"Amnesty İnternationalın Aleksandr Lapşinin işi ilə əlaqədar verdiyi bəyanatı ikili standartların ifrat nümunəsidir.

Unikal.org-un məlumatına görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Amnesty İnternational təşkilatının Aleksandr Lapşinin işi ilə əlaqədar açıqlamasına münasibət bildirərkən deyib.

"Bəs görəsən niyə "Amnesty İnternational beynəlxalq humanitar hüququ pozaraq Ermənistan tərəfindən Cingiz Əsgərovun meyitinin bir aydan artıq müddətdə qaytarılmaması və ya ata-analarının qəbrlərini ziyarət edərkən girov götürülmüş və fiziki və psixoloji isgəncələrlə üzləşən soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsində susqunluq və görməməzliyə üstünlük verir? Hər bir fürsətdə Azərbaycanı əsassız olaraq tənqid etməyə aludə olan "Amnesty İnternational Ermənistanın işğalı nəticəsində Azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarına münasibətdə indiyə qədər mövqe ortaya qoymayıb.

Sırf hüquqi müstəvidə olan Aleksandr Lapşin məsələsinə "Amnesty İnternational-ın siyasi don geyindirmək cəhdləri tamamilə əsassızdır. Rusiya və İsrail səfirliklərinin konsulluq xidmətləri, A.Lapşinin vəkili onun saxlanma şəraitindən məmnun olduqları halda, "Amnesty İnternationalın A.Lapşinin işgəncələrlə üzləşə biləcəyi barədə cəfəng açıqlaması yalnız gülünc doğurur.

"Amnesty İnternational Azərbaycana qarşı bu kimi ikili və yalan əsaslı siyasəti ilə NGO (QHT) deyil, artıq siyasi leksikona geniş sirayət etmiş "GONGO təsiri bağışlayır" - H.Hacıyev vurğulayıb.