Bakı şəhəri, Bakı ətrafı qəsəbələr və Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla, Azərbaycanın digər şəhər və rayonlarında minimum 1 milyon manat investisiya qoymaqla mehmanxana, minimum 500 min manat investisiya qoymaqla əyləncə xidməti obyektləri, minimum 100 min manat investisiya qoymaqla iaşə xidməti obyektləri tikəcək fiziki və hüquqi şəxslər investisiya təşviqi sənədi ala biləcəklər.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı "İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərmanında əksini tapıb.

Bakı şəhəri, Bakı ətrafı qəsəbələr və Abşeron rayonu istisna olmaqla, minimum 100 min manat investisiya qoymaqla hostel, minimum 2 milyon manat investisiya qoymaqla 2 və 3 ulduzlu yerləşdirmə vasitələri tikəcək fiziki və hüquqi şəxslər də investisiya təşviqi sənədi ala biləcəklər. Bu halda Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla, digər şəhər və rayonlarda bu obyektlər turizm və rekreasiya zonalarına daxil olmayan ərazilərdə tikildiyi halda investisiya təşviqi sənədi veriləcək.

Qeyd edək ki investisiya təşviqi sənədi almış fərdi sahibkar həmin sənədi aldığı andan əldə etdiyi gəlirin, hüquqi şəxsin həmin sənədi aldığı andan əldə etdiyi mənfəətin 50 faizi 7 il müddətinə gəlir vergisindən azad edilir. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı andan müvafiq əmlakına görə 7 il müddətinə əmlak vergisi və torpaq vergisini ödəməkdən azaddır.