Bu gün Azərbaycan estrada müğənnisi, SSRİ-nin xalq artisti, SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun doğum günüdür.
Unikal.org xəbər verir ki, Rəşid Məcid oğlu Behbudov 1915-ci dekabrın 14-də Tiflisdə anadan olub. Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb.
1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alıb. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin mükafatı" ilə təltif olunur. O, 1949-cu ildə Budapeştdə keçirilən gənclərin və tələbələrin ümumdünya festivalında çıxış edib.
Bundan başqa, 1946-1956-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub.
Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən R. Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynamışdır. R. Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazıb.
Dünyaşöhrətli sənətkar Rəşid Behbudova 1959-cu ildə SSRİ Xalq artisti, 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı verilib. SSRİ-nin Lenin Ordeni, Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu ordenləri ilə təltif olunub, bir sıra xarici ölkələrin dövlət mükafatlarına layiq görülüb.
Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.