"Azərbaycanda "Xeyir və Şər adətləri" adlı qanun layihəsi hazırlanır.
Həmin layihədə yas mərasimləri zamanı VİP çadırların qurulması qadağan
ediləcək".
Unikal.org xəbər verir ki, bu barədə ANS PRESS-ə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov
danışıb. Onun sözlərinə görə, belə bir qanun layihəsinin hazırlanmasına
səbəb əhalinin yas mərasimlərini bərabər şəkildə keçirə bilməsi ilə
bağlıdır: "Bəzən vətəndaşlar digərlərindən geri qalmamaq üçün borca
düşür, kredit götürürlər. Daha sonra isə uzun illər həmin borcu ödəyə
bilmirlər. Bütün bu narahatlıqların qarşısını almaq üçün qanunda belə
tənzimləmə aparılması labüd idi. Buna görə də belə bir layihə
hazırlandı. Burada ziyalılar və Qafqaz Müsəlmanları İdarəsinin
bəzi işbazlara tövsiyyələrinin heç bir nəticə verməsinin də rolu var.
Çünki həmin işbazlar yenə də öz bazarlarını qoruyub saxlayırlar. Hazırda
VİP çadırlar var ki, bir yerin qiyməti 28-30 manatdır. Toplamda isə
bəzi mərasimlər vətəndaşlara 20-25 min manata başa gəlir. Yeni
hazırlanan layihə bütün bu problemlərin aradan qaldırılması məqsədini də
daşıyır".
Siyavuş Novruzov deyir ki, bununla bağlı hazırda müxtəlif dövlətlərin
təcrübəsi öyrənilir. Ancaq Azərbaycanda da bir neçə yerlər var ki, həmin
yerlərdə də bir sıra qadağalar var: "Məsələn Dövlət Neft Şirkəti
tərəfindən xeyir-şər evləri tikilib və həmin evlərdə mərasim zamanı
limon, qənd və çayın verilməsi nəzərdə tutulub. Həmin xeyir-şər
evlərində yemək yemək istəyən şəxslər üçün ayırca bir otaq ayrılıb ki,
həmin otaqda ehsan yeyə bilərlər. Ancaq kütləvi şəkildə tətbiq etmək
olmaz. Rayonlarda israfçılığın qarşısının alınmasına nəzarət etmək
mümkündür. Lakin Bakıda qanunla tənzimlənməsinə ehtiyac var. Buna görə
də bununla bağlı işlər aparılır. Bəzi hallarda yolların ortasında
qurulan çadırlar nəqliyyatın hərəkətini də iflic edir. bütün bu
proseslər hazırda üzərində işlənən qanunda öz əksini tapacaq".