Bu gün Azərbaycanda sosial layihələrin icrası istiqamətində mühüm işlər görülür və bu işlər sistemli şəkildə davam etdirilməkdədir. Hətta proseslərin daha rahat həll olunması, effektli nəticəsi üçün prezident İlham Əliyev ciddi islahatlara da start verdi və bunun nəticısində daha mükəmməl yanaşma ortaya çıxdı.

Hazırda isə Azərbaycanda bir sıra mühüm layihələr həyata keçirilir. Bunlardan biri də özünüməşğulluq layihəsidir ki, bununla da bağlı mühüm işlər görülüb. Sözsüz ki, bütün bunlar pərakəndə şəkildə həyata keçirilmir və bundan öncə beynəlxalq təşkilatlarla məsləhətləşmələr, müştərək işlər görmək kimi məsələlər də gündəmdə olur. Elə bunun nəticəsidir ki, artıq Azərbaycan BMT ilə də sıx layihələr həyata keçirəcək.

"Azərbaycan Respublikası Hökuməti ilə BMT Əhali Fondu arasında Ölkə Proqramının 2016-2020-ci illər üçün Fəaliyyət Planı imzalanıb. Sənədi Azərbaycan Respublikası Hökuməti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dövlət Statistika Komitəsi imzalayıblar. Qeyd olunan Ölkə Proqramı BMT Əhali Fondu ilə Azərbaycan Hökuməti arasında dördüncü Proqram olmaqla 2016-2020-ci illəri əhatə edir və hökumət, vətəndaş cəmiyyəti, BMT qurumları, digər əsas iştirakçı tərəflərlə birgə müzakirələr şəraitində hazırlanıb. Yeni Ölkə Proqramı Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyasındakı milli inkişaf prioritetlərinə, BMT və Azərbaycan arasında olan Tərəfdaşlıq Çərçivə Sənədinə töhfə vermək, həmin dövr ərzində strateji hədəflərin müəyyən olunması və tədbirlərin həyata keçirilməsi məqsədinə yönəlib. Proqramda Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın, BMT Əhali Fondunun 2014-2017-ci illər üzrə Strateji Planının, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin sağlamlıq və rifah üzrə 3-cü, keyfiyyətli təhsil üzrə 4-cü və gender bərabərliyi üzrə 5-ci hədəfləri rəhbər tutularaq hazırlanıb. "Azərbaycan Respublikası Hökuməti ilə BMT Əhali Fondu arasında Ölkə Proqramının 2016-2020-ci illər üçün Fəaliyyət Planı BMT-nin birgə proqramlaşma və qurumlararası əməkdaşlığın daha dinamik olmasına xidmət edərək, resursların səfərbər olunması və daha çox birgə layihələrin həyata keçirilməsi üçün imkanlar yaradacaqdır. Fəaliyyət Planı üç nəticəyə istiqamətlənib: cinsi və reproduktiv sağlamlıq, gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması, əhalinin dinamikası. Planda bu istiqamətlər üzrə nəzərdə tutulan tədbirlər geniş miqyasda əhatə olunub. Sənəddə ilk növbədə Azərbaycanda əhali və inkişaf sahəsində mövcud vəziyyət təhlil edilir. Bildirilir ki, ölkə dövlət müstəqilliyini yenidən əldə etdikdən sonra qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Konvensiya da daxil olmaqla insan hüquqları sahəsində xeyli sayda beynəlxalq sazişlərə qoşulub. Bərabərlik və ayrı-seçkiliyə dair müddəalar ölkə qanunvericiliyində əksini tapıb. Hökumət Minilliyin İnkişaf Hədəfləri, Əhali və İnkişaf üzrə Beynəlxalq Konfrans kimi müxtəlif beynəlxalq inkişaf platformalarının tövsiyələrini yerinə yetirmək üçün öhdəliklər götürüb. Hər on ildən bir əhalinin siyahıya alınması, demoqrafik və tematik sorğuların keçirilməsi, eləcə də ölüm-doğum qeydiyyat sistemləri vasitəsilə etibarlı sosial-iqtisadi və demoqrafik məlumatların hasil edilməsi sahəsində Azərbaycanda kifayət qədər nailiyyətlər əldə edib. Planda həmçinin üçüncü Ölkə Proqramının (2011-2015) milli prioritetlər və beynəlxalq inkişaf üzrə müvafiq mexanizmlərə yüksək dərəcədə uyğunluğunun müəyyən edildiyi vurğulanır, qiymətləndirmə zamanı cinsi və reproduktiv sağlamlıq, hüquqlar, əhalinin sayının dinamikası və s. sahələr üzrə qeydə alınmış əsas nailiyyətlər diqqətə çatdırılır.Ümumilikdə qeyd olunan Fəaliyyət Planında yeniyetmələr, gənclər və əhalinin həssas qrupları diqqət mərkəzində olmaqla inteqrasiya edilmiş cinsi və reproduktiv sağlamlıq xidmətlərini təmin etmək məqsədilə hüquqi və siyasi mexanizmlərin gücləndirilməsi, gender bərabərliyi və reproduktiv hüquqlar üzrə insan hüquqları sahəsində beynəlxalq mexanizmlərə uyğunluğu monitorinq etmək üçün milli bacarıqların inkişaf etdirilməsinin dəstəklənməsi tədbirləri əhatə olunub. Həmçinin əhalinin dinamikası proseslərinin cinsi və reproduktiv sağlamlıq və hüquqlarla qarşılıqlı əlaqələrinə dair dəlilləri özündə əks etdirən, eyni zamanda şəffaf və insan hüquqlarına əsaslanan proqramların hazırlanması və həyata keçirilməsi prosesini dəstəkləmək məqsədilə milli institusional potensialın təkmilləşdirilməsi fəaliyyət istiqamətləri sırasında qeyd olunur.
O da bildirilir ki, BMT Əhali Fondu demoqrafiya üzrə müvafiq milli prioritetlər əsasında ölkədə əhali ilə əlaqədar proqram və siyasətlərin planlaşdırılması, həyata keçirilməsi, inkişaf etdirilməsi və monitorinqin aparılmasında ələqaləndirici qurum olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığını davam etdirəcək. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının davamı kimi, BMT Əhali Fondunun dəstəyi ilə ölkədə bu sahədə 2025-ci ilədək olan dövr üçün strategiyanı müəyyənləşdirən yeni Dövlət Proqramının layihəsi hazırlanıb. Bu Dövlət Proqramı qəbul olunduqdan sonra ekspertiza və texniki yardım göstərilməsi vasitəsilə BMT Əhali Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və müvafiq maraqlı tərəflərlə əməkdaşlıq edəcək. Fəaliyyət Planında görüləcək işlərlə bağlı Tərəfdaşlıq Strategiyası qeyd olunub, monitorinq və qiymətləndirmənin, Proqram idarəçiliyinin həyata keçirlməsi məsələləri, qarşılıqlı öhdəliklər əksini tapıb.
Gördüyünüz kimi bütün layihələr düşünülmüş şəkildə həyata keçirilir və praqmatik addımlarla yanaşı, nəzəri bilgilər də əsas götürülür. Bu baxımdan son illər prezident İlham Əliyevin təşəbbüsü ilə nazirlərin bölgələrə səfər etməsi və problemləri yerindəcə dəyərləndirmələri də sosial problemlərin həllinə ciddi təsir edir. Bu bxımdan Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun regionlara səfəri də xüsusi əhəmiyyət daşıyır. Sonuncu dəfə nazir Səlim Müslümov Sumqayıt şəhərində bu şəhərin və Abşeron, Xızı, Qubadlı rayonlarının sakinləri ilə görüşüb. Görüşdə vətəndaşların imtiyazlı kateqoriyalara aid şəxslərin dövlət büdcəsi hesabına mənzillə, bərpa müalicəsi xidməti və reabilitasiya vasitələri ilə təmin edilməsi, məşğulluq, əmək hüquqlarının müdafiəsi, pensiya və digər sosial təminat növlərinə hüququn müəyyən olunması, özünüməşğulluq proqramına cəlb olunma, sosial sığorta münasibətləri və s. məsələlərlə əlaqədar müraciətlər dinlənilib. Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə bütün müraciətlər araşdırılaraq cavablandırılıb, sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara qanunvericiliyə uyğun izahatlar verilib. Müraciətlərin cavablandırılması zamanı S.Müslümov bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqları əsasında görülən işlər çərçivəsində ötən il 300 nəfərə yaxın Qarabağ müharibəsi əlili və şəhid ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müasir tələblərə uyğun inşa olunmuş mənzillərlə təmin edilib: "O cümlədən keçən il Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 64 mənzil bu təbəqələrdən olanlara təqdim olunub. Son illərdə Sumqayıt şəhərində də müvafiq işlər aparılıb. Xızı rayonunda isə hazırda həmin insanlar üçün 2 fərdi ev inşa olunur. Qəbula gələn vətəndaşlardan bir qisminin işlə təmin olunmaq üçün etdiyi müraciətlərlə bağlı yerindəcə tədbirlər görülüb, onlara yaşadıqları ərazi üzrə boş (vakant) iş yerləri təklif edilib, seçimlərinə əsasən vakant iş yerlərində məşğulluqlarının təmin edilməsi üçün onlara göndərişlər verilib.
S.Müslümov 2016-cı ildə nazirliyin məşğulluq orqanları tərəfindən əvvəlki illə müqayisədə 2 dəfədən çox, yəni 56 631 nəfər münasib işlə təmin olunduğunu qeyd edib: "Onlardan 3 805 nəfəri Sumqayıt şəhərinin, Abşeron, Xızı, Qubadlı rayonlarının sakinləri olub. Habelə bu dörd rayon üzrə keçən il 144 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Hazırda cənab Prezidentin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən aztəminatlı ailələrin özünüməşğulluğuna şərait yaradılması üçün belə ailələrə dəstək qismində lazımi aktivlər alınıb verilir. Bu məqsədlə son günlərdə artıq 79 ailəyə öz fərdi təsərrüfatlarını, bizneslərini yaratmaq üçün mal və materiallar təqdim olunub. Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı rayonları üzrə də 122 nəfər proqram çərçivəsində biznesin təşkili ilə bağlı iki aylıq kurslara cəlb edilib. Kursları bitirdikdən sonra qiymətləndirmə zamanı onlardan 94 nəfərinin biznes-planları müsbət dəyərləndirilib. Yaxın günlərdə onlara da ailə bizneslərini qurmaları üçün aktivlər alınıb veriləcək.
Ayrı-ayrı vətəndaşların bərpa müalicəsi xidməti və reabilitasiya vasitələri ilə təmin edilmələri, peşə hazırlığına cəlb olunmaları və s. ilə bağlı tapşırıqlar verilib. Vətəndaşlar ölkədə sosial məsələlərin həlli və rifah halının yaxşılaşdırılması sahəsində aparılan işlərə, eyni zamanda vətəndaşların məşğulluq imkanlarının artırılması yönündə həyata keçirilən tədbirlərə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar həmçinin əmək və sosial müdafiə sahələrində xidmətlərin heç bir məmur-vətəndaş təmasları mümkün olmadan, elektron müstəvidə şəffaflaşdırılmasından razılıqlarını bildiriblər.
Vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətləri aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
E.Əliyev