Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcılarından biri, milli xalq oyun-tamaşalarının gülüş estetikasını bacarıq və həssalıqla mənimsəmiş, vəziyyət komediyalarında oynamağı xoşlayan, məsxərə hərəkətləri ilə mimika-jest ifadə vasitələrindən obrazın komik xarakterini açmaq üçün istifadə edən aktyor Lütfəli Abdullayevin vəfatından 43 il keçir.
Unikal.org bildirir ki, Lütfəli Əmir oğlu Abdullayev 1914-cü il 22 martda Nuxa şəhərində (indiki Şəki) doğulub. Oradakı yeddillik məktəbi bitirib. Bir neçə ay Şəki fəhlə gənclər klubunun dram dərnəyində çalışıb. Burada kiçik məsxərələrdə və vodevillərdə oynayıb. 1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Abdullayev Dövlət konservatoriyasının valtorna sinfinin məşğələlərində iştirak etməyə başlamış,dərslərinin gedişatını müəyyən yönə salandan sonra yaşının azlığına baxmayaraq, müsabiqə ilə opera teatrının xor heyətinə qəbul olunmuşdur. Tezliklə o, yardımçı aktyor kimi sözsüz və epizod rollarda, qısa vaxtdan sonra "Arşın mal alan" operettasında Vəli rolunda oynamışdır.
1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarananda Lütfəli Abdullayev truppaya qəbul edilib. Teatr 1949-cu ilin yazında maliyyə çətinliyi ilə bağlı fəaliyyətini dayandırmalı olanda Lütfəli Abdullayev Milli Dram Teatrına keçib.Burada Rəşid ("Kimdir müqəssir?", Georgi Mdivani), Nadir ("Çiçəklənən arzular", Məmmədhüseyin Təhmasib) və s.rollarında çıxış edib.
Klassik operettalardakı rollar siyahısına Üzeyir bəy Hacıbəyovun əsərlərində oynadığı Vəli və Soltan bəy ("Arşın mal alan"), Hambal, Cəfər və Məşədi İbad ("Məşədi İbad"), Zülfüqar bəy Hacıbəyovun əsərlərində ifa etdiyi Kəblə Heydər ("Evliykən subay"), Qulu ("Əlli yaşında cavan") obrazları daxildir.
Aktyorun əlvan yaradıcılığında çağdaş sənətkarların yazdıqları musiqili komediyalarda oynadığı rollar çoxluq təşkil edir. Bunlardan əsasları Möhsün ("Beş manatlıq gəlin", Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Məhəmməd ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov), Güloğlan ("Kəndimizin mahnısı", Kərim Kərimov və Zakir Bağırov), Mitoş ("Hicran", Sabit Rəhman və Emin Mahmudov (Sabitoğlu) və s.obrazlarıdır.
Lütfəli Abdullayev həm də populyar kino aktyoru idi. Kinoda ilk və son dərəcə uğurlu işi Rza Təhmasibin 1945-ci ildə lentə aldığı "Arşın mal alan" filmində Vəli rolu olub. O, bu rola görə 1946-cı ildə Stalin mükafatına (sonralar "SSRİ Dövlət mükafatı" adlandı) layiq görülüb. Lütfəli Abdullayev həmçinin "Əhməd haradadır?" (Zülümov), "Ulduz" (Məhəmməd), "Qəribə əhvalat" (Kefçilov) filmlərinə çəkilib.
Yaradıcılıq uğurlarına və Musiqili Komediya Teatrının inkişafındakı xidmətlərinə görə 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti və 24 may 1960-cı ildə ona xalq artisti fəxri adı verilib.
Xalqın bütün zümrələrinin sevimli aktyorlarından olan Lütfəli Abdullayev 9 dekabr 1973-cü ildə Bakıda vəfat edib. Məzarı ikinci Fəxri xiyabandadır. Bakıda adına küçə var.
2014-cü ildə Lütfəli Abdullayev haqqında "Ürəklərdə yaşayan sənətkar Lütfəli Abdullayev" qısametrajlı səndəli fim çəkilmişdir.Filmin rejissoru Sənan Sultanovdur.