Dünəndən başlayaraq banklarda yenidən dollara tələbin azalması müşahidə edilir. Bu isə özünü valyuta məzənnəsində göstərməkdədir. 2 gün öncə 1 dolları 1.80 manata alan banklar bu gündən həmin məzənnəyə satış edirlər. Yəni, dolların satış kursu 1.80 manat müəyyənləşdirilib. Bu isə o deməkdir ki, rəsmi məzənnə dəyişməsə də belə, son 2 gündə banklarda dollar ucuzlaşıb.
Unikal.org xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
O vurğulayıb ki, banklar bunu son 2 gündə dollar alanların sayının azalması ilə izah edirlər:
"Valyuta bazarındakı mövcud vəziyyəti nəzərə alsaq bu gün banklar hərraca daha az dollar sifarişi ilə getməlidirlər. Amma bu belə olacaqmı? Müdaxilə olmadığı halda valyuta bazarının qaydaları bunu tələb edir. Amma təəssüf ki, bankların spekulyativ müdaxilələri həm yığımlara, həm də xarici valyutaya tələbə təsir göstərməkdədir. Bu baxımdan, bu günki hərracın nəticələri eyni zamanda valyuta bazarının sifarişlərə necə təsir edəcəyini də göstərəcək. Bununla belə, öncədən proqnozlaşdırdığımız kimi, dollara tələbin mart ayında yenidən artacağı gözlənilir".