Musa Quliyev: "Son dövrlər imzalanan sərəncamlar onu göstərir ki, Azərbaycan əhalisinin sosial müdafiəsi ölkənin daxili siyasətinin prioritet istiqamətlərindən biridir və dövlət başçısının daim diqqətindədir

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev ölkədə həyata keçirilən sosial siyasətlə bağlı "Unikala müsahibə verib. Millət vəkili aztəminatlı ailələr, pensiyaçılar və digər kateqoriyalardan olan vətəndaşlara yönəlik siyasətin detallarından danışıb.

-Musa müəllim, uzun illərdir ki, ölkədə sosial qayğıya ehtiyacı olan vətəndaşların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Artıq 2017-ci ilin ilk aylarını yaşayırıq. Hökumətin hazırkı sosial siyasətini və görülən işləri necə qiymətləndirirsiniz?

-Hökumət hər zaman sosial qayğıya ehtiyacı olan vətəndaşlarının problemlərinin həlli üçün nə lazımdırsa, edib. Azərbaycan vətəndaşlarının sosial müdafiəsi cənab prezidentin hər zaman diqqət mərkəzində olmaqla yanaşı, qayğısı ilə də əhatə olunub. Ölkə başçısı davamlı olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün addımlar atır. Bu addımlardan biri də bir müddət öncə minimum əmək haqlarının, yaşayış minimumunun artırılması ilə bağlı oldu. Dövlət başçısının imzaladığı son sərəncamlara əsasən, minimum əmək haqları 11 faiz, yaşayış minimumu isə 105 manatdan 116 manata qaldırılıb.

-Sizcə, bu artımlar mövcud duruma nə dərəcədə adekvatdır?

-İnflyasiyanın bir rəqəmli olacağı nəzərə alındıqda sözügedən artımların inflyasiya göstəricilərindən daha yüksək olduğunu görmək mümkündür. Bundan başqa ölkə başçısının ötən ilin oktyabr ayında imzaladığı fərman və sərəncamlara əsasən 11 istiqamət üzrə "Strateji Yol Xəritələri icraya yönəldilib ki, bu da post-neft dövrü olan Azərbaycan iqtisadiyyatının güclənməsinə, əhalinin daha keyfiyyətli xidmət alması, eləcə də bir sıra sosial problemlərinin həllinə yönələn addımlardır. Ötən ilin sonunda ölkə başçısı Azərbaycanda ilk sosial evlərin təməlqoyma mərasimində iştirak etdi və bu il içərisində 2 min mənzil tikilərək aztəminatlı ailələrə veriləcək.

-Pensiyaların artımı barədə nə deyə bilərsiniz?

- Dövlət başçısının pensiyaların sığorta hissələrinin artırılması ilə bağlı sərəncamı haqqında da yüksək fikirdəyəm. Hesab edirəm ki, bundan sonrakı dövrlərdə də istər əmək haqlarının, istər pensiya və müavinətlərin artırılmasının şahidi olacağıq. Yeni iş yerlərinin açılması da Azərbaycan Prezidentinin prioritet istiqamətlərindən biridir və bu il 100 mindən çox yeni iş yerlərinin açılması nəzərdə tutulub ki, onların da əksəriyyəti regionlarda aqrar sektora aiddir. Bu, Azərbaycan xalqının həm məşğulluğunu təmin edəcək, həm əhalinin gəlir əldə etmək imkanlarını genişləndirəcək ki, bu da onların sosial müdafiəsini təmin etmiş olacaq.

-Ümumiyyətlə, sosial sahələrə ayrılan vəsaitləri qaneedici saymaq olarmı?

-Sevindirici haldır ki, ümumilikdə dünyada baş verən maliyyə iqtisadi böhrana, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq Azərbaycanın builki büdcəsinin 40 faizi sosial xərclərə ayrılması və digər tədbirlər də onu göstərir ki, Azərbaycan prezidentinin daxili siyasətində sosial müdafiə əhalinin sosial rifah halının gücləndirilməsi prioritet istiqamətdir və bu siyasət bundan sonra da davam edəcək.

-Musa müəllim, bildiyiniz kimi, Prezident İlham Əliyev əhalinin 18 yaşdan yuxarı kəsiminin hər il tibbi müayinədən keçməsi ilə bağlı göstəriş verib. Apardığımız sorğularda insanlar bildirirlər ki, tibbi müayinədən keçmirlər, bununla bağlı müəyyən problemlər yaranır...

-Orada xəstələrin dəqiq uçotu aparılır. Müayinə olunanların adı, soyadı, pasport məlumatları yazılır, aşkar olunan xəstəliklərin siyahısı çıxarılır, həmin xəstəliklərlə bağlı tədbirlər görülür. Bu müayinənin aparılması üçün lazım olan müəyyən analizlərin, rentgen müayinəsinin və başqa instrumental müayinələrin hamısının qeydiyyatı gedir. Burada saxta məlumatlar ola bilməz. İnsanların çoxunun tibbi müayinədən keçəməsinin yalan olması fikrini qəbul etmirəm. Ola bilsin, sizin apardığınız sorğularda iştirak edən adamlar tibbi müayinəyə cəlb olunmayıb. Sizin nə qədər insan arasında bu sorğunu aparmağınız vacib məqamdır. Bunun dəqiqliyini müəyyən etmək o qədər də asan deyil. Yaxşı olar ki, Siz poliklinikalarla, onların baş həkimləri ilə əlaqə saxlayın, soruşun. Jurnalist kimi gedib dispanzerizasiya günlərində iştirak edə bilərsiniz. Özünüz şahidi olarsınız ki, bu müayinələr həqiqətən də aparılır və heç bir problem yoxdur. Çünki, bu, çox ciddi məsələdir. Hər hansı bir xəstəliyin aşkar edilməsi onun müalicəsi, profilaktikası və sair işlərin aparılması üçün cənab prezidentin göstərişi, Nazirlər Kabinetinin, Səhiyyə Nazirliyinin nəzarəti var. Bu boyda nəzarətlərin altında inanmıram kimsə desin ki, bu işlər aparılmır. Dispanzerizasiya könüllüdür. Kimsə evindən zorla gətirilmir. İnsanlar ya müxtəlif təbliğat işi ilə, ya da sahə tibb bacılarının xəbərdarlıqları ilə müayinələrə cəlb edilir. Bununla bağlı sahə tibb bacıları şəxsən bizim binaya, evə gəlmişdilər. Biz vaxtaşırı müayinə olunuruq və müayinə nəticələrini də göndəririk. Bizim binaya gəlirlərsə, deməli, başqa binalara da gedirlər. Məktəblərdə uşaqlara göndərişlər verirlər ki, müayinədən keçsinlər. Çağırış qabağı oğlan uşaqlarının kompleks müayinəsi keçirilir. Ola bilər ki, bu müayinə tam olaraq hamını əhatə etməyib.

-Bəlkə Sizin orada yaşadığınızı bilirlər deyə gəlirlər?

-Ola bilər ki, bizim bina məşhurdur. Ancaq şəxsən mənə görə gəlmirlər. Çünki poliklinikanın müdiri və həkimlərlə əlaqəmiz var. Binaya gəldilər və bizim mənzilə də dəvətnamə buraxdılar ki, bu tarixdə müayinədən keçək. Uşaqların məktəblərində bu iş təşkil ounur. Məktəblərdə müayinədən keçməyənlərin valideyinlərinə zəng vurub onların dərsə buraxılmayacaqlarını deyirlər. Amma böyükləri kimsə məcburi şəkildə müayinəyə apara bilməz. Qanuna görə vətəndaş istədiyi həkimi və tibb müəssisəsini seçmək hüququna malikdir. Ola bilsin ki, o qeydiyyatda olduğu poliklinkada yox, hansısa özəl tibb müəssisəsində müayinə olunur. Bu sənədlər toplanır və sonda bir statistika açıqlanır.

-Səhiyyə ilə bağlı ən çox şikayətlər hansı sahədəndir?

-Son dövrlərdə şikayətlər azalıb. Bizə daxil olan müraciətlərin çoxu kömək məqsədi ilədir. Yəni ,bahalı əməliyyatların təşkili ilə bağlı şikayətlər var. İnsanlar bildirirlər ki, maddi imkanları yoxdur. Açıq ürək əməliyyatları, qara ciyər, böyrək köçürülməsi ilə bağlı müraciətlər olur. Əvvəlki illərdə diaqnozun düzgün yazılmaması, göndərişlərin verilməməsi ilə bağlı şikayət olurdu. Hazırda belə hallar yoxdur.

-Səhiyyə ilə bağlı bundan sonra hansı yeniliklər gözlənilir.

-Səhiyyə ilə bağlı yeniliklər çoxdur. Tibb təhsilinin rezidentura pilləsinin yaradılması bizim səhiyyə sistemində böyük bir inqilabdır. Sertfikatlaşma imtahanlarının verilməsi tam ciddi şəkildə, şəffaf formada həyata keçirilir. Əvvəllər tanışlar üçün qeyri-rəmi şəkildə xahiş edəndə köməklik olunurdu. Yaxın zamanda yaxın qohum üçün iki dəfə zəng vurdum, nazirliyin aparat rəhbəri Zəkiyyə Mustafayeva mənə bildirdi ki, nazir yaxın qohumu olsa belə sertifkat imatahanında güzəşt olunmaması ilə bağlı göstəriş verib. Çünki bu imatahanı verəndən sonra o həkim gedib Azərbaycan vətəndaşına xidmət etməlidir. Müasir tibb texnologiyasının yenilikləri barədə məlumatlı olmayandan, müasir diaqnostikanı bilməyəndən sonra o həkim cəllada çevrilir. Mən də cavab olaraq dedim ki, bundan sonra bu məsələ ilə bağlı bir daha xahiş etməyəcəyəm. Səhiyyə Nazirliyi ilə yüksək səviyyədə münasibətlərimiz var. İşgüzar konsultasiyalar da veririk. Mənə bu şəkildə cavab verildisə, deməli, burada çox ciddi nəzarət var. Bizdə tibbi sığorta ilə bağlı qanunvericiliyə dəyişikliklər nəzərdə tutulur. Azərbaycanda ailə həkimi institutu yaradılacaq. Bu da mühüm addımlardan biridir. Biz səhiyyəmizin maddi-texniki bazasını kifayət qədər gücləndirmişik. Amma rayonlarda hər əməliyyatı edə biləcək kifayət qədər kadrlarımız yoxdur. Yəqin ki, ixtisaslaşma ilə bağlı vacib işlər görülə bilər. Şəxs rezidenturaya daxil olarkən dövlət o insanlarla müqavilə bağlayacaq. Misalçün, müqavilədə göstərilir ki, iki ay ərzində hansısa rayonda işləməlidir. Ümumən səhiyyədə islahatlar gedir, yaxşı həkimlərimiz var.

-Həkimlərin maaşlarının artırılması məsələsi nədənsə gündəmə gətirilmir...

-İcbari tibbi sığortaya keçməmiş maaşı artırmağın mənası yoxdur. Büdcə də o yükün altına girə bilməz. Tibbi sığortanın tətbiqindən sonra yaxşı həkim daha çox xidmət göstərəcək, yaxşı da maaş alacaq. Yaxşı olmayan həkim də məcbur olacaq ya ixtisasını dəyişəcək, ya da bilik və bacarıq səviyyəsini artırmaq məcburiyyətində qalacaq.

-Musa müəllim, aztəminatlı, eləcə də çoxuşaqlı ailələrə yardım siyasətini necə dəyərləndirirsiz?

-Bildiyiniz kimi, dövlət 5-dən çox uşağı olan ailələrə hər bir uşaq üçün müavinət verir. Bu məbləğ 30 manat civarındadır. Artıq bu məsələ qanunla qüvvəyə minib. Hökumət tərəfindən analara bir çox güzəştlər və sosial yardımlar edilir. Bundan başqa digər aztəminatlı ailələrə də ünvanlı sosial yardımlar verilir. Aztəminatlı ailələr üçün hazırda sosial yardımlar olunmaqdadır, lakin məbləğin artırılması ilə bağlı hər hansı məsələ hələ ki gündəmdə deyil. Əgər ailə çox kasıbdırsa, onların aylıq gəliri yaşayış minimumundan aşağıdırsa həmin ailənin ünvanlı sosial yardım almaq hüququ var. Məbləğlərin artırılması məsələsi hökumətin səlahiyyətində olan məsələdir. Dövlət əhalinin sosial müdafiəsini daim diqqət mərkəzində saxlayır.
Prezidentimiz hər zaman bu məsələlərə həssas yanaşır. Son dövrlər imzalanan sərəncamlar onu göstərir ki, Azərbaycan əhalisinin sosial müdafiəsi ölkənin daxili siyasətinin prioritet istiqamətlərindən biridir və dövlət başçısının daimi diqqətindədir. Dünyada iqtisadi böhranın olduğu dövrdə Azərbaycanda minimum əmək haqqının və pensiyaların artırılması təqdirəlayiq haldır və Prezidentin daim öz xalqının qayğısına qalmasının göstəricisidir. Düşünürəm ki, biz gələcəkdə də bu addımların davamını görəcəyik və Azərbaycan vətəndaşları, xüsusilə aztəminatlı insanlar dövlətin qayğısı ilə tam əhatə olunacaq.


Z.Məmmədli