"Hesab edirəm ki, Azərbaycanda erməni dili daha yüksək səviyyədə tədris olunmalıdır

Bu fikirləri Unikal.org-a Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib. 

O, qeyd edib ki, bu istiqamətdə daha geniş işlərin görülməsinə ehtiyac var: "Azərbaycanda erməni dili Bakı Dövlət və Dillər Universitetlərində tədris olunur. Hesab edirəm ki, bu dil daha yüksək səviyyədə tədris edilməlidir. Sadəcə, ikinci əlavə dil kimi deyil, 1-ci kursdan bütün proqram onun daha dərindən öyrənilməsinə söykənməlidir. Erməni dilindən başqa qədim erməni dili var. Hansı ki, bir çox arxiv materialları həmin dildə yazılıb. Erməni dilinin dialektləri var ki, bəzən bir dialektdə danışan o birini başa düşmür. Bu üzrə də mütəxəssislər olmalıdır. Erməni dili ilə yanaşı, onun ayrı-ayrı sahələri-siyasətşünaslıq, tarixşünaslıq, onun iqtisadi məsələlər bloku və xarici siyasəti ilə bağlı xüsusi mütəxəssislər yetişdirilməlidir. Bu istiqamətdə daha geniş səpkili işlərin görülməsinə ehtiyac duyulur. Bunun üçün Azərbaycanda kifayət qədər potensial, erməni dilli mütəxəssislər və linqafon kabinetləri var. 

Yerevan Dövlət Universitetində Azərbaycaşünaslıq fakultəsi fəaliyyət göstərir. Yaxın günlərdə orada Erməni -Azərbaycan dilində hərbi terminlər lüğəti çap olundu. Bunun özü qonşu dövlətdə Azərbaycan dilinin öyrənilməsinə çox böyük önəm verildiyini göstərir. Ermənistanla biz əbədi olaraq qonşuluq münasibətindəyik. Arzu edərdik ki, bu münasibətlər gərginlikdən stabilliyə keçsin. Ancaq hələ ki bu yoxdur. Buna görə də bu dili dərindən öyrənməyə ehtiyac var.

Həsən Babayev