Azərbaycanda siqaretlər bahalaşıb.

Unikal.org "Qafqazinfo-ya istinadən xəbər verir ki, alıcılar tərəfindən verilən məlumata görə, məbləğ qiyməti 2 manata qədər olan siqaretlər üçün 10 qəpik, 2 manatdan artıq olanlar üçün isə 20 qəpik artıb.

Qeyd edək ki, ölkədə siqaretlərin nağd yolla topdan satışına qadağa qoyulduqdan sonra qiymət artımının qaçılmaz olduğu vurğulanırdı. Satıcılar da qiymət artımını məhz bu qərarla əlaqələndirirlər.

Unikal.org-un əməkdaşı bir sıra satış mərkəzlərində araşdırma aparıb. Araşdırma nəticəsində məlum olub ki, siqaretin qiymətində hələlik heç bir rəsmi artım yoxdur. Yalnız xırda siqaret ticarəti ilə məşğul olan şəxslər tərəfindən bunun edildiyini deyilir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, "EUROPEAN TOBACCO Baku şirkəti fəxri rəhbəri Rüfət Quliyev unikal.org-a açıqlamasında deyib ki, Azərbaycanda tütün məmulatların nağd pulla topdan satışı qadağan olunması qiymət artımına rəvac vermir və bu hal baş verərsə, bu, süni qiymət artımı olacaq.

O deyib ki, bu gün tütün məmulatlarının istehsalı üçün lazım olan xammalın 70-80%-i idxal olunur. Dolların kursunun qalxması davam edərsə, istehsal olunacaq siqaretlərin maya dəyərində də istər-istəməz artım baş verə bilər. Bu səbəbdən siqaretlərin satış qiymətində dəyişiklik ola bilər.