Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Rusiya Dövlət Dumasında Liberal Demokrat fraksiyasının sədri Vladimir Jirinovskinin Azərbaycanın ərazi bütövlüyü əleyhinə açıqlamalarına münasibət bildirib.

Unikal.org-un məlumatına görə, bu barədə S. Seyidov bildirib ki, V. Jirinovskinin Azərbaycanın Bakı quberniyası formasında Rusiyanın tərkibində olması barədə bəyanatı yolverilməzdir: "Heç olmasa bu bəyanatı Xocalı soyqırımının 25 illiyi ərəfəsində verməzdi, utanardı. Mən bu bəyanata sakit yanaşa bilmərəm. "Azərbaycanın müstəqilliyi dönməzdir deyən ümummilli lider Heydər Əliyev ən alt qatlara belə toxunub. Bunlar bizim qan yaddaşımızdır, Çingiz Qurbanov, Mübariz İbrahimovumuzdur. O ki qaldı Azərbaycanın quberniya olması məsələsinə, əslində İrəvan bu statusa daha çox uyğun gəlir. Çünki Ermənistan həmişə quberniya olub. Təklif edirəm ki, Ermənistan Azərbaycanın quberniyası olsun, çünki qondarma dövlətdir, Azərbaycan ərazisində yaradılıb".