"Mən çox şadam ki, sabah biz Azərbaycanla Aİ arasında yeni saziş üzrə danışıqlara başlayırıq".

Unikal.org-un məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Aİ-Azərbaycan əlaqələri çox məhsuldar və yüksək səviyyədədir: "Tərəflər arasında əməkdaşlığı artırmaq üçün böyük potensial var. Bizim aramızda çox aktiv siyasi dialoq mövcuddur. Biz mütəmadi görüşlər keçirmişik. Ökəmizdə siyasi məsələlərlə və siyasi islahatlarla bağlı müzakirələr aparırıq. Azərbaycanda demokratik islahatların inkişafına sadiqik. Aİ ilə birlikdə Cənubi Qaz Dəhlizi layihəsində aktiv iştirak edirik. Bu, ən böyük enerji layihələrdən biridir, dəyəri 40 milyard dollardır. Bu, enerji təhlükəsizliyi və enerji diversifikasiyası layihəsidir. Bu, nəinki dəhlizlərin, həm mənbələrin diversifikasiyası deməkdir. Cənub Qaz Dəhlizi layihəsinin icrası müvəffəqiyyətlə gedir. Avropa bizim əsas investorumuzdur və əsas ticarət tərəfdaşımızdır. Biz Avropada bəzi ölkələri neftlə təmin edirik. Ümid edirik ki tezliklə qazla da təmin edəcəyik".