"Mən dəfələrlə demişəm, biz artıq postneft dövründə yaşayırıq. Bunu mən o mənada deyirəm ki, dövlət qurumları daha neft amilinə bel bağlamasınlar. Ancaq bu, o demək deyil ki, bizim neftimiz tükənir. Yox, bizim neftimiz hələ onilliklər ərzində xalqımıza xidmət edəcək. Azərbaycan qazı iki ildən sonra dünya bazarlarına daha da böyük həcmdə çıxacaq və öz əhatə dairəsini genişləndirəcək. Yəni, bu amil daim var və bu, bizə həmişə güclü bir dəstək kimi kömək edəcək. Ancaq biz işimizi elə qurmalıyıq ki, sanki bu, yoxdur. Bax, bugünkü konfransın, ümumiyyətlə, inkişafla bağlı tədbirlərimizin məqsədi bundan ibarətdir."

Unikal.org xəbər verir ki, bu barədə prezident İlham Əliyev bildirib.

O hesab edib ki, nəticə olaraq, biz bunu ona görə edirik ki, insanlar daha da yaxşı yaşasınlar. 

"Amma insanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm, bu gün də deyirəm, bunu hər kəs bilsin, eşitsin və nəticə çıxarsın. Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Məmur, bax, belə olmalıdır, dediyim kimi. Mən hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar. Onların da cəzası verilir və veriləcək.

Çünki biz bütün bu işləri görürük ki, Azərbaycanda inkişaf hərtərəfli və sürətli olsun. Xoşagəlməz hallara son qoyulmalıdır. "ASAN xidməti biz yaratdıq, artıq neçə ildir ki, işləyir. Bir dənə də olsun oradan şikayət yoxdur. Hər halda mən eşitməmişəm. Bəyənilmə əmsalı 98 faizdir. On üç milyon müraciət olunub. Bizim əhalimiz hələ 10 milyona çatmayıb, 13 milyon müraciət olub. Bu, ictimai xidmətlər sahəsində bir yenilikdir. Yəni, bu, nəyi göstərir? Birincisi, bizim iradəmizi və siyasətimizi göstərir. İkincisi isə onu göstərir ki, bu cür işləmək mümkündür. Əgər orada mümkündürsə, deməli, hər yerdə mümkündür. Ona görə məmur-vətəndaş münasibətləri, bu məsələlər cəmiyyət üçün, inkişaf üçün çox önəmlidir. Burada hər şey məmurlardan asılıdır. Onlar dediyim kimi işləməlidirlər. Əgər öz işində nöqsana, yaxud da pozuntuya yol verərsə, onlar lazımi səviyyədə cəzalandırılacaqlar.

Bu gün verdiyim bütün tapşırıqlar yerinə yetirilməlidir. Verdiyim tapşırıqlarla bağlı vaxtaşırı məlumat Prezident Administrasiyasına göndərilməlidir. Prezident Administrasiyası isə bu tapşırıqların yerinə yetirilməsi ilə bağlı bütün lazımi tədbirlər görəcək, nəzarətdə saxlayacaq ki, biz 2017-ci ili də uğurla başa vuraq."