Bir neçə dövlətin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycanın qanunlarını pozaraq işğal altında olan ərazilərə səfər edib, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğini aparmağa çalışıb, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə qarşı açıq çağırışlar edib.

Unikal.org xəbər verir ki, bunu Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı fikirlərini bölüşən Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərtac-a açıqlamasında deyib. O, bildirib ki, A.Lapşin Azərbaycan Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham olunur. Yəni, Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.

"Bu məsələni siyasiləşdirməyə ehtiyac yoxdur. Söhbət tam hüquqi müstəvidə ikitərkibli cinayət törətmiş bir şəxsin cinayət məsuliyyətinə cəlb olunmasından gedir.

Komitə sədri qeyd edib ki, Azərbaycan beynəlxalq hüquqa hörmət edən güclü dövlətdir. A.Lapşinin ekstradisiyası Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasətin və diplomatiyamızın parlaq uğurudur.