Unikal.org əməkdar artist, tanınmış aktrisa Kəmalə Müzəffərin milli.az-a istinadən müsahibəsini təqdim edir.
Məlumata görə tanınmış aktrisa, əməkdar artist Kəmalə Müzəffər "Vicdan haqqı" serialını tərk edib. Xəbərin nə dərəcədə doğru olub-olmadığını bilmək üçün ekran işinin rejissoru Rövşən İsaxla əlaqə saxladıq. Rejissor açıqlamasında serialın qarşıdakı bölümlərində baş verəcək hadisəni mətbuatla bölüşmək istəmədiyini əsas gətirərək yayılan xəbəri nə təsdiq, nə də ki təkzib etdi. Serialda Dilarə obrazını canlandıran aktrisa Kəmalə Müzəffərlə əlaqə saxlayıb bu və digər məsələlərə aydınlıq gətirdik.
- Kəmalə xanım, bir müddət öncə səhhətinizdə problem yaşadınız. Hazırda özünüzü necə hiss edirsiniz?
- Oktyabr ayında üzümdə yaranmış çapıqla bağlı əməliyyat keçirdim. Dekabrın sonunda artıq çox yaxşı idim. Hazırda da çox şükür olsun ki, yaxşıyam.
- Bu hallarda insan dost və düşmənini yaxşı tanıyır. Siz daha çox hansını tanıdınız?
- İnanın ki, düşmənim yoxdur. Hətta mənimlə düşmənçilik edən bir insan da mənim üçün düşmən deyil. Mən onu dosta çevirməyi yaxşı bacarıram. İnsanlar mənə nə pislik edirlər etsinlər, mən onlara düşmən gözü ilə baxmıram.
- Kəmalə xanım, gününüz necə keçir?
- Teatrda hazırda bir tamaşa hazırlanır, orada baş roldayam. Səhərdən axşama kimi tamaşa ilə məşğul oluram sonra isə evə gəlirəm, evdəki qayğılar və idmanla məşğul oluram.
- "Vicdan haqqı" serialını yaddan çıxardınız. Yəqin ki, çəkiliş yorğunluğundandır. Olmaya serialı tərk etmək xəbəriniz doğrudur?
- Xeyr, "Vicdan haqqı" serialında artıq çəkilmirəm. Bu serial mənim üçün dekabr ayından dayanıb. Artıq Kəmalə Müzəffər "Vicdan haqqı" serialında, Dilarə obrazında tamaşaçıların qarşısında olmayacaq.
- Bu, yəqin ki, sizin xəstəliyinizlə əlaqəlidir. Çünki sosial şəbəkələrdə xəstəliyiniz ucbatından serialı tərk etdiyiniz deyilir.
- Xeyr, mən artıq çoxdan sağalmışam. Bu, xəstəliyimlə əlaqəli deyil. Düzdü, sosial şəbəkələrdə yazılan şərhləri mən də görürəm, amma əmin olun ki, xəstəliyimlə bağlı serialı tərk etməmişəm.
- Bu, rejissorun istəyi ilə oldu, yoxsa özünüz tərk etdiniz?
- Xeyr, mən tərk etməmişəm.
- Ssenaridə Dilarə obrazının evi tərk etdiyi deyilir.
- Bəli, ssenari belə yazılmışdı ki, Dilarə evi tərk edir. Mən o səhnəyə çəkiləndən sonra nə yazılan ssenaridən, nə də çəkiliş qruppasından xəbərim olmayıb. Dilarənin sonrakı taleyi necə olacaq, onu bilmirəm. Ola bilsin ki, başqa bir aktrisa bu rolu oynayacaq, onu da deyə bilmərəm. Ola bilər ki, heç kim gəlməyəcək, sadəcə, xəbər çıxacaq ki, Dilarə intihar edib. Yəni ki, bilmirəm, heç nədən xəbərim yoxdur.
- Ssenaridən və çəkiliş heyətindən xəbəriniz olmadığından belə qərara gəlmək olarmı mübahisəniz düşüb?
-Sözün düzü, mən heç kimlə mübahisə etmirəm, sadəcə, ehtimaldan doğan ittihamlara qulas asıb, üzümü çevirib gedirəm. Bir daha geri qayıtmıram. Bunu, ümumiyyətlə, deyirəm. Məncə, bu sualı qarşı tərəfə versəniz, daha yaxşı olar.
- Biz Rövşən İsaxla əlaqə saxladıq, o, bu barədə heç bir söz söyləmədi.
- Bu, onun haqqıdır.
- Bəs sizin haqqınız nədir?
- Danışmaqda mənim haqqımdır.
- Bəs 3 aydır niyə danışmırsız?
- Mən sizə düzünü deyəcəyəm. Deməli, 2 həftədir ki, mən Feysbuk səhifəmi məcburiyyətdən bağlamışam. İnstaqram hesabıma isə mesaj əlindən daxil ola bilmirəm. Çünki insanlar yüzlərlə yox, minlərlə mənə məktub yazırlar. Bu son günlərdə bir məktub o qədər ürəyimi ağrıtdı ki, bilmədim nə deyim. Bir tamaşaçı belə bir cümlə yazmışdı: "İnsanlar rəsmən sizə yalvarır, Kəmalə xanım, mümkündüsə bizə bir məlumat verin". Allah təlanın insana sevgisi olmasa, insan bir addım belə ata bilməz. Eləcə də tamaşaçıların sevgisi olmasa, biz bir pillə də yüksələ bilmərik. İnsanlar dayanmadan mənə yalvarırlar, məndən xahiş edir, çoxusu isə əmr edir ki, açıqlama verim ki, Dilarənin taleyi necə olacaq? Mən fikirləşdim ki, hər kəsə tək-tək cavab vermək doğru deyil, siz məndən müsahibə istəyəndə mən razı oldum. Çünki çəkilməsəm də, çəkildiyim seriyalar efirdə gedirdi. Mən insanların bu qədər məktub yazacaqlarını belə gözləmirdim. Çəkilməsəm də, öz işimlə, teatrla, digər çəkilişlərimlə məşğul idim. İnanın 2 həftədir mən həm tamaşaçılardan, həm də jurnalistlərdən gizlənmək məcburiyyətində qalmışdım. Bəli, Dilarə obrazını mən oynamıram və bu, mənim öz xoşumla olmayıb. 3 aydır susurdum, bəli, çünki ağlıma da gəlmirdi ki, serialda çəkilməyəndə insanlar bu dərəcədə Dilarə ilə maraqlanacaqlar. Heç, ümumiyyətlə, bu barədə fikirləşmirdim. Bəli, dəvət ediblər getmişəm, çəkilmişəm. Bu, mənim üçün böyük bir problem deyil. Sadəcə, 2 həftədir serialda yoxam və insanların mənə qarşı olan bu sevgisinə informasiya verməyib, susa bilmərəm.
- Deməli, mübahisə yaranıb və serialdan uzaqlaşmısız. Düz başa düşdüm?
- Allah şahiddir ki, mən mübahisə, hörmətsizlik etməmişəm. Öz xanımlığımı və qürurumu sona qədər qoruyub saxlamışam. Sadəcə, ehtimaldan doğan ittihamlara qulaq asandan sonra üzümü çevirib getmişəm. Mən serialımıza baxan azərbaycanlılardan və ən əsası da Azərbaycan xanımlarından üzr istəyirəm ki, onların Dilarəyə olan sevgisini bir acı taleylə bitirdilər. Amma ola bilər ki, başqa aktrisa gəlsin və oynasın.
- Deməli, səbəbləri açıqlamaq istəmirsiz. Heç darıxırsınız Dilarə üçün?
- Səbəbləri açıqlamağa bir lüzum yoxdur. Bu, bizim mətxəbimizdir. Sözün düzü, deyim ki, heç darıxmamışam da. Bu da oynadığım rollardan biridir. Əgər taleyi belə bitərsə, buna, həqiqətən də, üzülürəm. Dilarənin taleyi belə bitə bilməzdi. Gəlin fikirləşək ki, Dilarə bir ildən sonra kimin yaddaşında qalacaq? Bu gün mənim üçün, sabah bir başqası üçün, zaman gələcək bütün aktyorlar üçün bu serial bitəcək. Hər bir şeyin sonu var. Buna görə üzülməyə heç dəyməz.
- Serialın digər aktyor heyəti ilə münasibətiniz necədir?
- Hər bir aktyora böyük hörmətim və sevgim var. Elə indi də hamısı ilə münasibətim yaxşıdır, burdan onlara uğurlar arzu edirəm.
- Sizə görə seriala baxanlar çox idi. Serialdan getməyinizlə böyük bir tamaşaçı kütləsini arxanızca aparacağınıza əminsiz?
- İnanmıram, reytinqlər düşsün. Mən olmasam da, orada çox güclü aktyor heyəti var. Elxan Yunis, Hicran Nəsirova kimi sənətkarlar qoymazlar ki, reytinq düşsün. Tamaşaçılara da demək istəyirəm ki, heç üzülməsinlər, seriala necə baxıblarsa eləcə də baxsınlar. Hər kəsi "Vicdan haqqı" serialına baxmağı dəvət edirəm, hər birinizə uğurlar olsun, sizin Kəmalə Müzəffər.