Unikal.org Xalq artisti Brilliant Dadaşovanın qafqazinfo-ya müsahibəsini təqdim edir:
- Uzun müddətdir ki, media və TV aləmində görünmürsüz. Bunun səbəbi sizin efirlərə ehtiyacınızın olmamasından, yoxsa inamsızlıqdandır?
- Mediaya inamım çoxdan itib. Düzdü, mətbuat orqanlarında çalışan insanlar var, onlara hörmət edirəm. Ancaq sayı çox azdır. Hər şey nisbi ölçüldüyünə görə, onlar azlıq təşkil edir. Bu səbəbdən yazılı mediadan uzaq gəzirəm. Hər zaman bir söz deyib, başqa məna çıxardıqlarını mediada görmüşəm. Bu, bir çox media nümayəndələrinin savadsızlığından, reytinq dalınca qaçdıqlarından irəli gəlir. Ancaq maraqlı verilişlərimiz var, hərdən onlara baxıram. Ancaq yenə deyirəm, özümü orada görmürəm. 3-4 verilişə qonaq oldum. Mən əvvəldən heç vaxt üzdə görünməyə can atmamışam. 10 verilişə çağırıblarsa, 1-inə çıxmışam. İki ildir ki, verilişlərə ara vermişəm. Çünki proqramların formatları çox dəyişdi. Aparıcıların bəziləri çox rahat, senzurasız və etik qaydalara riayət etmədən verilişlər aparmağa başladılar. O formatda verilişlərdə özümü görmürəm.
- Siz həm də o sənətkarlardansız ki, yaradıcılığınızda yenilik etməsəz belə Azərbaycan mədəniyyətində xüsusi yeriniz var. Həmin yer elə bil ki, sizin üçün ayrılıb. B. Dadaşovanın yerinə qalxmaq çoxmu çətindir? Və yaxud siz bu yerə qalxmaq üçün nə kimi çətinliklərdən keçmisiz?
- Təşəkkür edirəm ki, Azərbaycan mədəniyyətində xüsusi yerim olduğunu deyirsiz. Mən bu yerə qalxmaq məqsədilə oxumamışam. Oxuyanda, özümü dərk etməyəndə musiqinin kökünü bilən insanlar deyirdilər ki, Brilliant xalq mahnılarına yeni tərz və üslub gətirdi. Bunu özəlliklə etməmişəm. Allahın lütfüdür, əlbəttə, hər bir istedadı inkişaf etdirmək, əziyyət çəkmək lazımdır. Hər zaman "işkolik olmuşam. Öz musiqiçilərimlə məşqlər edərək yeni çalarlar gətirməyə çalışmışam. Ancaq yer tutmaq məsələsi daha çox idmançılara yaraşır. Sadəcə olaraq böyük bir dinləyici ordusuna gedən yolu tapmaq lazımdır. Ən əsası səmimi olmalısan. Bir şeydə əminəm ki, zəhmət çəkən insan bəhrəsini görür. Tanrı heç kimin əziyyətini cavabsız qoymur. Əziyyət çəkmək lazımdır, bundan sonra görəcəyimiz çox işlər var. Siz deyirsiz ki, yenilik etməsəz belə yaddaşlarda qalırsız. Yenilik deyəndə nəyi nəzərdə tutursuz? Hesab edirəm ki, mən sənətə gələndə öz məktəbimi yaratmışam, ifa tərzində xırdalıqlar etmişəm. Əksər müğənnilər arasında ifa tərzimdəki bəzi məqamları təqlid ediblər. Ancaq ola bilsin ki, siz, hər dəfə yenilik etməkdən bəhs edirsiz. Çox gülməlidir, insan heç bir zaman hər dəfə yenilik edə bilmir. Yeni mahnılar isə hər zaman olub, sadəcə olaraq çox seçiciyəm. Hər dəfə yeni adıyla musiqilər ifa etmək istəmirəm.
- Siz illər keçsə belə qadının şarmlı, gözəl və incə qala biləcəyinin sübutusuz. Elə bil ki, hər kəsə bir nümunəsiz. Nümunəvi xanımların sayı sizcə, niyə azdır?
- İncə və şarmlı qalmağı təkcə qadınlara yox, kişilərə də şamil etmək olar. İnsan özünü kənardan görməlidir, ən azından bunu bacarmalıdır. Bağa baxarsan bağ olar, baxmazsan dönər dağ olar. İlk növbədə hamı bilməlidir ki, dünyaya övlad gətiririk və borcluyuq ki, onlara can sağlığı ilə dəstək olaq. Digər səbəb tamaşaçı qarşısına çıxanda onlara hörmət etməkdir. Amma tamaşaçı qarşısına çıxmayan insanlar da özlərinə diqqət etməlidir. Hər şey sadəcə yeməklə həll olunmur. İnsan nəfsinə hakim olmalıdır. Əlbəttə, yemək və idman lazımdır. İnsan ruhunu və bədənini tərbiyə etmək lazımdır. Bu dünyada hər şey çətindir. İnsan bacarıqlı olmaq, istədiyinə nail olmaq üçün əziyyət çəkməlidir. Biz bu dünyaya imtahan üçün gəlmişik. Bu imtahana hər şey daxildir. Ruhumuzu inkişaf etdirdiyimiz üçün bədənimizi də inkişaf etdirək. Bilmirəm, mən belə düşünürəm. Pafoslu kimi səslənə bilər. Bəlkə də, çox insanlar özündən razılıq kimi başa düşəcəklər. Ancaq ortaq məxrəcə gəlmək üçün bu sözlərdən istifadə etdim.
- Siz həmçinin şou-biznesdə sənətçilərin standart geyim tərzindən imtina edən sənətkarsız. Onu da göstərdiniz ki, sənətçilər bu cür geyinməlidir. O dövrdə buna görə sizi çox qınamadılar? Nəzərə alsaq ki, indiki dövrdə gəncləri geyimləri ilə çox ittiham edirlər. İllər əvvəl bu, sizə çətin olmadı?
- 1985-1986-cı illər mən səhnəyə çıxanda tamamilə başqa geyim tərzləri var idi. İndiki adi bir dekolte, çiyinlərin açıq olması açıq-saçıqlıq sayılırdı. Son dövrlər "açıq-saçıq sözünü daha çox eşidirəm. Açıq-saçıqlıq insanın daxili aləmi və mədəniyyətinə görə dəyişir. Biri üçün qolun açıq olması, digəri üçün tamamilə başqa cür geyinmək açıq-saçıqlıq hesab edilir. İnsan vulqar görünmürsə, açıq-saçıq geyimlərdən istifadə edə bilər. Bu məsələlərə müdaxilə etmək belə düzgün deyil.
O zamanlar isə sadəcə bir dövlət kanalı var idi. Çox şeyə senzura qoyulurdu. İndi başa düşürəm ki, senzura çox gözəl bir şey imiş. Çünki bizim mədəniyyətimiz bu qədər demokratiyaya alışmayıb. Çoxları demokratiya ilə hərc-mərclik arasındakı cizgiləri tapa bilməyib. Hərc-mərclik başqa bir şey, insanın daxili azadlığı başqa bir şeydir. "Mən azadam deyib insanların özünü efirlərdə tərbiyəsiz aparması ilə demokratiya arasında fərq var. Bu fərqi bilməmək ictimaiyyət arasına çıxan şəxslərin savadsızlığından irəli gəlir. Bundan başqa, bir qrup xanım var idi ki, gözəllik salonlarına gedəndə "Brilliantın saçı kimi edin deyirdilər. Geyim tərzimlə uyğunlaşmağa çalışırdılar. Həmçinin, idman mədəniyyətinin gündəmdə olduğu bir vaxtda əksəriyyəti ana olduqdan sonra bədən tərbiyəsi ilə özlərini bənzətməyə çalışırdılar. Bu, məni çox sevindirdi.
Sizin sual verdiyiniz "ittiham məsələsinə belə cavab verim. Sevindirici haldır ki, son dövrlər mövzu olaraq dəbdə olmur. Hər insanın özünə yaraşan stili var və belə olmalıdır. Şükür ki, gənclər də Avropasayağı düşünməyə başlayıb.
- Dünya ulduzları müəyyən pilləyə çatandan sonra performansları, musiqi layihələrinə ara vermirlər. Onların mahnıları yenə də hit ola bilir. Bizdə isə fərqlidir, elə bil ki, xüsusi bir ənənə formalaşıb. Müğənni hansısa bir pilləni zəbt edəndən sonra mahnılarının hit olmasına maraqlı olmurlar. Günahkar müğənni, yoxsa bəstəkardır?
- Ümumi danışmaq çox asandır. Amma biz burada ümumi danışsaq, bizdə də mahnılar hit olur. Təkcə Azərbaycanda yox, dünyada da mahnılar iki günlükdür. Dünya incəsənət aləmində "Çin malı deyilən bir şey var. Biz isə dünyadan fərqlənmirik. Artıq informasiya çoxdur, genişdir. İnternet dövrüdür, insanların musiqiyə çox az ehtiyacları qalıb. Qulaq asanlar barmaqla sayılacaq qədərdir. Dünya kiçilib. Radio və TV dəbdən düşür, hamı öz telefonu ilə sosial şəbəkələrdən istifadə edir. Guya, insanlar bir-biriləri ilə daha yaxınlaşıb. Amma əksinə, insanlar təklənib, hamı yalqızdır. Təkrar deyirəm, televiziya artıq gündəmdən düşübsə, biz hansı musiqidən danışmalıyıq? Şükürlər olsun ki, musiqi ilə yaşayan insanlar var. Onlar özləri üçün köhnə və yeni mahnılar dinləyərək yaşayır. Bəs niyə indi Betxovenlər yoxdur? Bunun cavabını zəmanə versin. Tamamilə mənəvi dəyərlər 180 dərəcə öz formasını dəyişib.
-Yeri gəlmişkən, B. Dadaşovanın təkcə hit yox, illərdir unudulmayan mahnıları var. Bəs niyə indiki mahnılar olar kimi tarixə həkk oluna bilmir?
- Siz tarixdən necə danışa bilərsiz? Bir az yaşayın. Bugünkü mahnılar bir neçə il sonra tarixdə qalıb-qalmayacağını biləcəksiz. Məsələn, "Bir dəfə yaşayırıq tamaşaya yazılmış iki fərqli mahnıdır: "Bir dəfə yaşayırıq və "Hər şey gözəldir həyatda. Cavanşir Quliyev ikisini birləşdirdi. Çünki o vaxt konsertdə 5 dəqiqəlik yer almışdı, onu doldurmaq lazım idi. İndi siz düşünün, Cavanşir Quliyev o vaxt bilsəydi ki, həmin mahnı tarixdə qalacaq, elə birinci konsertdə "Bir dəfə yaşayırıqı ifa etməyimizi istəməzdi. Boşluğu doldurmaq üçün digərini də əlavə etdi. Ona görə tarixi yaşamamış tarixdən danışmaq məndə təbəssüm doğurur.
Ümumiyyətlə, bu günün ən çox sevilən mahnıları bir sezonluq reytinqli olur. Daha sonra unudulur. Niyə indiki mahnılar tarix ola bilmir?
- Bir daha qeyd edirəm ki, indi müğənnilər daha çoxdur. Çoxalmağın isə səbəbi bəllidir. Kompüter sistemləri var, səslər düzəldilir, ifaçılar çoxaldılır. Başdan ayağa xarici notlar üzərində mahnı ifa olunur. Bu səbəblərdən mahnılarn hit olması minimuma enib. Bayaq qeyd etmişəm, informasiya bolluğunu da misal çəkə bilərəm. İnsanlar TV-yə baxmır, onlar reytinqdən düşüb. Başqa maraqlar meydana gəlib. Bir vaxtlar daha çox kitab oxunurdu, bu era bitdi. Sonra TV və radio erası başladı. Radio getdi, TV isə qaldı. İndi informasiya bolluğu yaranıb, internet erası başlayıb.
- Şou-biznesdə ən böyük bəla mahnılarda olan mətnsizlikdir. Bütün mahnıların sözləri düzgün qurulmur, hecalar uyğunluk təşkil etmir. Əsərin uğur qazanması üçün sözlər önəmlidir. Məsələn, "Bayatılar, "Züleyxa əsərləri indiyədək dinlənilir. Ancaq sizin "Özümlə mahnısında bir qədər uyğunsuzluq var. "Mən səni özümlə birgə tanıyıb, özümlə bir yerdə səni kəşf etmişəm misralarına diqqət edək. "Səni sözü artıq qeyd olunub. Sualımın məğzi ondan ibarətdir ki, musiqini seçərkən musiqiyə, ya sözlərə diqqət edirsiz?
- Biz detallardan danışsaq, gərək sizinlə kitab yazaq. Mahnı sözlərini məndən soruşmayın. Onu mətn yazarından soruşun. Mənim bir çox musiqilərə yazdığım sözlər var. "Ceyran bala və başqalarını misal çəkə bilərik. Öz mətlərimə cavabdehəm. Detallara varmaq düzgün deyil, biz sizinlə indi ümumi vəziyyətindən danışırıq. Siz "Züleyxa mahnısını nümunə gətirmisiz. Ancaq həmin musiqinin elə də böyük sözləri yoxdur. Sadəcə olaraq türküdür. Bayatılar üzərində qurulub. Elə düşünürəm ki, nümunəni düzgün gətirmirsiz.
Bundan əlavə, mahnını seçərkən sözlərinə də, musiqisinə də diqqət edirəm. Yenə həmin məsələyə qayıdacam. "Mən səni özümlə birgə tanıyıb, özümlə bir yerdə səni kəşf etmişəm misralarında dərin məna var. Siz onu görmək istəsəz, anlayarsız ki, insanlar ilk məhəbbəti ilə bir ömür sürə bilirlər. "Özümlə bir yerdə səni kəşf etmişəm o deməkdir ki, insanlar 1-2 yaşında özünü xatırlamır. Bəlkə də, kimlərsə 4-5 yaşlarında özünü xatırlayır. Məsələn, mən 5 yaşımda baş verənlər yadımdadır. Ancaq elə insanlar var ki, özünü məktəbin 7-ci sinfindən sonra xatırlayır. Misralarda deyilir ki, yəni özümü tanıyan gündən etibarən sən də yanımda olmusan. Və o sevgini o vaxtlar hiss etmişəm. Yəni, özümü xatırladığım gündən səni sevirəm. Çalışdım sizə izah edim.
- Siz nadir hallarda qalmaqallarla gündəmə gəlmisiz. O sənətkardansız ki, sizin adınızı başqaları qalmaqallarda hallandırır. Sizcə birinci, yoxsa ikinci daha çox olur?
- Son zamanlar media və TV-dən uzaq gəzməyimin səbəbi də budur. Xəcalət çəkdiyim bir məqam odur ki, öz həmkarlarına nalayiq sözlər deyirlər. Daha sonra tamaşaçı qarşısında qucaqlaşıb öpüşürlər. Simasızlıq baş alıb gedir və bu, məni çox narahat edir. Bunlar mədəniyyətdən çox uzaq bir amildir. İncəsənət və mədəniyyət başqa bir aləmdir. Əfsuslar olsun ki, bu etik normalara riayət olunmur. Çox ayıb və utanc yaradan bir haldır. Kimsə adımı çəkib gündəmə gəlmək istəyir. O şəxslərin çoxu məni təqlid edən insanlar olub. Musiqi aləminə gətirdiyim yol və xırdalıqlarla evlərinə çörək pulu aparan şəxslərdir. O insanlar kimə qulluq edirsə-¦ Yəqin ki, şeytana qulluq edirlər. Bizim onlarla işimiz olmaz. Hansı formada istəyirlərsə, elə də gündəmə gəlsinlər. Mənim üçün maraqlı deyil. 17-20 il bundan əvvəl böyük səhv edərək bir nəfərə cavab vermişəm. Əslində cavab verməməli idim. O zaman bilmirdim ki, sənət insanları gündəmə gəlmək üçün bir-birilərinə sataşırlar. Daha sonra bildim, alışdım. Kim məndən danışırsa, cavab vermirəm. Hesab edirəm ki, mənim diqqətimi cəlb edəcək şeylər deyil.
- Son dönəmlər Azərbaycanda qadına qarşı zorakılıq halları artıb. Bununla bağlı siz də yəqin ki, yerli mediada çıxan informasiyalardan xəbərdarsız. Sosial şəbəkədə aktiv olan güclü bir qadın kimi sizdən bu məsələlərdə ictimai mövqe gözləyirik. Amma bu, baş vermir. Səbəbi nədir?
- Əlinə qələm alanlara inamsızlıq həddini aşandan sonra demək olar ki, medianı izləmirəm. Təkcə Azərbaycanda yox, dünyada qadına qarşı zorakılıq həmişə olub. İndi getdikcə artmağa başlayıb. Belə hesab edirəm ki, bu məsələ ilə bağlı lazımı orqanlar məşğul olur. Dünyada bu problem baş alıb gedir. Ancaq onlarla müqayisədə bizdə nisbətən azdır. Bir söz deyim ki, həmin problemin aradan qaldırılması üzrə aktiv olmağım çətindir. Çünki həmin şeyi müzakirəyə çıxarırlar, sonu dedi-qodu ilə nəticələnir. Zorakılığa məruz qalmış insanı daha da abırsızlaşdırırlar. Məsələni daha çox açıb ortaya tökürlər, psixoloji olaraq xəstə edirlər. Çalışıram ki, bu müzakirələrdən uzaq gəzim, dedi-qodulara çevrilir və bu məqamdan heç xoşum gəlmir.
- Əlbəttə, ictimai mövqeyinizlə yanaşı şəxsi həyatınız da hər kəsə maraqlıdır. Artıq 25 ildən çoxdur ki, ailəlisiz. Şou aləminin ən uğurlu cütlüklərindənsiz. Hətta Ədalət Hacıyev müsahibəsində qeyd edib ki, sizin ən böyük tənqidçiniz odur. Tənqidə açıq bir xanımsız?
- Mənim tənqidçim ilk növbədə özüm olmuşam. İstəyir zahiri görünüşüm, istəyir daxili aləmim. İlk növbədə söhbət musiqidən getməlidir. Bəzən insan təhqir edir, onun tənqid olduğunu deyirlər. Hər insan öz tərbiyəsi və mədəniyyətinə uyğun yaşayır. Məsələn, bir dəfə idman edib fesybukda paylaşmışdım. Demişdim ki, xanımlar, idman edin, sağlamlığınızı qoruyun. Orada çox tənqid yazdılar. Tənqid çox vaxt rişxənd formasında olur. İnsanlar özlərini təmizə çıxarmaq üçün başqalarını tənqid edirlər. Ancaq Ədalət müəllim çox vaxt özümün özümə etdiyim tənqidləri mənə tənqid edir. Yəni, mən musiqi baxımından özümə nə tənqidlərim olursa, onunku da eyni olur. Mən özüm olduğum atmosferi necə görmüşəmsə, o da demək olar ki, eyni görməyə çalışıb.
- Son zamanlar oğlunuz Cahad barədə yazılara rast gəlirik. Özünüz çox vaxt Türkiyədə qalırsız, sərhədlər oğlunuza nəzarətə maneə olmur?
- Allah bütün övladları saxlasın. Bütün gənclər xoşbəxt olsun, çalışıram ki, onun yanında daha çox olum, diqqət edim. İnsanlar özləri özlərinə nəzarət etməlidir. Biz müəyyən vaxta kimi övladlarımıza tərbiyə veririk, yol göstəririk. Öz ağlına, bacarığına görə yol seçməlidir. Əfsuslar olsun ki, bəzi media orqanları mənim haqqımda dezinformasiya verməkdən yorulmayıb, oğlumun haqqında da yazmağa başlayıblar. Ancaq onlar arasında düzgün yazanlar da var. İstər incəsənət, istər media, istərsə də başqa sahələrdə naşıları daha çox görürük. Savadlılar kənarda qalır, savadsızlar meydan sulayır. Yaxşı media nümayəndələrinə buradan təşəkkürümü bildirirəm.