Aygün Kazımova ilə münasibətinizə necə yanaşır, sizi qısqanmır?
- Mən qısqanılacaq durum yaratmıram. O da qısqanmır. Toy vaxtımın uzanmasına səbəb isə bir-birimizi daha yaxşı tanımaq idi. Bu cür məsələlərdə verəcəyimiz reaksiya önəmlidir, biz o mərhələni keçmişik. 
- Namiq Qaraçuxurlunu nələr təəccübləndirir? 
- Şou-biznesdə xarakteri güclü olan və əqidəli insanlar azdır. Həyatda çox şey gördüyüm üçün təəccüblənəcək yaşı keçmişəm.