Azərbaycan ərazisi olan Dağlıq Qarabağa dəfələrlə qanunsuz səfərlər etmiş, separatçı rejimə dəstək verən, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan bloqqer Aleksandr Lapşin bu gün ölkəmizə ekstradisiya olunub. O, hazırda Dövlət Təhlükəsizliyi Xidmətindən Ədliyyə Nazirliyi Penitensar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Unikal.org olaraq Azərbaycan müxalifətinin Lapşinin ekstradisiyasına münasibətini öyrəndik.

Müsavat partiyası İcra aparatının rəhbəri Gülağa Aslanlı Unikal.org-a açıqlamasında bildirib ki, kimliyindən asılı olmayaraq Azərbaycan qanunlarını pozan şəxslər qanun qarşısında cavab verməlidir: "Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Bura vizasız gələn xarici vətəndaş qanunu pozmuş olur. Hesab edirəm ki, kimliyindən asılı olmayaraq Azərbaycan qanunlarını pozan şəxs qanun qarşısında da cavab verməlidir. Azərbaycanın sərhədlərini pozanlar qanunamüvafiq qaydada cəzalandırılmalıdırlar.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı hesab edir ki, bu addımlar Belarusiya Azərbaycana xoş münasibət göstərmək istəyir. O, fikilərini Unikal.org-a belə ifadə edib: " Yüzlərlə insanlar var ki, Qarabağa qanunsuz səfərlər ediblər. Azərbaycan tərəfi onların hərəkətini pisləsə də, sonradan həmin şəxslər Azərbaycana gətirilib, hətta, burada onların konsert verməsinə belə şərait yaradılıb. Lapşindən daha ağır şəkildə Azərbaycanı ittiham edən və Qarabağa dəfərlərlə qanunsuz gedənlər var. Təəssüf ki, onların heç birinə bu şəkildə cəza tətbiq olunmur. Amma hər halda Lapşinin ekstradisiyası Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyən, bundan sonra oraya səfər etmək niyyətində olanlara bir xəbərdarlıqıdr.

Ümid Partiyasının sədri İqbal Ağazadə Unika.org-a ekstradisiya ilə bağlı görülən işləri təqdir etdiyini deyib. O, vurğulayıb ki, Azərbaycan bu kimi məsələlərdə öz gücünü və prinsipiallığını göstərməlidir: "Azərbaycan sərhədlərini qanunsuz şəkildə pozan, ərazi bütövlüyümüzə hörmətlə yanaşmayanlar qanun qarşısında cavab verməlidirlər. Azərbaycanın Xarici İşlər Nazirliyi, Milli Məclis beynəlxalq təşkilatlara, işğalda olan ərazilərimizə getmək istəyən şəxslərə müraciət edib ki, bura Azərbaycanın yuristiksiyasında olan bir ərazidir. Lapşinin ekstradisiyası ilə bağlı atılan addımı təqdir edirəm. Bu tipli məsələlərdə Azərbaycan öz gücünü, mövqeyini, prinsipiallığını göstərməlidir.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Unikal.org-a açıqlamasında belə halların davam etdirilməsinin vacib olduğunu dilə gətirib: "Çox normal bir məsələdir. Bu Azərbaycanın tələblərinin beynəlxalq səviyyədə yerinə yetirilməsi istiqamətində atılan uğurlu addımlardan biridir. Bu cür addımları davam etdirmək lazımdır. Belə tədbirlər Jirinovskiyə də tətbiq edilməlidir. Eyni zamanda Azərbaycan parlamentində həddini aşan, süverenliyimizə dil uzadan bəzi millət vəkilləri də belə cəzalandırılmalıdırlar.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Lapşinin ekstradisiyasının təkcə hüquqi yox, həm də siyasi bir məsələ olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu məsələdən düzgün istifadə edilsə, bu çox ciddi təbliğat vasitəsi ola bilər: Ekstradisiya məsələsi dövlətlərarası qarşılıqlı hüquqi yardımlaşmaya əsaslanıb. Bu məsələ həm də Lapşinin nədə ittiham olunmasının gündəmə gətirilməsi, ərazilərimizə qanunsuz səfərlər etmək istəyənlərə ciddi xəbərdarlıq baxımından mühüm əhəmiyyət daşıyır. Bu, təkcə hüquqi yox, eyni zamanda siyasi bir hadisədir. Düzgün istifadə olunsa, qeyd edilən məsələ çox ciddi təbliğat vasitəsi ola bilər.

Həsən Babayev