Ermənistan tərəfi hər il olduğu kimi bu il də əlamətdar günlərdə təmas xəttində yenidən aktivləşib.
Unikal.org ANS PRESS-ə istinadən verdiyi məlumata görə, qarşı tərəf cəbhənin Tərtər istiqamətində, Çaylı kəndi ərazisində qoyun otaran çobanları atəşə tutub. Atışma təqribən 10 dəqiqəyə yaxın davam edib. Ərazidə olan insanlar gülələrdən gizlənməyə fürsət tapsalar da, ərazidə otlayan mal-qaraya güllə dəyib.  Atışma səngidikdən sonra çobanlar mal-qaranı ərazidən uzaqlaşdırıb.
"Getdik ki, birinin başını kəsiblər, heyvanın biri lap pis vəziyyətdədir. İkisi də yaralıdır. Əsas məqsədləri uşağı vurmaq imiş, heyvanı atıblar ki, görüm uşaq çıxırmı? Ona nail ola bilməyiblər." – deyə qoyunların sahibi Qara Şahvələdov bildirib.     
Əsas dolanışıq mənbəyi maldarlıq olan kənd sakinləri dəfələrlə otlaq sahələrində gülləbarana məruz qaldıqlarını deyir. Bayram ərəfəsindəə isə əsasən dinc sakinləri hədəf alırlar.
"Əksər halda kəndə atırlar. Gecə vaxtı lap aydın görürük güllələri. O qədər olub ki, bizim evin arxa tərəfi hər yeri güllə zədələridir. Divarlarda deşiklər var." – deyə kənd sakini Alqayıt Şahvələdzadə əlavə edib.    
Sakinlərin sözlərinə görə ötən gecə də kənd 1 saata yaxın fasilələrlə atəşə məruz qalıb. Xöşbəxtlikdən atəşkəsin pozulması nəticəsində kənd sakinləri arasında ölən və yaralanan olmayıb. 
Oxşar hadisə zamanı 5 il əvvəl - 2011-ci il martın 8-də Ağdamın Orta Qərvənd kəndi yaxınlığında 9 yaşlı Bədəlov Fariz Arif oğlu erməni təxribatının qurbanı olmuşdu. Təxminən 1100-1200 metr məsafədən snayper tüfəngindən açılan atəş nəticəsində güllə kəndin sakini 2002-ci ildə anadan olmuş Bədəlov Fariz Arif oğlunun başına dəymiş və azyaşlı aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişmişdi.