"Beynəlxalq təşkilatlar Dağlıq Qarabağda qanunsuz "referendum"u tanımayacaqlar".

Unikal.org xəbər verir ki, bunu jurnalistlərə Baş nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov qeyd edib: "Həqiqət ondan ibarətdir ki, bütün dünya, beynəlxalq qurumlar birmənalı şəkildə dərk edirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Problemin bu günə qədər həll olunması bu yanaşmanın dəyişməsi anlamına gətirmir. Beynəlxalq təşkilatlar da bu qənaətdədirlər. Dağlıq Qarabağın müstəqilliyi, Azərbaycandan ayrılması müzakirə mövzusu deyil, olmayıb və olmayacaq. O ki qaldı, ermənilərin "referendum" keçirməsinə, bunun bütövlükdə problemin həll olunmasına, Dağlıq Qarabağın Azərbaycana aid olub-olmaması məsələsinə elə bir aidiyyəti yoxdur. Təbii ki, Azərbaycan dövləti, xalqı belə bir "referendum"u tanımır, tanımayacaq. Beynəlxalq təşkilatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan qurumlar bu "referendum"u və onun nəticələrini tanımayacaqlar. Beləliklə, bu "referendum" və onun nəticələri Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş əraziləri ilə bağlı mövqeyinə hər hansı təsir göstərməyəcək. Bu, sadəcə olaraq münaqişənin nizamlanması ilə bağlı aparılan işlərin müəyyən qədər çətinliyə salınması məqsədilə Ermənistan tərəfindən törədilən təxribatlardan biri kimi qiymətləndirilə bilər".