İlham İsmayıl: "Eldar Mahmudovun "KQB"nin varisi olan Federal Təhlükəsizlik Xidməti ilə..."
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov "KQB"nin agenti olub. Bu iddia ilə jurnalist Eynulla Fətullayev müəllif yazısında çıxış edib. Eynulla Fətullayev qeyd edir ki, Eldar Mahmudov 1982-ci ildə "KQB" ilə könüllü əməkdaşlığa başlayıb.
Sitat: "O, "Dağsiçanı" agentura ləqəbi ilə fəaliyyət göstərib. Yəqin ki, bu işində "Dağsiçanı" çox cidd-cəhdlə çalışıb, çünki xüsusi xidmət orqanlarına işləməyə başlayandan dərhal sonra o, yəni Eldar Mahmudov xidməti pilləkənlə sürətlə yuxarı qalxmağa başlayır - onu Azərbaycan SSR DIN-in 5-ci şöbəsinin (nəzarət xidməti!) baş müfəttişi təyin edirlər.
Daha bir müddət sonra SSRI "KQB"dəki kuratorlarının dəstəyi ilə Eldar Mahmudov Bakının Kirov rayonunun milis şöbəsində operativ işə keçirilir. Rusiya xüsusi xidmət orqanlarının arxivləri cuğul Mahmudovun raportları və "donos"ları ilə doludur. Mümkün hal kimi qiymətləndirirəm ki, SSRI dağıldıqdan sonra SSRI "KQB"nin xələfinin - Rusiya xüsusi xidmət orqanının nəzarətinə keçmiş Eldar Mahmudov xidməti pilləkəndə daha bir yüksəlişə nail olur - SSRI DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Regionlararası İdarəsində vəzifə sahibinə çevrilir. Bu faktları heç kim, o cümlədən Eldar Mahmudov da inkar edə bilməz".
Bu iddiaların nə dərəcədə doğru olub-olmamasını demək çətindir. Ən azı Mahmudov agent olubsa, məntiqlə onun agentura ləqəbi, "KQB" ilə əməkdaşlığı haqda məlumatlar da məxfi olmalı idi. Bu məlumatların ictimailəşməsi üçün Azərbaycan müstəqillik qazanandan sonra xeyli çabalar göstərilib və son nəticədə müstəqil Azərbaycanda qalan "KQB"nin Azərbaycan SSR-dəki agentura şəbəkəsi haqda da arxivlərin açılmaması qərarlaşdırılıb. Pribaltika dövlətləri müstəqillik qazanandan sonra milli hakimiyyətlər ilk növbədə "KQB" arxivlərini açıb agentlərin kimliklərini ortaya qoyublar. Bundan həmin dövlətlərin qazandığı və ya uduzduğunu söyləmək üçün geniş müzakirələrlə ehtiyac var.
Bu gün müstəqil dövlətlərdə "KQB" agenti olmaq niyə yolverilməz hesab edilir?
Təhlükəsizlik xidmətinin sabiq zabiti İlham İsmayıl hesab edir ki, arxivlərin açılması məsələsi dövləti maraqlar baxımından zərərlidir. O, "KQB" agentləri haqda məlumatları dövlət rəhbərliyinə daxil olan şəxslərin bilməsinin vacib olduğunu, həmin şəxslərin daim nəzarət altında saxlanmalarının zəruriliyini qeyd edir: "Sovet dövründə müstəqillik illərindən fərqli olaraq "KQB" agentləri vəzifələrə təyin olunurdular. Onlar yüksələn xətt üzrə inkişaf edirdilər. Həmin agentlər "KQB"yə lazım olan məsələləri yerlərdə həll edirdilər. Vaxtilə Bakıda və Moskvada təhsil alan tələbələr, hətta xarici tələbələr olub ki, "KQB"nin agentura şəbəkəsinə cəlb olunublar, sonradan ölkələrinə qayıdıb prezident kürsüsünə qədər qalxa biliblər. Yəni sovet dövründə "KQB" agenti vəzifəyə qoyula bilməz" məsələsi yox idi. Əksinə, agentlər vəzifələrə rahat şəkildə təyinat alıb irəliləyirdilər".
İ.İsmayıl deyir ki, E.Mahmudovun barəsində yazılan iddialarda doğruluğunu şübhə altına alan məqamlar var: "Eldar Mahmudovun "KQB" agenti olması iddiasına şübhə etmək üçün çox ciddi əsaslar var. Yazılanlar dəqiqdirsə, bu adamın o dövrdə "KQB" ilə əməkdaşlığa cəlb olunması yalandır. Yazırlar ki, Eldar Mahmudov 1982-ci ildə "KQB"yə agent kimi cəlb olunub. Əvvəla, milis işçilərinin "KQB"yə agent kimi cəlb olunması 1984-cü ildən başlayıb. Yuriy Andropov SSRİ-nin rəhbəri olandan sonra, 1983-cü ildə "KQB"də milisə nəzarət üçün xüsusi şöbə - 3-cü şöbəni yaratmışdı. 1984-cü ildən başlayaraq, Daxili İşlər Nazirliyi əməkdaşlarını agent kimi əməkdaşlığa cəlb etməyə başladılar. İddiada göstərildiyi kimi, 1982-ci ildə belə bir hal yox idi. Eldar Mahmudovun "KQB"yə sovetlər dönəmində cəlb olunmağına inanmıram. Mümkündür ki, onu müstəqillik dövründə cəlb ediblər. Ümumiyyətlə isə Eldar Mahmudovu milli təhlükəsizlik naziri "OBXSS" işçisi, polis olduğuna görə təyin etmək olmazdı. Bu şəxsin təyinatından əvvəl agent olub-olmamasını Milli Təhlükəsizlik Nazirliyi vasitəsilə yoxlaya bilərdilər. Qaldı ki Eldar Mahmudovun "KQB"nin varisi olan Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlığına, bunu əlbəttə ki, həmin qurum açıqlamazdı. Çünki maraqlı olardılar ki, milli təhlükəsizlik naziri postuna uyğun olmayan adam bu posta təyinat alsın. Daim onlar işləsin, onların maraqlarından çıxış etsin".
İ.İsmayıl agentlərin ifşası üçün arxivlərin açılmasını niyə ziyanlı hesab etməsini belə izah edir: "Çarın agentura şəbəkəsini Lenin belə açmadı. Bir-birilərinə əks rejimlər olmasına baxmayaraq, buna getmədilər, əksinə, həmin şəbəkədən istifadə etdilər. Bu günə qədər İngiltərədən, İsraildən, Fransadan tutmuş ABŞ-a qədər heç kəs agentura şəbəkəsini açmayıb. Heç kəs! Çünki bu birinci növbədə dövlətə lazımdır, kütləyə deyil... Lap arxivlər açıldı, bilindi ki, filan rayonun filan kəndində yaşayan 70 yaşlı filankəs agent olub. Bu informasiya kimə lazım olacaq? Bundan onun uşaqları, yaxınları, nəvə-nəticələri zərər görəcək. Bundan böyük zərəri isə dövlət çəkəcək. Bundan sonra agenturada işləməyə heç kim yaxın gəlməyəcək. Arxivlərin qapalı qalması ilk növbədə dövlətə lazımdır. Dövlətin rəhbər şəxslərinin - prezident və ondan sonrakı 2-3 vəzifə daşıyıcısının kimlərin agent olmalarını bilməsi həmin agentlərin nəzarətə götürülmələrinə kifayət edir. Bir çox hallarda bunu dövlət başçısının bilməsinə də ehtiyac yoxdur. Sadəcə, dövlət rəhbərinə məlumat verilə bilər ki, bu tip şəxsləri vəzifədə irəli çəkməyə ehtiyac yoxdur. Həmin şəxslər daim nəzarətdə saxlanmalıdır. Arxivlər açılsa, bunun dövlətə digər böyük zərəri var. Dövlət Təhlükəsizlik Xidmətinin əsas silahlarından biri agentura şəbəkəsindən əldə olunan informasiyalardır. Arxivlər açılsa, heç kim agent olmaq istəməyəcək və işə yaxın getməyəcək. Deyəcəklər ki, "kim qarantiya verir ki, 20 il sonra mənim agent olduğumu açıqlamayacaqsız və mən ölkədə biabır olmayacağam". Ona görə də agentlərin kimliyini açıqlamaq, agentura şəbəkəsini açmaq yox, onların kimliklərini bilmək və nəzarətdə saxlamaq lazımdır. Belə şəxsləri nəzarətdə saxlamaqla fəaliyyətlərinə korrektələr etmək olar. Agentlərin kimliyini açıqlayıb ölkədə qan davaları ocaqlarını yaratmaqda başqa nəyəsə nail olmaq mümkün deyil".
İ.İsmayıl bugünkü Azərbaycan dövləti rəhbərliyinin "KQB" agentlərinin kimliyi ilə bağlı məlumatlara həvəs göstərəcəkləri təqdirdə tanış olmaq imkanına malik olduqlarını da açıqladı: ""KQB"nin Azərbaycan SSR-yə aid arxivlərinin hamısı bizdə var. Dövlət rəhbərliyi istədiyi vaxt həmin arxivdəki məlumatlarla tanış ola bilər".
İ.İsmayıl agentlərə informasiya müqabilində pul verilməsi məsələsinə də toxundu. Bildirdi ki, yerli agentlərə pul verilməsi praktikası elə də geniş deyil: "Pulla cəlb etmə əsasən xaricilərə şamil olunurdu. Yerli agentlərə isə xüsusi informasiyalara görə mükafat şəklində pul ödənilib. Sovet vətəndaşlarından ibarət olan agentura şəbəkəsinin 90 faizi pulla işləməyib".
İ.İsmayıl deyir ki, agentura şəbəkəsi olmadan xüsusi xidmət orqanlarının fəaliyyəti çox zəifləyər: "Agentlər yoxdursa, xüsusi xidmət orqanı informasiya əldə etməkdə böyük çətinliklərlə üz-üzə qalar. Bunun üçün müxtəlif qurğulardan istifadə edə bilər. Amma heç bir qurğu insanın verdiyi informasiyanı verə bilməz. Dünya xüsusi xidmət orqanları peşəkarlarının qənaəti budur ki, insanın verdiyi informasiyanı istər kosmosdan xüsusi izləmə qurğuları vasitələri ilə olsun, istər yerüstü vasitələrlə olsun, əldə etmək şansları çox azdır".