"Rusiyada köçüb getmiş azərbaycanlılara qarşı "otxod" sözünün işlədilməsinə münasibətim birmənalı mənfidir". 

Bu fikirləri Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa deputat həmkarı Astan Şahverdiyevin "Rusiya bazarlarında işləyənlər cəmiyyətin "otxod"larıdır" fikrinə münasibət bildirərkən deyib. O qeyd edib ki, Azərbaycandan xaricə getməyə məhkum olmuş insanlara bu cür yanaşma yolverilməzdir: "Hətta onların içində Rusiya və başqa ölkələrdə davranışlarına görə müəyyən problemlər yaradan insanlar varsa, bunun da günahını onların yetişdiyi məhz buradakı təhsil, ailə və sosial mühitində axtarmaq lazımdır. Orada Azərbaycanı ləyaqətlə təmsil edən minlərlə tanıdığımız və tanımadığımız insanlar var. Bu insanların böyük əksəriyyəti adi yaşamını təmin etmək üçün ölkəni tərk etməyə məcbur olublar. Azərbaycanda minlərlə ailələr var ki, yaşamaq üçün ümidlərini oradan yaxınlarının göndərdiyi vəsaitə dikiblər. Ümumilikdə isə mühacirətdə olan həmvətənlərimizə münasibətimiz fikrimcə belə düzənlənməlidir: Yaxşıları, faydalıları dəstəkləyərək nümunəyə çevirmək, pis obrazda tanınanların yaşadıqları cəmiyyətə islah olunaraq interasiyasına yardım etmək. Yəni diasporanın keyfiyyətini yüksəltməyin yolu ona dövlət olaraq, cəmiyyət olaraq səmimi və məqsədyönlü şəkildə sahib çıxmaqdan və onlardan ölkənin mənafeyi üçün faydalanmaqdan başlayır".