Ötən ilin noyabr ayından Abşeron rayonu Pereşkül yeni yaşayış massivində əhali qazsız qalıb. Yeni qəsəbədə 1200-dən çox yaşayış evinə təbii qaz əvəzinə hava verilir.

Bu barədə unikal.org-a Balayev Elnur adlı şəxs bildirib. Şikayətçi vurğulayıb ki, Abşeron rayonu Pereşkül yeni yaşayış massivində noyabr ayından bu günə qədər mavi qaz problemi yaşanır:

"Noyabrdan buyana qazımız demək olar ki, yoxdur. Əvvəlcədən ödəniş edilsə də mavi yanacaq verilmir. Təbii qaz əvəzinə hava gəlir. Onunla da qızdırıcıları yandırmaq mümkün deyil. Şam işığından da az istilik verən təbii qaz vasitəsilə sobanın üzərində yemək belə bişirmək olmur. Elektron qaydada müraciət edib, qaynar xətlə əlaqə saxlasaq da cavab verən yoxdur. Bununla bağlı Abşeron Qaz idarəsinə, Xətai rayonundakı SOCAR-ın baş ofisində olduq. Söz verilsə də hələ də problem öz həllini tapmır.

Dünən məcbur qalıb Abşeron İcra Hakimiyyətinə getdik. Müavinlərdən biri bizi qəbul edib, şikayətimizi dinlədi. Bircə ümidimiz icra hakimiyyətinə qalıb."

Bildirdik ki, Azəriqaz şikayətlərimizi dinləmir, baxmayaraq ki, yaşayış massivində 1200 ailə yaşayır. Onların arasında uşaq, qoca var. Əgər problemimiz həll olunmasa Bakı Şamaxı yolunu yenidən bağlayacağıq.

Havanın qarlı soyuq keçməsini nəzərə alaraq məsələ ilə bağlı "Azəriqaz İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayevlə əlaqə saxladıq. 

O, unikal.org-a deyib ki, hadisə ilə bağlı konkret gələn həftənin ilk iş günü araşdırma edə biləcək: 

"Onlar nəyə görə, bu günə kimi bizə müraciət etməyiblər? Əgər ediblərsə ola bilməz ki, problem öz həllini tapmasın. Necə ola bilər ki, təbii qaz əvəzinə hava verilsin. Gələn həftənin ilk iş günü bu məsələni araşdıracam. Amma sözü gedən yaşayış massivinin sakinlərindən də xahiş edirik ki, bizə müraciət etsinlər.