"Sol əllə hərbi salam vermək doğru deyil. Bu cür hərəkətlər nizamnamədə də qadağandır.

Unikal.org-un məlumatına görə, bunu Publika.az-a açıqlamasında Müdafiə Nazirliyinin Beyləqandakı hərbi birləşməsinin keçmiş komandiri, general-mayor Mahmud Həmzəyev Bakı şəhər Prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Tariyel Qurbanovun Fəxri Xiyabanda sol əli ilə hərbi salam verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

M.Həmzəyev deyib ki, sol əllə hərbi salam vermək nizamnamənin tələblərinə ziddir:

"Sol əllə salam vermək olmaz. Əgər sağ ələ nə isə olubsa, xəsarət alıbsa, o zaman sol əllə salam vermək şərt deyil. Farağatda dayanıb, baş əymək kifayət edir. Salamı dil ilə demək də olar, baş ilə vermək də. Bunun üçün sol əllə salam vermək doğru deyil. Bu, qadağandır.

Xatırladaq ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşı olan Tariyel Qurbanovun sol əllə hərbi salam verməsi mediada və sosial şəbəkələrdə müzakirə olunan əsas mövzulardan birinə çevrilib.