Azərbaycanda yeni logistika və ticarət mərkəzləri yaradılacaq.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, bu barədə "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi"ndə qeyd olunur.

Strateji yol xəritəsində bildirilir ki, logistika və ticarət mərkəzləri Azərbaycan üçün ticarət fəaliyyətlərindən əlavə dəyər əldə edilməsində əsas vasitələrdən biri ola bilər. Logistika və ticarət mərkəzlərinin yaradılması üçün iki mühüm amil var.

Birincisi, xüsusilə multimodal əməliyyatlar və yüksək dəyərli konteyner daşımalarında logistika xidmətlərinin təmin olunması ticarət həcminin artırılması baxımından mühüm faktordur. İkincisi isə göstərilən xidmətlərin əhatə dairəsinin genişləndirilməsi Azərbaycanın ümumi ticarət həcmində payının artmasına dəstək verə bilər. Belə ki, tranzit ticarətinin həm həcm, həm də dəyər ifadəsində artımına nail olmaq məqsədilə ölkənin müxtəlif yerlərində logistika və ticarət mərkəzlərinin yaradılması istiqamətində tədbirlər görüləcək.