Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında qeyd edildiyi kimi, bu proqram Azərbaycan Respublikası regionlarının inkişafı istiqamətində ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla gerçəkləşdirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir. Dövlət Proqramları çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, o cümlədən elektrik enerjisi sistemində mühüm tədbirlər həyata keçirilmişdir.

Bu barədə "Azərenerji ASC-nin mətbuat xidmətindən Unikal.org-a daxil olan məlumatda bildirilir. 

Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya əsasında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə enerji təhlükəsizliyi sahəsində müdrik siyasət həyata keçirilmişdir. Nəticədə, "Azərenerji ASC tərəfindən bu dövr ərzində iqtisadi inkişafın tələblərini və əhalinin elektrik enerjisinə olan tələbatını təmin etmək istiqamətində iqtisadi rayonlar üzrə ümumi gücü 2300 meqavatdan artıq müasir texnologiyaların tələblərinə cavab verən 20-yə yaxın elektrik stansiyası tikilmiş, 10 minlərlə km elektrik verilişi xətləri və bir çox yarımstansiya tikilmiş və ya yenidən qurulmuşdur.

Məhz bu davamlı inkişaf konsepsiyasının tərkib hissəsi olan Dövlət Proqramından irəli gələn vəzifələrin və funksiyaların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün "Azərenerji ASC hər il tədbirlər planına uyğun olaraq kompleks işlər görür.

Hazırda isə "Azərenerji ASC bu Dövlət Proqramında qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirmək üçün ölkənin enerji sistemində yeni güclərin yaradılması, yeni istilik və su elektrik stansiyalarının tikintisi, ötürücü şəbəkələrin tikintisi və yenidən qurulması, regionlarda mövcud enerji bloklarının modernizasiyası işlərinin davam etdirilməsi kimi layihələr üzərində işləyir.

Məlumdur ki, respublikamızın enerji təklükəsizliyinin daha da möhkəmləndirilməsi, bu sahədə səmərəliliyin və dayanıqlığın daha da gücləndirilməsi nöqteyi-nəzərindən yaxın və uzaq perspektiv üçün ölkədə elektrik enerjisi hasilatının artırılması, şəhər və rayonların elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi, o cümlədən yüksək gərginlikli elektrik verilişi xətlərinin tikintisi və yenidən qurulması işlərinin həyata keçirilməsi vacib əhəmiyyət kəsb edir.