Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev bir daha məmurlara xəbərdarlıq etdi. Ölkə başçısı bildirdi ki, məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Məmur, bax, belə olmalıdır, dediyim kimi. Mən hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar. Onların da cəzası verilir və veriləcək.

Prezidentin məmurlarla bağlı sərt çıxışına millət vəkilləri Unikal.org vasitəsilə münasibət bildiriblər. Onlar prezidentin bu çıxşını ünvanlı olduğunu deyiblər. Deputatlar vəzifələrinin öhdəsindən layiqincə gələ bilməyən yüksək vəzifəli məmurların öz vəzifələri ilə "vidalaşacağını və bunun müqabilində ciddi cəzalar alacaqlarını bildiriblər.

YAP-ın Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə Unikal.org-a deyib ki, cənab prezidentin dünənki iclasında çıxışı göstərdi ki, Azərbaycan iqtisadi inkişaf yolunda durmadan irəliləyir. Onun sözlərinə görə, İlham Əliyev Azərbaycanda həyata keçiriləcək iqtisadi, sosial layihələrə görə məmurlar qarşısında çox ciddi vəzifələr qoyub: 

"O, ilk növbbədə məmurların xalqa xidmət etməli olduğunu, vəzifələrinə məsuliyyətlə yanaşmalarını tələb edir. Günün tələblərinə cavab verməyən məmurların qanunla çox sərt cəzalandırılacağını bildirib. Bunun özü göstərir ki, Dövlət Proqramlarının yerinə yetirilməsi, xalqa xidmət məsələləri dövlətin ciddi diqqətindədir. Bu istiqamətdə müsbət nəticə göstərməyən, ümumilikdə xalqa xidməti yox, özünə xidməti əsas götürən məmurlar gec-tez öz cəzaların alacaqlar.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc unikal.org-a açıqlamasında vurğulayıb ki, İlham Əliyev müşavirələrin hər birində dövlət məmurunun dəqiq obrazının təsvirini, onların hansı tələblərə cavab verməli olduğunu deyir: 

"Digər tərəfdən prezident özü də bu nümunələri yaradır. O, xalqa münasibətdə səmimilik, mehribanlıq, ünsiyətçilik, bir başa münasibətlərin qurulması və digər mövqeylərini məmurlara təqdim edir. İkinci tərəfdən, prezident həm də cazalandırır. Göstərir ki, onun dəmir əli var, o yalnız xəbərdarlıq etmir. Keçmişdə özlərini toxunulmazlıq kastasının üzvü kimi aparanlar, 2015-ci ilə kimi özü haqqında böyük, mifik səlnamə yaradan nazirə dövlət başçısının kəskin zərbəsini hər kəs gördü. Dünənki müşavirədə dövlət başçısının məmurlara qarşı səsləndirdiyi fikirlərin konkret ünvanları var. Bu adamlar da cəmiyyətədə təxminən bəllidir. Biz onun fərqindəyik ki, köhnə məmur qiyafətində qalmaq çox çətindir. Əvvəlki xidmətlərinə qiymət verilib, öz vəzifəsini qoruyub saxlayacaqlarını düşünən məmurlar da yalnış fikirdədirlər. Əminəm ki, prezidentin dünənki məmurlarla bağlı sərt çıxışı müəyyən dəyişikliklərin anonsudur. Proseslər onu göstərir vitse-prezidentlik təyinatının indiyədək verilməməsi də hesab edirəm bununla bağlıdır. Bu vəzifəyə təyinatlar yalnız bir neçə adın verilməsi ilə məhdudlanıb qalmayacaq, bu hökumətdə də paralel şəkildə müəyyən dəyişikliyə də səbəb olacaqdır, - deyə millət vəkili bildirib.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə unikal.org-a deyib ki, prezident bu cür fikirləri dəfələrlə vurğulayıb və bunun konkret ünvanları olub: 

"Fikrimcə, prezidentin bu çıxışı ən çox icra strukturlarına aid edilir. Mən hesab edirəm ki, bundan sonra prezidentin tapşırıqlarından çıxan məmurlar öz vəzifəsini itirəcək və cəzalarını alacaqlar. Prezidentin sadəliyi məmurlara bir nümunə olmalıdır. O, öz ad gününü, bayramları təmtəraqlı etməməsi də buna bir bariz nümunədir. Məmurlar bu nümunədən də nəticə çıxarmalıdırlar. Onlar əhali ilə daim təmasda olmalı, insanların problemləri ilə maraqlamalı və bunun əhllində yaxından köməklik göstərməlidirlər. Məmurlar korrupsiyadan uzaq olmalı, dövlət vəsaitlərini düzgün xərcləməlidirlər.