Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib.
Unikal.org xəbər verir ki, İqtisadiyyat naziri Şahin Mustafayev çıxışında bildirib ki, 2004-cü ildən uğurla icra olunan bu proqramlar şəhər və rayonların simasını köklü şəkildə dəyişib, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə şərait yaradıb:
"Cənab prezident, gəlirlərin azalmasına baxmayaraq, hesabat ilində də bütün sosial layihələr tam həcmdə icra olunub. Regionlarda 59 məktəb, 53 bağça, 26 səhiyyə, 16 gənclər və idman, 73 mədəniyyət obyekti tikilib və ya əsaslı təmir olunub, 1625 qaçqın və məcburi köçkün ailəsinin yeni mənzillərə köçürülməsi təmin edilib. Bu il regionlarda qəzalı, istismara yararsız və şagird sayı az olan məktəblər üçün 100-dən çox modul tipli məktəb quraşdırılacaq, gələn il işlər davam etdirilərək, bu problem iki il ərzində tam həllini tapacaq.
Həmçinin minimum əməkhaqqının artırılması və pensiyaların sığorta hissəsinin indeksasiyası, qaçqın və məcburi köçkünlərə aylıq müavinətin müəyyən edilməsi, elektrik enerjisi və qazın tariflərində diferensial yanaşmanın tətbiqi, dərman bazarının tənzimlənməsi və digər tədbirlər vətəndaşlara göstərdiyiniz qayğının ən bariz göstəriciləridir.
Sosial layihələrin reallaşdırılmasında mühüm rolu olan Fondu tərəfindən görülən işlər həm də regionlarda yaşayan əhalinin rifahının artmasına əhəmiyyətli töhfəsini verir. Ümumilikdə, görülən işlər nəticəsində ötən il 148 mini daimi olmaqla, 190 minə yaxın yeni iş yeri açılıb.
Cənab Prezident, bu gün sərt pul siyasətinin aparıldığı şəraitdə iqtisadi fəallığın və məşğulluğun təmin edilməsi, iqtisadiyyata investisiyaların cəlb edilməsi üçün təşviq mexanizmlərinin əhəmiyyəti daha da artır. Müvafiq fərmanlarınıza əsasən ötən ildən tətbiq olunan investisiya təşviqi mexanizmi özəl investisiyaların artımına ciddi töhfə verməkdədir. Hesabat ilində 84 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində 1 milyard manatdan çox investisiya yatırılacaq, 6700-ə yaxın yeni iş yeri açılacaq. Layihələrin 38 faizi kənd təsərrüfatı, 62 faizi isə sənaye sahələrində olmaqla, onların 40 faizi Bakıətrafı qəsəbələrin və Abşeron rayonunun, 60 faizi isə digər şəhər və rayonların payına düşür.
Regionların inkişafında mühüm rolu olan qeyri-neft sənayesinin istehsal və ixrac potensialının artırılmasında səmərəli təşviq mexanizmlərindən olan sənaye parklarının və zonalarının təşkili ötən il də davam etdirilib. Sumqayıt Kimya Sənaye Parkında "Azərtexnoline zavodunda 750 nəfər işlə təmin edilib, ötən il istehsal edilmiş məhsulun 56 faizi ixrac olunub. Daha dörd müəssisə bu il, üç müəssisə isə gələn il fəaliyyətə başlayacaq, 800-ə yaxın yeni iş yeri açılacaq. Mingəçevir Sənaye Parkında yüngül sənaye, o cümlədən tekstil, ayaqqabı, tibbi kosmetika, iplik və digər növ məhsul istehsalı üzrə yerli xammal bazası əsasında 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dək yeni iş yerinin açılması nəzərdə tutulur.
Hesabat ilində Azərbaycan İnvestisiya Şirkəti tərəfindən Neftçala sənaye zonasında infrastrukturun yaradılması başa çatdırılıb və artıq 7 iştirakçı qeydiyyatdan keçib. Bu il burada avtomobil, kənd təsərrüfatı qurğuları, polietilen boru, modul tipli məktəb binaları, balıq yemi və digər istehsal müəssisələri fəaliyyətə başlayacaq.
Bununla yanaşı, Ağstafada sənaye zonası yaradılıb, Masallıda müvafiq torpaq sahəsi ayrılıb və hazırda layihələndirmə işləri aparılır, bir sıra rayonlar üzrə isə sənaye zonalarının yaradılmasına hazırlıq görülür.
Ötən il Füzuli rayonunda "Azərxalça ASC-nin xalça müəssisəsi fəaliyyətə başlayıb, 9 rayonda isə müəssisələrin tikintisi bu il başa çatdırılacaq, 1600 yeni iş yeri yaradılacaq. Eyni zamanda, xalça istehsalı üçün etibarlı xammal bazasının yaradılması, habelə ixrac potensialının artırılması məqsədilə yunun tədarükü sistemi təşkil edilir, kimya-sənaye parkında əyirici-boyaq fabrikinin yaradılmasına hazırlıq işləri aparılır.
Görülən işlər nəticəsində regionlarda 147 sənaye müəssisəsi açılıb, bir sıra sənaye obyektlərinin tikintisinə başlanılıb".